Azərbaycanın müasir görkəmli pavilyonu Moskvadakı “Krokus Expo” sərgi mərkəzində təşkil edilmiş 24-cü “TransRussia-2019” Beynəlxalq Nəqliyyat-Logistika Xidmətləri və Texnologiyaları sərgisində parlaq sensasiyalardan biri oldu. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Azərbaycanda nəqliyyat sahəsinin liderləri tərəfindən təqdim edilmiş və onların rusiyalı tərəfdaşlarının böyük marağına səbəb olmuş layihələr barədə danışıb.
-Dmitri İvanoviç, bu tədbir nəqliyyat sahəsi üçün nə dərəcədə sanballı oldu?
-“TransRussia-2019” sərgisinin tarixi 1995-ci ildən başlanır və bu sərgi hər il öz orbitinə daha çox iştirakçı cəlb edir. Builki sərgidə dünyanın 28 ölkəsindən 400-dən çox şirkət öz ekspozisiyalarını təqdim etdi. Onlar nəqliyyatın bütün növlərindən istifadə etməklə yükdaşımaları ilə məşğul olur, yüklərin ekspedisiyası və emalı ilə bağlı xidmətlər göstərirlər. Azərbaycan bu sərgidə öz milli pavilyonunu ilk dəfə təqdim etdi və necə deyərlər, dərhal hədəfə vurdu: onun stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyasında qalib elan edildi. Mənim fikrimcə, Azərbaycana bu qədər ciddi diqqət yetirilməsi beynəlxalq nəqliyyat infrastrukturunun inkişafında bu respublikanın əhəmiyyətinin artması və sərgidə təmsil olmuş şirkətlərin imici ilə bağlıdır.
-Azərbaycan öz nailiyyətlərini layiqincə nümayiş etdirmək üçün nəqliyyat sahəsinin flaqmanları sırasından hansı şirkətləri seçmişdi?
-Milli pavilyonda dörd iri şirkət öz stendlərini yerləşdirib: “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və “Alyans Logistiks”. İlk üç iştirakçısı şirkətin adları aydındır, Rusiya bazarı üçün bir növ yeni kəşf olan “Alyans Logistiks” isə rusiyalı biznesmenlər tərəfindən böyük maraqla qarşılanıb. Bu şirkət beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə yükdaşımalarla məşğul olur6 həmin yüklər əvvəlcə Rusiyadan dəmiryol ilə Azərbaycan ərazisindən keçməklə İranın Astara şəhərinə, sonra isə avtomobil nəqliyyatı ilə Fars körfəzindəki İran limanlarına daşınır. İran istiqaməti ilə maraqlanan Rusiya şirkətləri “Alyans Logistiks”in timsalında özləri üçün etibarlı tərəfdaş tapıblar. Bakı-Tbilisi-Qars dəmiryol marşrutu ilə Türkiyənin Aralıq dəniz limanlarına aparan digər istiqamət də yetərincə perspektivlidir.
-Nəqliyyat sahəsində Rusiya-Azərbaycan əməkdaşlığından söhbət gedəndə hökmən “Şimal-Cənub” nəqliyyat dəhlizi mövzusu ortaya çıxır. Bu qlobal layihənin əhəmiyyətini Siz necə qiymətləndirirsiniz?
-Mən “Şimal-Cənub” nəqliyyat dəhlizini Avrasiyada nəqliyyat sahəsində mühüm təşəbbüslərdən biri hesab edirəm, çünki o, Hind okeanını və Fars körfəzini Rusiya və Avropa ilə əlaqələndirən ən qısa marşrutdur. Avropaya gedən yolda Süveyş kanalından yan keçməyə imkan verən bu tranzit şəbəkə Mərkəzi və Cənubi Asiyada Rusiyanın təsir dairəsinin genişlənməsi üçün baza ola bilər.
Bu nəqliyyat dəhlizinin mərkəzi elementi Rusiya-Azərbaycan dəmiryol xəttidir: üç ölkənin ərazisindən keçən həmin dəmiryol xətti bu ölkələrin iqtisadi imkanlarını artırmaqla bərabər, həm də müxtəlif əmtəə və xammal növlərinin yüklənməsi, daşınması və emalı ilə məşğul olan çoxsaylı insanlar üçün yeni iş yerləri yaradır.
-Quru ərazi ilə keçən marşrutlar çox vaxt çevik bir formada dəniz yükdaşıma marşrutlarına birləşir. Azərbaycan bu sahədə Rusiya şirkətlərinə nə təklif etməyə hazırdır?
-Şübhəsiz, dəniz yolu ilə yükdaşımaların infrastrukturunda əsas obyekt hazırda Xəzər dənizində ən müasir liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Keçən ilin baharında istifadəyə verilmiş bu limanda ən müasir kran qurğularından və müvafiq avadanlıqdan istifadə edilir, limanın yükaşırma qabiliyyəti isə 15 milyon tona bərabərdir. Bu limandakı üç terminala demək olar ki, hər gün Rusiya gəmiləri daxil olur, buradan Rusiyaya, Türkmənistana, İrana və Qazaxıstana göndərilən yüklərin aşırılması və daşınması həyata keçirilir. Qaradağ rayonunun Ələt qəsəbəsində sahəsi 100 hektar olan azad ticarət zonası yaradılır. Bu zonanın sayəsində Bakı yaxın illərdə Mərkəzi Avrasiyanın əsas logistika mərkəzinə çevriləcək. Bakı limanı ilə Həştərxan dəniz limanının əlaqələndirilməsi nəticəsində Xəzər akvatoriyasında Rusiya ilə Azərbaycanın əməkdaşlığı üçün uzunmüddətli təməl yaranacaq və 160 ildən çox tarixi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, əlbəttə, bu istiqamətdə əsas yük daşıyıcılarından birinə çevriləcək. Gəmiçiliyin tərkibinə daxil olan 260-dan çox gəmi beynəlxalq sularda və Xəzər dənizində üzür.
-Sizin fikrinizcə, Azərbaycanın nəqliyyat infrastrukturuna məqsədyönlü şəkildə sərmayə qoyması nə dərəcədə uzaqgörən addım olub?
-Azərbaycan Respublikası özünün coğrafi mövqeyindən çox səmərəli istifadə edib. Ticarət yollarının kəsişdiyi məkanda yerləşən Azərbaycan çox qısa müddətdə regionun nəqliyyat-logistika mərkəzinə çevrilib. Bir fakt çox vacibdir ki, azərbaycanlılar əldə edilmiş nailiyyətlə kifayətlənmir və respublika ərazisindən yükdaşımaların həcmini daha da artırmaq istiqamətində işləyirlər. Buna həm cəlbedici tariflər, həm sadələşdirilmiş gömrük prosedurları, həm də sənədləri elektron formatda emal etməyə imkan verən rəqəmsal texnologiyalar şərait yaradacaq. Lakin əsas amil yükdaşımaların həcmi və respublika büdcəsinə daxil olan gəlirlər deyil. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin bu yaxınlarda çox dəqiq olaraq qeyd etdiyi kimi, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihələrinin əsası geosiyasətdir, çünki sözün yaxşı mənasında qarşılıqlı asılılıq yaradan bu layihələr sabit və proqnozlaşdırıla bilən gələcəyə töhfə verir, ölkələri və qitələri birləşdirir. Mən də çox şadam ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə bu cür möhkəm qarşılıqlı asılılıq var.