“Lerik -Relax hadisəsi göstərdi ki, dövlət orqanlarının vəzifə səlahiyyətlərinin icrasına hətta istirahət mərkəzləri də mane ola bilirmiş, belə olan halda çox böyük ehtimalla vergi müfəttişləri holdinqlərin və iri şirkətərin həndəvərinə belə dolana bilməzlər…”
Hurriyyet.org-un məlumatına görə, bu fikirlər iqtisadçı-ekspert Qubad İbadoğlunun özünün “facebook” səhifəsindən paylaşdığı yazıdan götürülüb.
Ekspert “Hər obyektə ayda 6 manat 94 qəpik vergi” başlığı qoyduğu yazısıni 3 təkliflə başlayıb:
“Təklif edirəm ki:
1) Hər bir şirkətin nə qədər vergi ödəməsi ilə bağlı məlumatlar ictimai əlçatan olsun.
2) Şirkətlərin vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin.
3) Dövlətdə vəzifə tutan şəxlər gəlirlərin və əmlakını dərc etsinlər”.
Daha sonra “Relax” şirkətinin ödədiyi vergilərin simvolik rəqəmlərlə ifadə olunduğuna diqqəti çəkir:
“Vergilər Nazirliyinin açıqlamasına görə, 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyekti olan “Relax” şirkəti 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin 7 ayı ərzində isə 972 manat məbləğində vergi ödəyib.
Belə çıxır ki, milyonlarla qazancı olan, 20 obyekt işlədən istirahət mərkəzinin vergi ödəməsi bu ilin hər ayı ərzində orta hesabla 138 manat 85 qəpik, hər obyektə isə ayda 6 manat 94 qəpik olub. Bu isə bərbərin, pinəçinin, dərzinin ayrılıqda ödədiyi vergidən də, hətta hərəkət zolağında xətti tapdalayan sürücünün, yolu düzgün keçməyən piyadanın ödədiyi birdəfəlik cərimədən də dəfələrlə azdır”.
Q. İbadoğlu oxşar vəziyyətin məmur və deputatlara məxsus başqa obyektlərdə də hökm sürdüyünü istisna etmir: “Qiymətlərinin bahalığına görə 1 gün də olsun belə istirahət edə bilmədiyim Lerik -Relax hadisəsi göstərdi ki, dövlət orqanlarının vəzifə səlahiyyətlərinin icrasına hətta istirahət mərkəzləri də mane ola bilirmiş, belə olan halda çox böyük ehtimalla vergi müfəttişləri holdinqlərin və iri şirkətərin həndəvərinə belə dolana bilməzlər.
Bu hadisə göstərdi ki, Azərbaycanda arxasında deputat, məmur, prokuror, hakim, polis rəisi duran və büdcəyə hətta qəpiklər ödəyən, vergi müfəttişini sahib olduğu obyektə buraxmayan belə şirkətlərin sayı minlərlədir”.
Ekspert yazısının sonunda da problemin həlli üçün 2 təklif irəli sürür:
“1) Vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin və bu məlumatlara ictimaıyyətin çıxışı təmin olunsun. Əgər belə məlumatlar ictimai əlçatan olarsa onda bu hallar baş verməzdi və əhali də bilərdi ki, büdcəyə hansı şirkət nə qədər vergi ödəyir.
2) Dövlət idarəçiliyində siyasi və seçkili vəzifə tutan şəxslərin özünün və ailəsinin biznes idarəçiliyinə son qoyulsun. Bunun üçün həlli vacib vəzifələrdən biri də gəlirlərin və əmlakın bəyan olunması və dərcidir.
Yekun qənaətim odur ki, Azərbaycanda vergi ödəmə mədəniyyətinin formalaşmamasının bir səbəbi də tənzimləyici fiskal orqanların faəliyyətində müşahidə olunan rüşvətxorluq və pis idarəçilikdir. Şübhəsiz ki, “Relax” İstirahət mərkəzinin ödəmələri barədə açıqlanan rəsmi rəqəmlərlə yanaşı açıqlanmayan aylıq qeyri-rəsmi ödəmələr də mövcuddur. Amma nədənsə bu barədə heç kim danışmır”.