Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib.
Bu barədə Anews.az-a Ombudsman Aparatından məlumat verilib.
Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 27 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Bu alayın çoxsaylı ağır texnikası qəfildən şəhərə yeridilmiş, cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc əhalini amansızcasına qətlə yetirmişlər, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır.
27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirmiş, eyni zamanda çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.
Bu faciə erməni terrorçularının və onların havadarlarının Azərbaycan xalqına qarşı illər boyu məqsədyönlü şəkildə davam etdirilən etnik təmizləmə və soyqırımı siyasətini bir daha təsdiq etmiş, məqsədi soydaşlarımızı kütləvi qırğına məruz qoymaqla, onları öz tarixi torpaqlarından didərgin salmaq və əzəli Azərbaycan ərazilərini də zəbt etməklə "Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir.
Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Lakin təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almamış, bu beynəlxalq cinayəti təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, onlara indiyədək layiq olduqları cəzalar verilməmiş və bu məqsədlə hər hansı bir tədbir görülməmişdir.
Xocalı soyqırımını törətməklə hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və bu bölgənin hüdudlarından kənara çıxaraq ətraf Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğala məruz qalmış, 20 min soydaşımızın həyatına son qoyulmuş, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı erməni millətçiləri və terrorçuları Xocalı şəhərindən başqa, Azərbaycanın Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də kütləvi qırğınlar törətmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı xüsusi müraciəti olmuş, həmin ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.
İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha sübut edir.
Lakin erməni tərəfi hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, atəşkəs rejimini mütəmadi olaraq pozur, regionda sülhün bərqərar olmasına maneçilik törədir. Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 il davam edən bu təcavüzə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür, münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərinin öz yurdlarına qaytarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırır. Bu isə beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən son dövrdə Avropa Parlamentinin 12 dekabr 2018-ci ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünün bir daha vurğulandığı Qətnamədə öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli Sərəncam imzalanmış və müvafiq tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hər il olduğu kimi, bu il də həmin faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş və icra olunur.
Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsini dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.
Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanımışlar.
ABŞ-ın 22 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho və Nevada ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.
Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və İslam Əməkdaşlıq Təşkilatının, AŞPA-nın, habelə Qoşulmama Hərəkatının və digər beynəlxalq qurumların bu qərarlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bötüvlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.
Xocalı soyqırımının 27-ci ildönümü günlərində həmin faciə zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad edərək, yuxarıda qeyd olunanları, habelə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq qətiyyətlə bildirirəm ki, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı zəruri cəza tədbirləri tətbiq edilməlidir. Hər bir dövləti, beynəlxalq təşkilatları bu soyqırımını ədalət naminə tanımağa, onu törədənlərin cəzalandırılması üçün həmrəyliyə və səyləri artırmağa bir daha çağırıram.
Bu kimi halları törədənlərin cəzalandırılmaması dünyanın hədəflədiyi əsas prioritetlərinə, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.
Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməli, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına, sülh və ədalət çağırışlarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır".