Bakı Atatürk Liseyinin 2c sinif şagirdlərinin valideynləri bu liseyin rəhbərliyindən və ümumiyyətlə burdakı şəraitdən şikayət edirlər.
Valideynlər adından Nərmin Abbasovanın “AzPolitika.info”-ya göndərdiyi şikayət məktubunda bildirilir ki, övladlarının təhsil aldığı 2c sinfininsinif müəlliminin liseylə müqaviləsi bitib,lakin rəhbərlik heç bir əsaslı səbəb göstərmədən müəllimlə müqaviləni uzatmaqdan imtina edir. Bu isə həm uşaqların, həm də valideynlərin narazılığına səbəb olub. Onlar bununla bağlı liseyin direktoruna, həmçinin liseyin himayədarı olan vəqfin rəhbərliyinə dəfələrlə müraciətlər etsələr də, nəticəsi olmayıb.
N.Abbasova yazır: “Övladlarımız 2 ildir Atatürk Liseyində təhsil alırlar. Lakin bu il sinif müəlliminin 2 illik müqaviləsi bitib. Müqavilə daha 2 illik yenilənməli olduğu halda yenilənmir. Hamımız yaxşı bilirik ki, ibtidai təhsil uşaqların həyatında, təhsilində çox önəmli bir mərhələdir. İbtidai təhsil 4 illik olduğu üçün müəllimlə müqavilə də ən azı 4 illik bağlanmalıdır. Lakin 2 illik bağlanıb və uzatmaq da istəmirlər. Biz övladlarımızın yarı yolda müəllim dəyişdirərək psixoloji rahatsızlıq keçirməmələri üçün dəfələrlə liseyin rəhbəri Eylem xanıma, liseyi himayə edən vəqfin rəhbərliyinə müəllimimizlə müqavilənin uzadılması barədə müraciətlər etsək də, müsbət cavab almamışıq. Onsuz da bir valideyn kimi bizi bu liseydə narahat edən çox şeylər var. Dəfələrlə liseyin müdiri Eylem xanımdan hörmətsizlik görmüşük. Məktəbin akt zalı, idman zalı, uşaqların oynaya biləcəyi meydançası, kompüter otağı yoxdur. Bunlar barədə valideynlər əvvəlcədən məlumatlandırılmayıb. Liseyin bu qədər problemi olduğu halda Eylem xanım təhsil haqqını da artırdı və tez ödənməsi üçün bizə sıxışdırır. Bütün bu çətinliklərə baxmayaraq, biz, uşaqlarımız sevdikləri müəllimdən ayrılmasın deyə, dirəndik. Amma lisey rəhbərliyi inad edir və müəllimlə müqaviləni yeniləmir.
Biz, “Bir millət-iki dövlət” deyib uşaqlarımızı türk liseyinə etibar etdik. Bu məsələdə səlahiyyəti, hökmü olan hər kəsdən bir daha rica edirik ki, onlara əmanət etdiyimiz uşaqlarımızın psixologiyasını, təhsilini və gələcəyini düşünsünlər. Övladlarımızı çox sevdikləri müəllimlərindən ayırmasınlar! Belə problemlərlə qarşılaşacağımızı düşünməmişdik. Yoxsa əvvəldən buranı seçməzdik…”