“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq”.
ONA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar süfrəsində çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti bildirib ki, əfsuslar olsun ki, münaqişə başlanan zaman münaqişə ilə bağlı dünyada kifayət qədər məlumat yox idi: “1990-cı illərin əvvəllərində torpaqlarımız işğal altına düşmüşdür. Ölkəmizdə o vaxt yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt etsin. O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə bağlı böyük dərəcədə təhrif edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi torpağımızdır. Münaqişəyə dair çoxsaylı kitabların çap edilməsi, təqdimatların, konfransların keçirilməsi dünya ictimaiyyətinə münaqişə ilə bağlı həqiqətləri çatdırır. Hər kəs görür ki, münaqişə ilə bağlı ikili standartlar mövcuddur. Necə ola bilər, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır və bu qətnamələr icra olunmur. Ona görə hesab edirəm ki, dünyada mövcud olan ikili standartlar ən böyük problemlərdən biridir”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan münaqişənin həlli üçün səylərini davam etdirəcək: “Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır. Döyüş meydanında üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir, qəsəbə salınmışdır, oraya həyat qayıtmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və bu təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox tədbirlər keçirilir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dəyərlərinin qorunması işində apardığımız siyasətə çox yüksək qiymət verir. Biz bundan sonra da təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsi işində öz səylərimizi davam etdirəcəyik. Onu da bildirməliyəm ki, 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə kontakt qrupu yaratmışdır və təşkilat bu münaqişə ilə bağlı bizim haqq işimizi daim dəstəkləyir”.