Axtarış...

Gədəbəydə növbəti özbaşınalıq dalğası... - GİLEY

Gədəbəydə növbəti özbaşınalıq dalğası... - GİLEY

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının sabiq direktoru Yusif Murğuzovla bağlı mətbuatda dəfələrlə tənqidi məqalələr yer alıb. Amma, deyəsən, Murğuzov vəzifəsindən kənarlaşdırılsa da, adıçəklən kombinatla bağlı problemlər aradan qaldırılmayıb. Gədəbəy şəhərinin sakini Fəqani Hüseynovun “Hürriyyət”ə ünvanladığı şikayət məktubu belə düşünməyə əsas verir. Məktubu olduğu kimi sizə təqdim edirik:

“Əkbər Kazımov bütün vəzifələrə öz yaxın qohumlarını təyin edib, bütün yerli sürücü və traktorçuları isə işdən kənarlaşdırıb”

“Mən, Hüseynov Fəqani Faiq oğlu, 1962-ci ildə anadan olmuşam. Gədəbəy şəhərinin Şəhriyar küçəsindəki 8-ci binada yaşayıram.

Bildiyiniz kimi, cənab prezident işsizliyin aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb. “Dost iş Mərkəzi” MMC yaradılıb, həmin cəmiyyətin bir filialı da Gədəbəy rayon Məşğulluq Mərkəzinin nəzdində fəaliyyət göstərir. Amma əfsuslar olsun ki, Məşğuluq Mərkəzinin öz direktoru olduğu halda, Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının yeni təyin olunmuş direktoru Əkbər Kazımov vəzifəsindən sui-istifadə edərək, özünü orda rəhbər kimi aparır. Səfalət içində yaşayan yoxsulları işə qəbul etmək əvəzinə, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Rüstəm Nağıyevlə əlbir olan kombinat direktoru öz yaxınlarını, tanışlarını kombinatda işlə təmin etdirir.

Bu ilin yanvar ayının əvvəlində həyat yoldaşım, Gədəbəy şəhər sakini, 35 il Gədəbəy Rayon Məhkəməsində dəftərxana müdiri işləyən Hüseynova Natella Aydın qızı bütün lazımi sənədləri Məşğulluq Mərkəzinə təqdim etdi, rəsmi qaydada əmək müqaviləsini də imzaladı. Onunla eyni vaxtda Saratovka kəndinin sakini, 5 atasız uşaq böyüdən Yeganə Ələsgərova, Gədəbəy şəhər sakini, Qarabağ müharibəsinin veteranı Məmmədəli Cəfərov, veteran oğlu Fariz Qasımov (ailədə 5 nəfər var - iki qadın, üç kişi - heç biri də işləmir, maddi vəziyyətləri çox ağırdır) və digər aztəminatlı ailələrin nümayəndələri sənədlərini təqdim edib, əmək müqaviləsini imzaladılar. Yanvarda işə qəbul olunan vətəndaşlara fevralda işdən azad edildikləri bildirdi. Heç əmək haqları da verilmədi. Maaş kartlarını belə ala bilmədilər. Yenə də kombinat direktoru ailə ansamblını ətrafına toplayıb, bu adamları işsiz qoydu.

“İstəyirəm, haqq-ədalət öz yerini tapsın. Dövlət səviyyəsində yoxlama təşkil edilsin, işə götürülən bütün vətəndaşların şəxsi işləri araşdırılsın”

40 ilə yaxındır Bakının Xəzər rayonunda qeydiyyatda olan, Gədəbəyin yolunu, küçələrini tanımayan, ötən ilin dekabr ayında rayonun Kommunal Müəssisələri Kombinatına direktor təyin edilən Əkbər Kazımov kombinatı çapıb-talayır, amma gözü doymur, Məşğulluq Mərkəzinin işinə də müdaxilə edir. Kombinatda bütün vəzifələrə öz yaxın qohumlarını təyin edib, bütün yerli sürücü və traktorçuları isə işdən kənarlaşdırıb. Heç kəsi də saya salmır. Hətta o həddə çatıb ki, işçilərlə nalayiq ifadələrlə danışır, Məşğuluq Mərkəzinin müdiri Sənan Mürsəlova deyir ki, mən olan yerdə sən kimsən, kimi deyirəmsə, onların da əmirini verin.

Mən özüm 18 ilə yaxın mətbuat işçisi olmuşam, ona qədər 20 il polisdə çalışmışam, Qarabağ müharibəsi veteranıyam. Bir müddət işsiz qaldım. Amma icra başçımız İbrahim Mustafayevin sayəsində, onun şəxsi göstərişi ilə 6 aydır ki, adıçəkilən kombinatda bağbanlıq edirəm. Onu da deyim ki, artıq ikinci aydır əmək haqqımızı ala bilmirik. Əvvəlki maaş kartımızı bizdən alıblar, yenisini isə hələ verməyiblər.

İnanın ki, mən bu məktubu nə özümə, nə də ailəmə görə yazmıram. Mənə təsir edən yerli məmurların cənab prezidentin sərəncamına məhəl qoymaması, aztəminatlı ailələrin işlə təmin edilməsi üçün dövlət büdcəsindən ayrılan pulun işbazlar tərəfindən mənimsənilməsidir.

“Bu gün sərhəd bölgəsi olan Gədəbəyin əhalisi çox acınacaqlı vəziyyətdə yaşayır. Hətta doğma rayonumuzu tərk etmək məcburiyyəti ilə üz-üzə qalmışıq”

İstəyirəm, haqq-ədalət öz yerini tapsın. Dövlət səviyyəsində yoxlama təşkil edilsin, işə götürülən bütün vətəndaşların şəxsi işləri araşdırılsın. O zaman məlum olacaq ki, onların hamısı kifayət qədər təminatlı insanlardır, hamısı da kombinat direktorunun qohumu və tanışdır.

Məndə olan məlumata görə, ötən həftənin sonu icra başçısı toplantıda Əkbər Kazımovu yetərincə tənbeh edib, hətta iclasdan belə çıxarıb. Amma hələ ki, kombinat direktoru vəzifəsindən kənarlaşdırılmayıb, özbaşınalığından da əl götürməyib.

Bu gün sərhəd bölgəsi olan Gədəbəyin əhalisi çox acınacaqlı vəziyyətdə yaşayır. Hətta vəziyyət o yerə çatıb ki, doğma rayonumuzu tərk etmək məcburiyyəti ilə üz-üzə qalmışıq. Yəni, regionlarda işsizliyin aradan qaldırıldığını bəyan edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, "ailədə 2 nəfər işləyəndə, iki yerdə çalışanda 180 manatla dolanmaq olar" söyləyən millət vəkili Hadi Rəcəbli burda baş verən özbaşınalıqlardan xəbərsizdir?

Sizin qəzetiniz vasitəsilə ölkə prezidentinə, aidiyyati qurumlara müraciət edirəm, onlardan adıçəkilən məsələni hərtərəfli araşdırıb günahkarları cəzalandırmalarını xahiş edirəm”.

Sözügedən məsələyə aydınlıq gətirmək və qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının baş mühasibi Bayram Abbasovla telefon bağlantısı qurduq. Bayram Abbasov şikayətçinin dediklərini qəti surətdə təkzib edib, “burda belə söhbət yoxdur” söyləyərək dəstəyi asdı.

Gədəbəy rayon Məşğulluq Mərkəzinin direktoru Sənan Mürsəlovla danışmaq cəhdlərimizsə boşa çıxdı. Əvvəlcə katibə Sənan müəllimin 10-15 dəqiqəyə kabinetinə qayıdacağını bildirdi, deyilən vaxtda zəng vurduq, bir neçə uğursuz cəhddən sonra nəhayət mərkəzin özünü təqdim etməkdən boyun qaçıran əməkdaşı zəngimizə cavab verdi. Sənan Mürsəlovun toplantıda olduğunu, nə vaxt qayıdacağının bəlli olmadığını söylədi. Ondan vəziyyətə aydınlıq gətirməsini xahiş etdik. Bildirdi ki, adları çəkilən şəxslər yanvarda deyil, oktyabrda işə qəbul ediliblər, 3 aydan sonra əmək müqavilələrinin müddəti bitdiyinə görə işdən azad ediliblər.

Onların nə səbəbə işdən azad edildiyini soruşduq, cavab verdi ki, dəqiq bilmir. Amma çox guman ki, həmin şəxslərin kifayət qədər imkanlı olduğu aşkar edildiyindən, onlarla əmək müqviləsi bağlanmayıb. “5 uşaqlı dul qadın necə kifayət qədər imkanlı ola bilər?” sualı onu çaşdırdı. “Bəlkə vaxtlı-vaxtında işə gəlməyib, yaxud hansısa başqa səbəbdən işdən azad edilib”,- deyə sualımızı cavablandırdı.

Ondan kombinatdakı özbaşınalıqlardan, direktorun öz ətrafına qohum-əqrəbasını yığdığından xəbərdar olub-olmadığını soruşanda səsindən karıxdığını hiss etdik, söylədi ki, heç nədən xəbəri yoxdur, adi işçidir, bu suallara ancaq Sənan Mürsəlov cavab verə bilər. Bizdən əlaqə nömrəsi xahiş etdi və Sənan müəllimin bizimlə əlaqə saxlayacağını bildirdi. Amma az sonra söylədi ki, Sənan Mürsəlovla danışıb və direktor bildirib ki, yalnız mərkəzə rəsmi məktubla müraciət etdiyimiz halda suallarımız cavablandırılacaq.

Rəsmi məktubların necə “cavablandırıldığını” yaxşı bildiyimizdən burdan Sənan Mürsəlova müraciət edərək onun mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.
Text-to-Speech

DİNLƏ






Şərh yaz