Tanınmış ifaçı Zahidə Günəş Tarix Əliyevin (Tolik) rəsmi Youtube kanalında aparıcılığını etdiyi "Tarix ilə səmimi" verilişində ərindən boşanma səbəbindən danışıb.
Məlum olub ki, qadın ifaçı həyat yoldaşını ona başqa qadınla xəyanət etdiyi üçün tərk edib.
Teleqraf.com xəbər verir ki, həmin evlilikdən bir övladı olan Zahidə, xəyanəti gözləri ilə gördüyünü deyib:
"Artıq oğlumun 1 yaşına hazırlaşırdıq. Özümə, oğluma geyimlər seçmişəm. Həyatımın ən xoşbəxt anı idi. 3 gün qalırdı oğlumun 1 yaşına. Telekanallarımızdan birindən zəng edib məni verilişə dəvət etdilər. Dedim "Gəlmirəm, istəmirəm. Səmralın 1 yaşı olsun, olandan sonra efirlərə çıxacam". Çox xahiş etdilər, yerə sala bilmədim axırda. Hazırlaşdım, amma elə bil ayağım getmir. Getdim çəkilişin getdiyi məşhur restoranlarımızdan birinə. Maşınımı səkidə yox, heç kəsə mane olmamaq üçün sürüb ağacların arasında saxladım. İçəri getdim, dedilər "diskin hanı?". Bayıra çıxdım, maşından diski götürəndə bir də gördüm oğlumun atası... Maşını saxladı düz gözümün önündə. Bunun da iş vaxtı idi. Düşdü maşından, qoluna da bir qadın girib. Özdə qadın da nə qadın?! Allah təala yaradıbsa hər şey gözəldir. Amma ayağımın tozuna dəyməzdi. Girdilər mən çəkilişə gəldiyim restorana. Bunu heç harda deməmişəm. Disk əlimdə donub qaldım. Zəng etdim ona, qaça-qaça çıxdı bayıra. Məni görmür amma. Dedi "Aycan". Dedim "Hardasan, neyləyirsən?". Dedi işdəyəm. Soruşdu "hardasan?", dedim "Evdən çıxmışam, çəkilişdəyəm". Dedi "harada çəkilişdəsən?", "Sən olduğun yerdə" cavabı verdim. Düşdüm maşından, qabağına gəldim. O üz-üzə gələn, bu üz-üzə gələn".