Axtarış...

Bakının İrəvana qarşı blokada strategiyası - Ermənistanın puç olan “İpək yolu” arzusu

Bakının İrəvana qarşı blokada strategiyası - Ermənistanın puç olan “İpək yolu” arzusu

Ermənistanın Azərbaycana əsassız ərazi iddiasının, davam edən işğal rejiminin düşmən ölkəyə “bəxş elədiyi” ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənarda, blokada rejimində saxlanmasıdır. Nəticə etibarilə Ermənistan özünün sovetdən qalma rüşeym iqtisadiyyatı ilə on illərdir dünya iqtisadi sisteminə çıxış əldə elə, inteqrasiya oluna bilmir və faktiki surətdə “izqoy” (“tullantı”) ölkəyə çevrilib.

Diqqət çəkicidir ki, erməni xalqı bu acı durumdan bir il öncə etdiyi “məxmər inqilab” və hakimiyyətə gətirdiyi “demokrat” Nikol Paşinyan hesabına da qurtula bilmir. Bu, mümkün də deyil. Çünki normal tərəqqi üçün öncə gərək azad və müstəqil ölkə olasan. Sonra öz qonşularına qarşı açıq, səmimi və ədalətli mövqe tutasan, qonşunun torpaqlarına, harama göz dikməyəsən. Qonşularla dost-mehriban münasibətlər qura bilməyən, onlara qarşı ərazi iddiası ilə yaşayan bir xalqın - həm də öz ağasına güvənib bu iddia ilə yaşayan xalqın - rifaha qovuşması mümkünsüz. O ki ola Azərbaycan və Türkiyə kimi Ermənistan üçün açar dövlətlər rolu oynayan qonşular...

*****

Rəsmi İrəvan zaman ötdükcə bu sərt reallığı daha aydın şəkildə dərk eləməli olacaq. Erməni istəsə də, istəməsə də, proses artıq gedir və düşmən ölkəyə yeni bəd sürprizlər vəd edir. O sırada işğalçı ölkənin kənarda qaldığı, Azərbaycanın isə iştirakçılarından biri olduğu “Böyük İpək Yolu” layihəsini qeyd eləmək olar. Keçən həftə Pekində həmin layihə ilə bağlı “Bir kəmər - bir yol” 2-ci Beynəlxalq Əməkdaşlıq Forumu keçirildi. Azərbaycan prezidenti İlham Əliyev də mötəbər tədbirdə iştirak və çıxış elədi.

Bir sıra digər dövlətlərin rəhbərlərinin də qatıldığı Forum “İpək yolu”, o cümlədən “Dəmir ipək yolu” layihəsinin reallaşması yolunda mühüm hadisə sayıla bilər. Şübhə yox ki, bunun müsbət nəticələrini tezliklə görəcəyik. Nəticələrdən biri də Ermənistanın bu layihə ilə bağlı arzusunun çilik-çilik olmasıdır. Bunu erməni iqtisadçı-ekspertlər də etiraf edirlər.

“Ermənistanın axırıncı 3 hökuməti ”İpək yolu" layihələrini maliyyələşdirən İnfrastruktur Sərmayələri üzrə Asya Bankının təsisçisi olmaq üçün 5 milyon dollar xərcləməyi özünə rəva görmədi". “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistanın sabiq baş naziri, iqtisadçı Qrant Baqratyan özünün facebook səhifəsində Pekin forumunu şərh edərkən yazıb.

