Bakının məşhur klinikalarından olan “EGE Hospital”ın kardiocərrahiyyə şöbəsində ağlasığmaz hadisə baş verib.
Klinikanın kardiocərrahı Ülvi Mirzoyev 67 yaşlı Əliyəsər Xasməmmədovun səhv əməliyyat nəticəsində ölümü və həkimlik etikasına sığmayan hərəkətlərinə görə ailəsi tərəfindən günahlandırılır.
Mərhumun ailə üzvlərinin şikayətini olduğu kimi təqdim edirik:
“İyunun 24-də atamızı ürəyində narahatlığı ilə bağlı “EGE Hospital”a – Ülvi Mirzoyevin qəbuluna apardıq. Guya bu həkim adlı-sanlı, stent qoymaq üzrə peşəkar həkim idi. Atamı dərhal Anju (angioqrafiya) etdirən həkim çıxıb dedi ki, 98% damarları tıxanıb, bunu belə qoymaq olmaz. İmkan varsa, elə bu gün stent qoyaq, xəstəni ikinci dəfə incitməyək.
Biz razılaşdıq, sonra həkim dedi ki, atanıza 6 stent qoyulmalıdır, 10 min manat edir. Biz təəccübləndik ki, bir dəfəyə bu qədər stent olarmı? Dedi, hətta 8-ni birdən qoyduğumuz xəstə olub. İnandıq. Pulu gətirdik.
3 gündən sonra atam evə yazıldı, 4-cü gecə onun ürəyi tutdu. Təcili yardım çağırdıq, onlar da təəccübləndilər ki, 6 stenti birdəfəyə niyə qoyublar. Olmaz axı.
Atamı heç yerə aparmadılar. Səhər öz ayağı ilə Ülvinin yanına getdi. Kassada 1500 manat yenidən ödəyib, Ülvi baxıb deyib ki, təcili açıq ürək əməliyyatı lazımdır.
Həkim anama sənədlər gətirib ki, əməliyyata razılıq verməsi ilə bağlı imza atsın. Anam deyib, qoy xəstəni görüm, sonra. İstəyib atamla məsləhətləşsin, ya görsün vəziyyəti necədir.
Həmin an həkim əməliyyatxanaya qayıdıb, 3 dəqiqəyə geri gəlib ki, xəstə öldü.
Deməli, bu vicdansızlar anama sənədə qol çəkdirib, pulu da alıb, ölmüş adamı guya əməliyyat edəcəkdi, sonra da deyəcəkdi, əməliyyatdan çıxmadı.
Xəbər ailəmizə çatanda klinikaya getdik, Ülvi maşınına minib qaçmışdı.
Biz başımızı itirmişdik, hələ meyiti təhvil almamışdıq. Bizə dedilər ki, Ülvi öz cibindən 200 manat verib, atamın meyitini təcili yardımla məscidə – yuyub, kəfənləməyə göndərib. Ordan da tapşırıb ki, rayona apararsız.
Biz bunu eşidəndə dəli olduq. Axı kim icazə verib ki, klinika ailəsinin izni, xəbəri olmadan meyiti harasa göndərsin? Biz Bakıda yaşayırıq. Atamı rayona hara göndərmək istəyib? Ya bu həkimin ağlı qaçıb, ya bizim?
Bu nə vəhşilikdir, bu nə qəddarlıqdır?
Hər kəsə demək istəyirik ki, biz səhv etdik, nə bu klinikaya, nə o cəllad Ülvi kardiocərraha müraciət etməyin. Diqqətli olun, hər əməliyyata razılaşmayın”.
Ailə hazırda dəfn və yas işləri ilə məşğul olduğundan yaxın 1-2 gündə məsələ ilə bağlı prokurorluğa müraciət edəcək. Ailə üzvləri “EGE Hospital”ın rəhbərliyindən açıqlama və maddi təzminat tələb edir.Medicina