Axtarış...

QOLAN TƏPƏLƏRİ VƏ DAĞLIQ QARABAĞ

QOLAN TƏPƏLƏRİ VƏ DAĞLIQ QARABAĞ

Donald Trampın Qolan təpələri ilə bağlı qərarı Azərbaycan Respublikası üçün açıq təhdiddir



İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti hər əldə oyuncaq


Hüseyn Cavid

Millitv.az İsrail -Fələstin arasında davam edən münaqişə səbəbindən Yaxın Şərqdə gərginlik getdikcə yüksəlməkdə davam edir. Bu il martın 25-də bir çox İslam ölkələrinin Novruz bayramı günlərində Suriya ərazisinin bir hissəsi olan Qolan təpələrinin "İsrailə məxsus olması" ilə bağlı sənəd imzalanması beynəlxalq qanunların kobudcasına pozulması idi. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın hakimiyyət taxtına əyləşəndən bəri Yaxın Şərqin, habelə bütün dünya ictimaiyyətinin qəzəbinə gələn, ciddi narahatlıq doğuran addımlar atmaqda davam erməsi müharibə alovunu qızışdırmağa xidmət edir. Vaşinqtonun növbəti belə ağlasığmaz addımı - işğal altındakı Suriya ərazisi olan Qolan təpələrini rəsmən İsrail torpaqları kimi tanıması oldu. Qəribədir, bir tərəfdən müsəlmanları Novruz bayramı münasibətilə təbrik edən Tramp onlara sülh və əmin- amanlıq arzulamaqla, o biri yandan müsəlman dövətin ərazilərinin məhz bayram günlərində İsrailə məxsus olması ilə bağlı sənədə imza atması əsil ikiüzlülük nümunəsi idi. Artıq Qolan təpələri ABŞ-ın xəritələrində də İsrail torpağı kimi göstərilir. Qeyd edək ki, beynəlxalq təşkilatlar sözügedən əraziləri İsrail tərəfindən işğal olunmuş Suriya torpaqları hesab edirlər. Dünya arenasından gələn ən son açıqlamalarda bildirilir ki, ABŞ-ın qəbul etdiyi məlum qərar bütün beynəlxalq normaları pozur, İsrail tərəfindən həyata keçirilən işğal isə tədricən daha çox ərəb torpaqlarını əhatə edir. Xatırladaq ki, Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş “Altıgünlük müharibə” zamanı İsrail tərəfindən işğal olunub. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatıb. Yəhudi dövləti bölgəni dağlıq və strateji avantajına, zəngin su qaynaqlarına görə nəzarətində saxlayır. Azərbaycanın siyasi eksperləri hesab edir ki, Qolan təpələri üzərində İsrailin suverenliyinin tanınması Qarabağ münaqişəsi üçün də çox ciddi məsələdir. Belə ki, hələ 1996-cı ildə ABŞ-ın da iştirakı ilə imzalanan Oslo müqaviləsində göstərilir ki, İsrail Fələstin və Suriya ərazilərində, ümumiyyətlə işğal etdiyi torpaqlarda məskunlaşma fəaliyyəti aparmamalıdır. Amma həmin anlaşmadan sonra İsrail bütün işğal ərazilərində 600 000 məskunlaşma aparıb. Müqavilədə iştirak edən dövlətlər bəyan etdilər ki, yəhudi məskunlaşması bir reallıqdır və onunla barışmaq lazımdır.