Baqratyan bu xüsusda daha sonra bildirir: “Pekində ikinci ”İpək yolu" forumu keçirilir. Forumda 40-a yaxın ölkənin rəhbərləri iştirak edir. Burada Putin, Nazarbayev, Əliyev və başqaları var. 3 əsas yolun 6 yarımvariantı üzrə son dəqiqləşmələr aparılır. Maliyyələşməni 100 milyard dollar kapitala və 1 trilyon dollar kredit resursuna malik İnfrastruktur Sərmayələri üzrə Asya Bankı həyata keçirir. Ermənistanın son 3 hökuməti isə bu bankın təsisçisi olmaq üçün 5 milyon dollara qıymadı. İndi isə həmin bankın vəsaiti hesabına rusiyalılar, azərbaycanlılar, gürcülər, qazaxlar və qırğızlar genişmiqyaslı inşaat işləri aparırlar. Avrasiya kontinenti 10 il sonra tanınmaz dərəcədə dəyişəcək. Yaxşı, qaz boru xətləri bizdən yan keçir. Neft boruları və dəmir yolları da eləcə. Yəni biz heç olmasa, avtonəqliyyat proqramlarına da cəlb oluna bilmərik?", - deyə keçmiş baş nazir və iqtisadçı ritorik bir şəkildə indiki Paşinyan hökumətindən soruşur.

Ona görə “ritorik” ki, qeyri-azad, müstəqil iqtisadi və xarici siyasət yürüdə bilməyən, üstəlik, əlverişsiz coğrafi mövqeyə malik Ermənistan heç bir iri iqtisadi layihə üçün artıq önəm kəsb eləmir. Odur ki, İrəvan “İpək yolu”na çıxış axtarmaqdan öncə yaxşı olar, Rusiyadan qurtuluş yolu arasın və müstəqil dövlət atributları əldə eləsin. Bu isə dəfələrlə qeyd elədiyimiz kimi, Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətlərini qaydaya salmaqdan keçir.

*****

“İpək yolu”na çıxmaq üçün ilk növbədə Qarabağı sahibinə qaytarmaq gərəkdir. Bu, olmayacaqsa, Ermənistanda hakimiyyət dəyişikliyinin də hər hansı anlamı olmayacaq. Necə ki, keçənilki “demokratik inqilab” da erməni xalqını ağ günə çıxarmadı: işğalçı ölkə tənəzzülə doğru yolunu davam etdirir, bir il öncəki inqilab eyforiyasını isə sürətlə dərin məyusluq əvəz etməkdədir.

“Çoxsaylı faktorlar var ki, bir sualı bu gün aktual edir: həqiqətənmi bizdə ötən il inqilab baş verib, yoxsa sadəcə, hakimiyyət dəyişikliyi?” “Yeni Müsavat” xəbər verir ki, bu sitat 1 in.am portalındakı dünənki baş məqaləndəndir.

Müəllif yazır: “Məsələn, ölkədə super-baş nazir sistemi qalır ki, bu da əsla bir il öncə inqilab baş verdiyinə dəlalət eləmir. Yaxud hakimiyyət daxilində real fraksiyaçılıq yerinə klan əlamətləri üzrə qruplaşmalar yaradılır ki, bu da köhnə sistemə xas idi. Və ya iqtisadi inqilab haqda bəyan edilsə də, hökumət cəmiyyətin başını ”rəqəmlərlə", köhnə idarəçiliyə xas üsullarla qatmaqda davam edir. Acı reallıq isə belədir ki, iqtisadiyyatda kriminal-oliqarxik struktur qalır. Bu da nəinki inqilabi təşəbbüsləri, adicə inkişafı belə boşa çıxarır".

Məqalədə Ermənistanın xarici siyasət kursu ilə bağlı gözləntilərin də boşa çıxdığı təəssüflə vurğulanır: “İnqilab dəyərlərinin maddiləşməməsi rusiyayönlü və birvektorlu qalmaqda davam edən xarici siyasətdə özünü daha aydın şəkildə göstərir. Nəticədə biz Ermənistan-Rusiya münasibətlərində böhranlı hallarla yanaşı, Ermənistan-AB və Ermənistan-ABŞ münasibətlərində durğunluqla üzləşmişik”.

Səbəb əslində müəllifə yaxşı bəlli olmalıdır: işğalçı Ermənistanın yeni rəhbərliyi də sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparır. Deməli, yekun eyni olacaq, daha dəqiqi, daha pis olacaq...
“Yen Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz