İyulun 20-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub.
Millitv.az AZƏRTAC-a istinadən bildirir ki, Milli Assambleyanın binasının önündə dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Fransua de Rüji qarşıladı.
Dövlətimizin başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev və Milli Assambleyanın sədri Fransua de Rüji birgə foto çəkdirdilər.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin Fransaya bu səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Dövlətimizin başçısı Fransaya bu səfəri çərçivəsində bir çox şirkətlərin rəhbərləri ilə görüşlərini qeyd etdi, Azərbaycan ilə Fransa arasındakı uğurlu əməkdaşlığın həmin şirkətlərlə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını dedi.
Prezident İlham Əliyev Azərbaycan ilə Fransanın 15 şəhərinin qardaşlaşdığını qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir və regionlar arasındakı təmasların inkişaf etməsinə imkanlar açır.
Görüşdə, həmçinin Azərbaycan-Fransa əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından önəmi qeyd edildi.
Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı, bu sahələrdə gələcək layihələrin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanın Fransada daha geniş tanıdılması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyi vurğulandı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldı.