Millət vəkili Fazil Mustafa Xarici İşlər naziri Elmar Məmmədyarova tarixçi alim Kərəm Məmmədovun Gürsüctan sərhədindən buraxılmaması ilə bağlı çağırış edib.
AzNews.az xəbər verir ki, deputat bu çağırışının Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müsbət dəyərləndiriləcəyinə ümid etdiyini vurğulayıb:
“Artıq Gürcüstan rəsmiləri tərəfindən Azərbaycanın və Türkiyənin bir çox tanınmış insanlarına qarşı qanunsuz olaraq bu ölkəyə giriş yasağı qoyulub. Zəlimxan Məmmədli, Seyfulla Türksoy, Kərəm Məmmədov və başqa ictimai xadimlərin Gürcüstana girişinin qadağan olunmasının dəqiq izahı verilmir. Anlaşılan budur ki, ölkəmizin Xarici İşlər Nazirliyi bu kimi Azərbaycan vətəndaşlarının hüquqlarını qorumağa hansısa səbəblərdən laqeyd yanaşır. Heç olmazsa, rəsmi Gürcüstanın bu qanunsuz davranışını əsas götürərək Azərbaycan üçün arzuolunmaz şəxslərin (Keşikçidağ təxribatlarında iştirak edən, erməni tezislərini dəstəkləyən Gürcüstan vətəndaşları nəzərdə tutulur) ucdantutma ölkəmizə girişini qadağan edən qərar çıxartmaq zəruridir. Qoy, gürcülər də doğma ocağına baş çəkmək hüququndan məhrum olunmuş azərbaycanlıların çiləsinin nə olduğunu anlasınlar. Azərbaycan vətəndaşlarının xarici ölkəyə sərbəst hərəkət etmə hüququnu qoruya bilmiriksə, o halda qonşu ölkədən olan təxribatçılara qarşı adekvat addımı atmağa bizə kim və nə mane olur? Azərbaycan Xarici İşlər Nazirliyinin bu çağırışı müsbət dəyərləndirəcəyinə ümid edirəm”.
Qeyd edək ki, bir neçə gün öncə tarixçi-alim, antropoloq, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov Gürcüstana buraxılmayıb. İlk belə hadisə 2019-cu ilin mart və aprel aylarında da baş verib və sonradan problem aradan qaldırılıb. Həmin vaxt Kərəm Məmmədov anasının dəfnində və 40 mərasimində iştirak edib.