Prezident İlham Əliyev bütün sahələrdə məmurlara təkbaşına nəzarət edə bilməz ki?! İdarə rəislərinin, şöbə müdirlərinin fəaliyyətinə nazirlər, müavinləri göz yetirməlidir.
Məsələn, dövlət başçısı beynəlxalq layihələrlə, səfərlərlə bağlı iş-gücünü atıb İdarəsinin Beyləqan rayon nümayəndəliyinin rəhbəri Nazim Mirzəyevin fəaliyyətini araşdırmalıdır? - təbii yox.
Bunun üçün Mədəniyyət Nazirliyi var, nazirliyin Kürdəmir regional idarəsi var. Əgər şöbədə əyər-əskiklik, nöqsan varsa, regional idarə tədbir görməlidir, o da başdansovdu yanaşırsa, işə nazirlik qarışmalıdır.
Amma bizdə məmurların fəaliyyətinə nəzarət arzuolunan səviyyədə deyil. Xüsusən də, mədəniyyət naziri Əbülfəs Qarayevi regional idarələr, onların ayrı-ayrı nümayəndəlikləri maraqlandırmır.
Məlumatlara istinadən o qənaətə gəlir ki, nazirlik mətbuatdakı informasiyaları yoxlasaydı, şöbə rəisləri barədə ölçü götürərdi.
Elə götürək Beyləqan mədəniyyət şöbəsinin rəisi Nazim Mirzəyevin fəaliyyətini... Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinə tabe olsa da, bu struktur islahatı aparılmamışdan əvvəl necə işləyirdisə, elə davam edir.
Nazim Mirzəyev idarə rəisi Elman Məmmədovla əlbir olduğu qədər, özünün kassasının ayrıca olduğu deyilir.
Malı mala qatmayan N.Mirzəyev fikirləşir ki, E.Məmmədov regional idarə rəisi vəzifəsindən nə vaxtsa azad oluna bilər, əsas özünə daha çox fayda verməkdir.
Məsələn, onun idarə rəisindən gizli “ölü canlar” saxladığı iddia edilir. Yəni işləməyənlərin maaş kartları N.Mirzəyevin nəzarətindədir və dövlətin ödədiyi əmək haqları gizli şəkildə mənimsənilir.
Əslində Nazim Mirzəyev pis insan deyil. Beyləqan ictimaiyyəti, sakinləri onu hörmətlə qarşılayırlar. Rayonda tək-tük məmurlardandır ki, insanları incitməyib, kiminsə xətrinə dəyməyib.
Beyləqanda Nazim müəllim deyəndə hamı onu tərifləyir, mehriban, səmimi biri olduğunu söyləyir. Əlbəttə, bu cür müsbət insani keyfiyyətlər təqdirəlayiqdir.
Xüsusən də mədəniyyət sahəsinə cavabdeh olan bir məmurda bu cəhətlər görmək alqışlanmalıdır. Sadəcə, N.Mirzəyev heç kimin qəlbinə dəymədən maliyyə əməliyyatlarını həyata keçirir.
Oxucular “google” axtarış sistemində yalnız “Nazim Mirzəyev Beyləqan” sözlərini yazsınlar, əlavə sözə ehtiyac yoxdur, görün nələr çıxacaq. Bir məmur barəsində tərifli məqalə ilə qarşılaşmaq olmursa, artıq nazirlik onu araşdırmalıdır.
Nazim Mirzəyevin kitabxana, musiqi məktəbinin işçilərindən, mədəniyyət və klub işçilərindən vaxtaşırı müxtəlif tədbirlər üçün pul yığdırdığı söylənir.
Dəfələrlə “ölü canların” adına əmək haqqı alması irad tutulsa da, Nazim Mirzəyev böyük hissəsinin Elman Məmmədova və nazirliyə çatdığını bildirir.
Bundan əlavə, Nazim Mirzəyev baş mühasibi Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılıb, mənimsənilməsinə dəfələrlə nail olub. Məsələn, 2014-cü ildə 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus “Elmir-Murad” müəsissəsinə verilib.
Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların “cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına “xərclənib”.
Rayonun bütün kənd kitabxanalarınında çayxanaya, ya da dükana çevrildiyi qeyd olunur. Nazim Mirzəyev «ölü can»ların adına yazdığı maaşların hesabına ayda ən azı 4000-5000 min manata yaxın qazanc əldə edir.
Nazim Mirzəyevin şəhər musiqi məktəbinə işə qəbul olunmaları üçün 2000-3000 manat arası aldığı iddia olunur. Təbii ki, bu maliyyə Elman Məmmədovla razılaşdırılır.
Bütün bu informasiyalardan gəlinən qənaət ondan ibarətdir ki, Nazim Mirzəyev sanki Beyləqan mədəniyyət şöbəsini supermarket kimi idarə edir.
İnternetdə axtarış verməklə Nazim Mirzəyevin fəaliyyəti barədə müsbət məlumata rast gəlinmir. Amma niyəsə Əbülfəs Qarayev gözləyir ki, bu şöbənin yoxlanmasına prezident göstəriş versin.
Dövlət başçısı işin-gücünü qurtarıb hər xırda müəssisə ilə maraqlanmalı deyil. Nazirlər ona görə təyin olunur ki, yerlərə nəzarət eləsinlər.
Amma görünür ki, nazirin regional idarələr yaradılması “islahatı” fiaskoya uğrayıb. Nazim Mirzəyev yenə də özü müstəqil şəkildə istədiyini reallaşdıra bilir.
Füzuli və Xocavənd Mədəniyyət şöbələrində baş verən maliyyə maxinasiyaları ilə bağlı da araşdırma aparırıq.
Bununla belə, təkrar edirik ki, Nazim Mirzəyev Beyləqan əhali arasında böyük hörmət sahibidir və onun haqqında tənqidlərin, iddiaların meydana çıxmasına susması sual doğurur. Biz ona geniş meydana verməyə, mövqeyini ətraflı işıqlandırmağa hazır olduğumuzu bildiririk. \\azerinfo.az\\