ABŞ-ın nüfuzlu konqresmenlərindən olan, Ohayo ştatını təmsil edən Tim Ryan (Demokrat) Xocalı qətliamı ilə bağlı bəyanat verib.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsi qurbanlarının xatirəsinin yad olunduğu bəyanatda 1992-ci ilin fevralında günahsız insanların misli görünməmiş dəhşətli qırğınının 27 il sonra belə insanı sarsıtdığı bildirilib. Cənubi Qafqazda ən qəddar amansızlıqlardan biri olan bu hadisə ilə bağlı ədalətin hələ də təmin olunmadığı, 150 mülki şəxsin aqibətinin indiyədək bilinmədiyi diqqətə çatdırılıb.
Tim Rayn vurğulayıb ki, beynəlxalq aləmdə insan hüquqları və demokratiya tələb edilərkən Xocalıda baş verənlər xatırlanmalı və hadisəni törədən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.
Qeyd edək ki, bu, Xocalı faciəsi ilə bağlı cari ildə ABŞ Konqresində verilmiş sayca dördüncü bəyanatdır. Konqresmen Tim Rayndan əlavə, Əlsi Heystinqz, Virciniya Foks və Stiv Koen də bəyanatlarla çıxış ediblər.