Bu, bizim üçün bir siqnal olmalıdır. Qolan təpələri 51 il, Qarabağ isə 26 ildir ki, işğal altındadır. Fələstin, Suriya ərazilərində olduğu kimi bu gün Azərbaycanın Qarabağ bölgəsində də qanunsuz məskunlaşma aparılır. Ona görə də Vaşinqtonun Qolan təpələri ilə bağlı qərarının sabah "DQR" -ə də aid edilməyəcəyinə qarant yoxdur və Trampın bu addımı bizim üçün də ciddi təhdiddir. BMT-nin büdcəsinə bir neçə milyard dollar keçirib təşkilatı mənasız qətnamə istehsal edən quruma çevirən ABŞ prezidentinin dünya dövlətləri tərəfindən dayandırılıb, ona "dur" deyilməsinin vaxtı çoxdan çatıb. Biz öz dost və düşmənlərimizi də artıq özümüz üçün dəqiqləşdirməliyik. İsrail poitoloqu Aviqdor Eskin martın 27-də Ermənistanı Suriyaya məxsus Qolan təpələrini İsrail ərazisi kimi tanımağa çağırıb. Yəhudi politoloqun fikrincə, Qolan təpələrinin tanınması Ermənistana Qarabağ üçün yeni status tələb etmək imkanı yaradacaq və "DQR"-ın beynəlxalq səviyyədə tanınmasına kömək edəcək. Hər zaman özünü Azərbaycanın dostu adlandıran bu politoloq həmin Eskindir ki, 2011-ci ildə Bakıya gəlib ermənilər tərəfindən qətlə yetirilmiş yəhudi və azərbaycanlıların Qubadakı kütləvi məzarlığını ziyarət etmiş və demişdi:" Qarabağ müharibəsi dövründə azərbaycanlılara qəddarlıq nümayiş etdirən və hazırda Yerevanda hakimiyyətdə olan insanlar bütün dünya üçün təhlükəlidir." Bu həmin Aviktor Eskindir ki, bir vaxtlar Qarabağ döyüşlərində dinc azərbaycanlıları qətlə yetirən hərbi cani Monte Melkonyanın guya Fələstinin qaçqın düşərgələrində hərbi təlim keçdiyini siyasi dairələrə anlatmağa çalışaraq Fələstin-Azərbaycan münasibətlərində soyuqluq yaratmağa cəhd etmişdi. Hər halda " Azərbaycan-İsrail müəlman dünyası arasında körpüdür" deyən bəzi başbilənlərimiz nəticə çıxarıb kimin kim olduğunu arıtıq anlamalıdırlar. Elə Azərbaycanın əraziləri hesabına dövlət yaradan, Azərbaycanın yardımları, ucuz qazı, dəfələrlə edilən təmənnasız dəstəyi sayəsində ayaqda qalaraq inkişaf edən Gürcüstanda əli minlərlə gunahsız dinc azərbaycanlının qanına batmiş, Ermənistanın milli qəhrəmanı müharibə canisinə bu il yanvarın 20-da rəsmi Tiflisin də xeyir-duası ilə ucaldılan abidənin təntənəli açılışını təsadüf hesab etmək sadəlövhlükdür. Özü də məhz Azərbaycan xalqının milli faciəsi olan Qanlı Yanvar günü strateji müttəfiq və dost saydığımız Gürcüstan tərəfindən bu böyük xəyanətə imza atıldı. Bundan sonra ən yaxın qonşumuzun ABŞ-ın, İsrailin və ya digər NATO üzvü olan dovlətin diqtəsi ilə "DQR"-ın müstəqilliyini tanımayacağına zəmanət varmı?

BMT, Aİ kimi təşkilatlar, beynəlxaql hüquq normalarını kobudcasına pozan və işğal edilmiş Qolan təpələrinin ilhaqını İsrail üçün rəsmiləşdirən ABŞ-a qarşı bircə bəyanat verməklə kifayətləndi. Dünya birliyi isə bu ədalətsizlik qarşısında susdu. Dünya dövlətlərinin bu misli görünməmiş özbaşınalıq qarşısında susması müdhiş bir fəlakətin başlandığından xəbər vermirmi? ABŞ-ın əlaltısına çevrilən bəzi ərəb dövlətləri hələ də öz əlləri ilə "oturduqları ağacı" baltaladıqlarının fərqində deyillər. Onların bütün İslam dünyasına yönələn dəhşətli əməlləri laqeydliklə izləməsi müsəlmanlara qarşı xəyanət və satqınlıqdan başqa bir şey deyil. Biz bu xəyanətin ABŞ prezidenti Trampın Qüdsü sionizmin paytaxtı kimi tanıması zamanı da şahidi olduq. Bu gün Fələstində, İraqda, Suriyada, Əfqanıstanda, Yəməndə ölənlər kimlərdir? Müsəlmanlar. Vaxtı ilə Bosniyada, Qarabağda, Kəşmirdə ölənlər də məhz müsəlmanlar idi.

90 yaşında dünyasını dəyişən Azərbaycanın tanınmış Əhli-Beyt sairlərindən olmuş Ənvər Nəzərlinin ürək ağrısı ilə yazdığı şerin bir bəndini yada salmaq bu məqamda yerinə düşür.


Hökm etməkdədir küfrü qırılmaqda müsəlman,
Hər məntəqədə varsa vurulmaqda müsəlman.
Düşməni zəlil etmək üçün durma qiyam et,
Cəddim buyuran höccəti əzmi ilə tamam et.


Bəli, bu gün İslam torpaqları ABŞ-ın, bütovlükdə Qərbin hərbi poliqonuna çevrilib. ABŞ "demokratiyasını" qəbul etməyənlər gec-tez müharibə və ya devrilmə təhlükəsi və yaxud da sanksiyalarla üzləşir. ABŞ-ın bütün siyasətinin mahiyyətində "Parçala hokm sür" süarı dayanır. Məsəl var deyərlər, qurd ağacı içindən yeyər. Qərb dünyasının İslam ölkələrinə qarşı apardığı müasir səlib yürüşünə"bələdçilik" edən, adını müsəlman qoyub İslam dünyasına qənim kəsilən, müsəlmanlar arasında təfriqə yaradan, təriqət və məzhəb ayrı-seçkiliyi təbliğatı apararaq İslamı vəhdəti pozan Səudiyyə Ərəbistanı da məhz içəridən dağıdan qurda bənzəyir. 4 ildən artıqdır ki, Səudiyyənin Yəmənə qarşı yaratdığı ərəb koalisiyasının hərbi müdaxiləsi nəticəsində ölkədə vəziyyət hümanitar fəlakət həddinə gəlib çatıb. Hər gün çoxsaylı Yəmən sakini ərzaq çatışmazlığına görə faciəli şəkildə ölür. Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət son dövrlər daha kəskin şəkidə pisləşib. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Hava zərbələri nəticəsində məktəblər, xəstəxanlalar kommunikasiya xətləri dağıdılıb, ölkə xarabazarlığa çevrilib. Qərbin diqtəsi ilə müsəlman - müsəlmana kömək edəcəyi yerdə onun qəniminə çevrilib. Axı nəyə görə? Bu suala cavab tapmaq üçün yaxın keçmişə ekskurs etmək lazım gəlir.

2014- cü ildə Əli Abdullah Salehin qoşunları inqilabçı Hüseyn əl Husini öldürdülər. Amma onun silahdaşları əllərində siah mübarizəni davam etdirdilər. Həmin ərəfədə “Ərəb baharı” çərçivəsində bir çox ölkələrdə inqilablar başladı. O cümlədən Əli Abdillah Salehə qarşı da qiyam qalxdı. O, yaralandı və xaricə müalicəyə getdi. Siyasi təcrübəsi olmayan Əbdurəbbuh Mansur Hadi yəmənlilərin prezidenti odu. Onun uzaqgörən siyasəti, güclü dayağı yox idi. Hadi öz vətəndaşlarının rifahını yaxşılaşdırmağı düşünmək əvəzinə, kənar qüvvələrin diqtəsini həyata keçirməklə məşğul idi. 2014-cü ilin sentyabrında Yəməndə Əhli Beytə bağlı sayılan Husilər Yəmən xalqı ilə həmrəylik nümayiş etdirərək mürtəce siyasi xətt yürüdən prezident Mənsur Hadini hakimiyyətdən uzaqlaşdırdılar və nəticədə Ənsərullah hərakatının üzvləri hakimiyyətə gəldi. Bu, Yəmən xalqının yekdilliklə müdafiə etdiyi əsil xalq hökumətiydi. Husilər qüvvələrini toplayıb Səna şəhərini tutdular. Sonra koalisiyon hökumət yaradıb, ikinci mühüm şəhəri, Taisi ələ keçirdilər. Bunun ardınca Ədəni tutmaq istədilər. Bu zaman Səud hakimiyyəti qorxdu. Çünki “müstəbidə qarşı əldə silah döyüşmək müsəlmanın borcudur” deyən zeyidilərin Yəməni ələ keçirməsi Səudiyyə Ərəbistanı əhalisi üçün örnək ola bilərdi. Çünki Səud hakimiyyəti də müstəbiddi, bir ailə bütün ölkə üzərində hökmranlıq edir. Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayında 10-a yaxın müttəfiq ölkələrlə birgə Yəmənə hərbi müxailə etdi. ABŞ Səudiyyəyə və onun yaratdığı ətək koalisiyasına bu günə qədər güclü hərbi dəstək verir. Düşmənlər şübhəsiz ki, Yəməndə istədiyi nəticəni əldə edə bilməyəcəklər. Baxmayaraq ki, Səudiyyə və onun müttəfiqləri Yəməndəki şiələrin hakimiyyətə gəlməsindən qorxduqları üçün qətliamları davam etdirirlər. Amma Əhli-beyt sevdası, vəhdət istəyi, əsl islam ideologiyası hər zaman sonda qalib gəlir. ABŞ, İsrail və Səudiyyəni qorxudan səbəb budur ki, İraqda, Suriyada şiələr hakimiyətdədir. Livanda Hizbullah koalsiyon hökumətin üzvüdir, öz hərbi hissələri var. Bəhreyində əhalinin 70 faizi şiədir. Onlar "demokratik insan haqları "adı altında Yəmənin dinc sakinlərini bombalarla, aclıqla, susuzluqla məhv edir, uşaqlara qocalara, qadınlara belə rəhm etmirlər. Məqsəd müsəlmanları fiziki olaraq məhv etməkdir. Bu münaqişədə İsrail də özünəxas rol oynayır. Sionistlərin bölgədə yürütdüyü siyasət isə həmişə olduğunu kimi, ara vurmaqdan, müsəlmanları bir-birlərinə qırdırmaqdan ibarətdir. ABŞ-dan, İsraildən hərtərəfli dəstək alan Səud ailəsi və müttəfiqləri Yəmənə qarşı sonu görünməyən amansız müharibəni davam etdirirlər. Müttəfiqlərin son 4 ildə davam edən hava hücumları nəticəsində 20 minə yaxın dinc sakin həlak olub. Bunlardan 3000 minə qədəri uşaq, 2500 mini isə qadındır. Eyni zamanda, minə qədəri uşaq, 2500-dən coxu qadın olmaqla, 23 mindən çox adam yaralanıb. Həmçinin 829 məscid, 118 elmi mərkəz, yaşayış evləri və digər obyektlər dağıdılıb. Politoloqların rəyinə görə, Yəmən müharibəsi hələ davam edəcək. Çünki Səudiyyə Ərəbistanı faktiki olaraq, ölkəni idarə edən Husilərlə anlaşmaq istəmir.

Səudiyyə Ərəbistanının Azərbaycana qarşı da da səmimi, dost olması inandırıcı deyil. 1990-cı ildən bəri Bakıda, Sumqayıtda, ölkənin şimal bölgələrində vəhabi məscidlərinin tikilməsi tezliklə öz qorxunc nəticəsini verdi. Belə ki, İŞİD ortaya cıxan zaman minlərlə azərbaycanlı məhz həmin məscidlərdə edilən təbliğatın təsiri ilə öz ailələrini də göturərək Suriya və İraqa döyüşməyə gedərək məhv edildilər. Onların başsız qalan ailələri bu gün də İraq zindanlarında həbs cəzası çəkir, gunahsız, məsum uşaqlar isə səfil kimi ortalıqda qalıblar. Bu, vəhabi ideolagiyasının bizim insanlara bəxs etdiyi faciəvi taledir.


Mirzəağa Həsənalı oğlu
Text-to-Speech

DİNLƏ






Şərh yaz