Ekspertlər xəbərdarlıq edir: “Məmurla biznes bir-birindən ayrılmayınca ”Relaks”dakı hadisələr təkrarlanacaq…”
Deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının qohumları ilə birlikdı Lerikdəki “Relaks” İstirahət Mərkəzindəki özbaşınalığı, vergi işçilərini döyməsi hadisəsi digər ilginc cinayətləri ortaya çıxarıb. Məlum olub ki, deputata məxsus 14 hektarlıq İstirahət Mərkəzi ildə cəmi 972 manat vergi ödəyir. Bundan başqa “Azərişıq”a 30 min manat məbləğində borcu olub. Borc isə istirahət mərkəzinin məsul şəxslərinin indiyədək “Azərişıq”ın əməkdaşlarına sayğaca baxış keçirməyə icazə verməməsi nəticəsində yaranıb. Mirhəmid Nərimanlının bu dəfə vergi müfəttişlərinə yumruq atması atasının varidatı haqda da xeyli mübhəmləri hər kəsə çatdırdı. Bəlli oldu ki, vergi ödəməyən, işıq pulunu verməyən deputat İqbal Məmmədovun zavodları, restoranları, karxanaları və digər biznes strukturları da qanunları pozmaqla, vergidən yayınmaqla fəaliyyət göstərir.
Bəs onun vergi ödəməməsi deputatın cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilərmi?
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, “Relaks” İstirahət Mərkəzində baş verən məsələ ən ciddi şəkildə yoxlanılmalı, kimliyindən asılı olmayaraq hər kəs cəzaya çatdırılmalıdır: “Vergi yoxlamaları 3 ildən bir həyata keçirilir. Yəni 3 ildən bir obyektlərdə yoxlama aparılmalıdır. Bundan başqa kameral yoxlama da aparılır. Obyektlə bağlı şübhələr varsa, belə şübhələr yaranıbsa kameral yoxlama təyin olunur. Məsələn obyekt 1-ci rübdə verdiyi vergi 2-ci rübdə həddən artıq aşağı düşübsə, artıq suallar yaranır. Belə hallar olanda növbədənkənar yoxlamaların təyin olunması qanunda nəzərdə tutulur. Vergilər Nazirliyi fiziki və ya əsasən də hüquqi şəxslərlə bağlı şübhələr varsa, növbədən kənar yoxlamalar təyin etməlidir.
İkinci məsələ kassa aparatının dövriyyəsi ilə bağlıdır. Dövriyyədən vergi və yaxud əlavə dəyər vergisinə düşüb-düşməməsi ilə bağlı məlumatlar rəsmi dövriyyədən asılı olur. Kassa aparatında hansı dövriyyə görsənirsə, bu mütləq Vergilər Nazirliyi tərəfindən qeydə alınır. Azərbaycanda, əsasən də regionlarda ən böyük problemlərdən biri rəsmi dövriyyə ilə faktiki dövriyyə arasında böyük fərq var. Deputat, məmur obyektləri olduqda isə ümumiyyətlə kassa aparatlarından istifadə olunmur. Bu zaman da dövriyyə bilinmir. Dövriyyə bilinmirsə, gəliri düzgün hesablanmırsa, vergi də doğru-dürüst hesablanmır”.
İqtisadçı ekspert deyib ki, “Relaks”la bağlı absurd odur ki, obyektin həcmi, orada xidmət göstərən obyektlərin sayı, ora gələn qonaqların sayı, ümumilikdə bütün bunlar ödənməli vergilərin daha artıq olması haqda Vergilər Nazirliyi rəsmilərində şübhələr oyatmalı idi: “İri, cənub zonasında adı çıxarmış obyekt vergi ödəyicisi kimi cüzi vergi ödəyirsə, bu əlbəttə ki, şübhə doğurmalı idi. Həmən də vergi yoxlamaları başlanmalı idi. Görünür ki, belə də olub. Sonuncu vergi hesabatında cüzi vergi verilib və yoxlamalar üçün əsas yaranıb. Vergi yoxlaması təşkil olunandan sonra əraziyə gedən vergi müfəttişlərinə qarşı zorakılıq aktı törədilib. Dövlətin rəsmi işçilərinə qarşı zorakılıq addımları atılıb. Bu ilk və sonuncu dəfə deyil. Azərbaycanda onlarla, bəlkə də yüzlərlə belə obyektlər var ki, məmurlara, deputatlara, kimlərləsə qohumluq əlaqəsi olan şəxslərə məxsusdur. Kiminsə qəyyumluğu altında olan obyektlərin sayı-hesabı yoxdur. Vergilər Nazirliyi, digər əlaqədar orqanlar da bu məsələyə ciddi yanaşmalıdırlar. Hər hansı bir insident baş verdikdən sonra yox, şübhə yaradan, hər hansı bir obyektin göstərdiyi dövriyyəsi ilə faktiki dövriyyəsi arasında şübhəli məqamlar varsa, iri holdinqlərdən tutmuş, iri obyektlərə qədər hamısı ciddi şəkildə yoxlanılmalıdır. Söhbət 100 milyonlarla manat vəsaitin dövlət büdcəsindən gizlədilməsindən gedir”.
