Avrasiya İqtisadi Birliyi ümumi valyuta bazarının yaradılmasına dair konsepsiyanı təsdiqləyib.
Bu barədə qərar təşkilatın Ali Avrasiya İqtisadi Şurasının İrəvanda keçirilən samitində qəbul olunub. Toplantıda AİB-nə üzv olan ölkələrlə yanaşı, İran da iştirak edib. “Biz AİB üçün ortaq maliyyə bazarının formalaşdırılması konsepsiyasını təsdiq etdik, kapitalın və xidmətlərin sərbəst hərəkətinin təməlini qoyduq”- Belarus Prezidenti Aleksandr Lukaşenko belə deyib. Onun sözlərinə görə, belə bir bazarın təşkili maliyyə texnologiyaların inkişafına və maliyyə xidmətlərinin əlçatan olmasına imkan verəcək rəqəmsallaşdırma ilə müşayiət olunmalıdır.
Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, konsepsiyanın əsas prioritetləri maliyyə sektorunda ümumittifaq tənzimlənməsini tətbiq etməkdir. Bu sənəd bank və sığorta xidmətləri, qiymətli kağızlarla əməliyyatların aparılması üçün unversal qaydaların hazırlanması və təsdiqlənməsi istiqamətində “yol xəritə”si olacaq.
Maraqlıdır, bu ölkələrin vahid maliyyə bazarının yaradılması və bu bazara nəzarət mexanizminin yaradılması konsepsiyası nə qədər effektiv olacaq?
Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə bildirib ki, AİB-də olan beş ölkənin milli valyutası kifayət qədər problemlidir:
“Bu ölkələr vahid maliyyə bazarı yaratmaqla çalışırlar ki, həmin problemdən qurtulsunlar. Çox güman ki, vahid valyuta kimi rus rublu qəbul olunacaq. Aydındır ki, konvertasiyalar dollara görə yox, rus rubluna görə, həyata keçiriləcək. Rusiya öz pulunu lokal valyutadan regional valyutaya çevirmək istəyir. Əgər Rusiya rublunu regional valyutaya çevrilə bilsə, rubl öz dəyərini kifayət qədər möhkəmləndirəcək və qoruyacaq. Bunun nə dərəcədə baş tutacağı bəlli deyil. Çünki hazırda AİB balıq, ördək və xərçəng statusundadır. Ermənistanın iqtisadiyyatını oturub ağlayan lazımdır, çox pis gündədir. Baş nazir Nikol Paşinyanın iqtisadiyyatdan başı çıxmır. Belarus da sırf komunist ideologiyası ilə idarə olunur. Rusiyada bütün iqtisadiyyat təhlükəsizlik orqanlarının nəzarətindədir. Hələlik İran AİB-nin üzvü deyil. Qazaxıstan təngəsinin, eləcə də Qırğızıstan somunun da məzənnələri çox aşağıdır. Tacikistanın da iqtisadi vəziyyəti ağırdır. Əgər müşahidəçi-məşvərətçi dövlətlər təşkilata daxil olsalar, gələcəkdə nəsə edə bilərlər. Samitdə Sinqapurun Baş naziri Li Syan Lun də iştirak edirdi. Sinqapur dünya modelidir, əgər bu modeli götürsələr, bu ölkənin dolları ilə vahid valyuta məsələsini həll edə bilərlər. Rusiya çalışır ki, Asiyada onun pulu mütəhərrik valyutaya çevrilsin. Maraqlar müxtəlif olduğuna görə, onların bir araya gəlmə ehtimalı çox aşağıdır. İran da, Rusiya da sanksiya altında olan ölkələrdir. Ola bilər ki, onlar ortaq razılığa gəlsinlər. Hələlik İran məşvərətçi qismində iştirak edir, amma öz milli valyutası ilə vahid valyuta bazarına qoşula bilər. Amma bu ehtimal çox aşağıdır, əgər vahid valyuta bazarı baş tutsa, həmin dövlətlərin hamısı üçün xeyirlidir. Çünki AİB-nə üzv dövlətlərdə inflyasiya səviyyəsi çox yüksəkdir, milli valyutaların dönərliliyi çox aşağıdır və bunun təmin olunması üçün həmin ölkələrin resursları yoxdur”.
Ümumi valyuta bazarının yaradılması, təşkilata üzv dövlətləri mövcud iqtisadi durğunluqdan çıxmağa kömək edə biləcəkmi?
Politoloq hesab edir ki, təşkilatın adı Avrasiya İqtisadi Birliyi olsa da, keçmiş SSRİ statusundadır:
“Mərkəzdənqaçan federativ ölkələr var, bir də mərkəzəqaçan federativ ölkələr. Keçmiş SSRİ də bu tipli ölkələrdən formalaşmışdı. Rusiya çalışır ki, mərkəzəqaçan yeni bir dövlət yaratsın. Onsuz da dünyada qloballaşma gedir. AİB Amerikanın, masonların yaratmaq istədiyi vahid dünya ideyasının əleyhinə qurulan bir təşkilatdır. Çünki qloballaşma olanda milli sərhədlər və milli dövlətçilik itir, ancaq vahid dövlətçilik meydana gəlir. Rəsmi Moskva bu müddətdə göstərdi ki, Rusiya bu problemləri həll etmək iqtidarındadır. Çünki dünya resurslarının 21 faizi tək Rusiyaya məxsusdur, bu, çox böyük bir rəqəmdir. Rusiya resursları hesabına bundan çıxsa, onlar dünyanın təkcə hegemonuna deyil, eyni zamanda güclü imperiyasından birinə çevriləcəklər. Amerika çalışır ki, bu, baş tutmasın. Rusiya müasir texnologiyaları tətbiq etməklə xaricdə xüsusi xidmət orqanlarının fəaliyyəti kifayət qədər güclənib. “Molla rejim”i ilin 4 ayını ağlamaqla keçirir. 80 milyonluq İranın iqtisadi durğunluqdan çıxa bilməsi üçün düşünən başlar lazımdır ki, bu da ölkədə yoxdur. Rusiya həm özünü, həm də İranı iqtisadi durğunluqdan dartıb çıxara bilər”.