Natiq Cəfərli deyir ki, Vergilər Nazirliyi dövlət orqanı olaraq belə obyektlərlə bağlı mətbuatda yazılanlar bağlı monitorinq aparmalıdır: “Azərbaycan qanunvericiliyinin tələbi var ki, mətbuatda çıxan istənilən məlumat dövlət qurumları üçün bir siqnal olmalıdır. Dünyanın hər yerində belədir. Hətta Vergilər Nazirliyinin özünün istintaq idarəsi olduğu üçün onlar da müəyyən mənada hüquq mühafizə orqanları kimi istintaq apara bilirlər. Ona görə mətbuatda çıxan istənilən biznesmen, şirkətlər haqda məlumatlar Vergilər Nazirliyi üçün araşdırma başlamağa əsas yaradır. Amma başlanırmı?”
Natiq Cəfərli deyir ki, Azərbaycanda bir sıra obyektlər var ki, qəyyumlarına, sahiblərinə görə hüquq mühafizə, vergi orqanları üçün əlçatmazdır: “Əslində Azərbaycan çox kiçik ölkədir. Kimin harada nəyi var, bunu dəqiqləşdirmək, araşdırmaq elə də ciddi səylər tələb olunmur. Qəribə səslənsə də, Azərbaycanda ən ”şəffaf” sahələrdən biri korrupsiyadır. Yəni hamıya məlumdur kimin obyektləri, zavodları, restoranları var. İstənilən taksi sürücüsündən bu və ya digər restoranın rəsmi, qeyri-rəsmi sahibinin kim olduğunu soruş, deyəcək. Azərbaycan kiçik ölkə olduğu üçün insanlar maraqlanmasalar belə böyük informasiyaya malik olurlar. Hüquq-mühafizə orqanları belə informasiyaların monitorinqini aparıb, mətbuatda, sosial şəbəkələrdə olan məlumatların yoxlanılması, dəqiqləşdirilməsi ilə bağlı ciddi araşdırmalar aparmalıdır. Nəhayət ki, Azərbaycanda bizneslə məmur bir-birindən ayrılmalıdır. Azərbaycanda bizneslə məmur çulğaşıb. Günün birinci yarısı məmur olanlar, günün ikinci yarısı biznesmenə çevirilirlər. Buna son qoyulmalıdır. Bu cür yanaşma rəqabətli mühiti də genişləndirəcək, qiymətlərin aşağı düşməsinə səbəb olacaq, daha keyfiyyətli xidmət yaradacaq. Məmurla biznes bir-birindən ayırılmayınca “Relaks”dakı hadisələr təkrarlanacaq”.
Hüquqşünas Əkrəm Həsənov isə ümumən vergidən yayınma halına görə Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən müvafiq vergi məbləğinin 50-100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilə bildiyini deyib: “Yəni vergi ödəyicisi ödəmədiyi vergi ilə bərabər büdcəyə sanksiya üzrə məbləği də ödəməlidir. Bu, sırf iqtisadi məsuliyyətdir. Eyni zamanda vergidən yayınma əlavə olaraq inzibati və ya cinayət məsuliyyəti ilə də nəticələnə bilər. Az miqdarda (20.000 manatadək) vergidən yayınmağa görə İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə məsuliyyət nəzərdə tutulub: Müvafiq məbləğinin 30 faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Amma bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. 20.000 manatdan artıq yayınma Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, 20 min – 100 min manat arası yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya 100 min manat miqdardan artıq yayınma olduqda, cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma bu əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur”.
Yada salaq ki, Vergilər Nazirliyinin müfəttişləri “Relaks” İstirahət və Turizm Mərkəzinə “vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün” gediblər.
Bu zaman Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş verib. Sosial mediada yayılan və həmin insidentdən olduğu deyilən video görüntülərdə İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu olduğu iddia olunan Orxan Məmmədovun vergi əməkdaşları ilə dalaşdığı görünür. Video görüntülərdə Orxan Məmmədov olduğu iddia olunan şəxs vergi əməkdaşlarını və polis əməkdaşı geyimində olan şəxsləri hadisə yerindən qovmağa çalışır və təhqiramiz ifadələrdən istifadə edir. Onlar Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma və hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddələri ilə məhkəmənin qərarına əsasən həbs olunub.
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir ki, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər. Rəsmi məlumatda qeyd olunur ki, “Relaks” İstirahət və Turizm Mərkəzinin dövlət büdcəsinə ödədiyi vergilər kəskin azaldığına görə mərkəzin real vergi potensialını ölçmək məqsədilə ərazidə vergi yoxlamaları keçirilib. Sahəsi 14 hektardan çox ərazidə yerləşən, qonaqların qalması üçün 142 nömrədən və müxtəlif təyinatlı 20 obyektdən ibarət olan mərkəz 2018-ci ildə 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat vergi ödəyib. Hazırda Mərkəzdə vergi nəzarəti tədbirləri davam edir. Vergilər Nazirliyinin rəsmi saytında göstərilir ki, “Relax Resort and Spa Hotel”in (2018-ci ildə rəsmi qeydiyyatdan keçib) mərkəzin rəsmi təmsilçisi Nərimanlı Mirhəmid İqbal oğludur. “Relax Lerik”in (2017-ci ildə rəsmi qeydiyyatdan keçib) qanuni təmsilçisi isə İqbal Məmmədovun qardaşı olduğu deyilən Məmmədov Çingiz Nəriman oğludur.
Hər iki şəxs hazırda həbsdədir.