Axtarış...

Əbülfəs Qarayevə nədən XAİN deyilməlidir... - İTTİHAM

Əbülfəs Qarayevə nədən XAİN deyilməlidir... - İTTİHAM

Son günlər Xarici İşlər Nazirliyində DTX tərəfindən aparılan operativ əməliyyat tədbirləri sonucunda orada dövlət büdcəsinin talan edilməsi, rüşvətxorluğun, traybalizm və nepotizmin tüğyan etməsi deyil, dövlətçilik maraqları baxımından Azərbaycanın taleyini sual altında qoyan hədəflər də ortaya çıxdı. Beləliklə də Kreml tərəfindən idarə olunan “Beşinci kolon”nun Rusiya və Ermənistan, eləcə də erməni lobbisi ilə birgə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə qarşı dolayı yolla uzun illərdir aparılan siyasət ifşa edildi.

“Beşinci kolon”u təmsil edən, üz-gözündən dəhşət yağan bu mağmın məmurların “kontor siçovulları” kimi bir yandan dövlət büdcəsini dağıtmaları, başqa bir tərəfdən milli siyasətimizin ana hədəfi olan “Qarabağ problemi” və işğal altında olan ərazilərimizin azad edilməsinə qarşı dərin duyular qazmaları milli faciəmizin acılarından biridir. Belə bir problem Mədəniyyət Nazirliyində də yaşanılıbdır.

15 Regional Mədəniyyət İdarəsi rəzalətində Qarabağ düyünü

Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış və dərin strateji hədəflərə hesablanmış antimilli projelərdən biri də, “Regional Mədəniyyət İdarələri”nin yaradılması olubdur.
Beləliklə də Azərbaycanın Qarabağ bölgəsi və eləcə də işğal olunmuş rayonlarının inzibati baxımdan fərqli bölgələr arasında bölünməsi siyasəti qanunla rəsmiləşdirilib.
1. Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət İdarəsi;

2. Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyəti;

3. İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət İdarəsi;

4. Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və şöbələrinin bazasında Şəki Regional Mədəniyyət İdarəsi;

5. Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət İdarəsi;

6. Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət İdarəsi;

7.Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət və şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət İdarəsi;

8.Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və İdarəsi;

9.Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət və şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət İdarəsi;

10.Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət İdarəsi;

11.Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət İdarəsi;

12.Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət İdarəsi;

13.Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət İdarəsi;
14. Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və şöbələrinin bazasında Masallı Regional Mədəniyyət İdarəsi;

15.Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət İdarəsi.
Belə bir regional bölünmə və idarəetmə strukturununun yaradılması Qarabağın və eləcə də işğal olunmuş bölgələrimizin tamamilə unutdurulmasına doğru atılan addım kimi dəyərləndirmək mümkündür. Halbuki, həmin idarələr regional prinsiplər nəzərə alınmaqla, düzgün idarəetmə strukturu ilə tamamlanmalı idi.

Regional idarəetmə bölgələrin bütünlüyünü qorumalıdır

Qarabağ və işğal altında olan bölgələrimizlə bağlı Milli Məclisə deputat seçkilərində, prezident tərəfindən yerli icra hakimiyyəti başçılarının təyinatında, prokurorların, məhkəmə hakimlərinin, hərbi komissarların, DTX və polis idarələri rəislərinin, digər inzibati orqanlara təyinatda regional prinsiplərə əməl oluduğu halda, gözəlim mədəniyyət nazirliyinə gəldikdə bütün qaydalar pozulubdur. Bu faktın özü bir daha sübut edir ki, Xarici İşlər nazirliyində olduğu kimi, mədəniyyət nazirliyində də “Beşinci kolon” siyasətinin tərəfdarları ən yüksək səviyyədə vahid komanda tərəfindən idarə olunublar. Hər iki nazirlik mümkün qədər Qarabağ və digər işğal olunmuş bölgələri unutdurmaq siyasətini sərgiləyiblər. İndi əlahəzrət faktlara diqqət yetirək:
Sumqayıt və Abşerona bağlılığı olmayan Zəngilan, Qubadlı və Şuşa mədəniyyət idarələrinin Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe etdirilməsi hansı məntiqə əsaslanır? Halbuki, Şuşa mərkəz olmaqla Xankəndi, Xocalı, Laçın, Ağdam, Qubadlı ayrıca regional mədəniyyət idarəsi kimi rəsmi status almalıdır. Respublikamızın Şimal bölgəsinin tarixi baxımdan mədəni mərkəzi hər zaman Quba şəhəri olubdur. Bu dəfə mədəniyyət nazirliyi heç bir əsas olmadan bölgənin mədəni mərkəzi olaraq Xaçmazı elan edib. Beləliklə də bölgədə qeyri müəyyənlik durumu yaşanılır. Ona görə də biz təklif edirik ki, tarixi, mədəni və etnososial düzəni nəzərə alaraq, Quba mərkəz olmaqla Qusar, Xaşmaz, Siyəzən, Şabran və Xızı rayonlarının vahid idarə şəklində təmsil olunması daha doğru olardı. Azərbaycan tarixi və dövlətçiliyi, eləcə də etnomədəni sisteminin əsas mərkəzlərindən biri olan Şamaxını bir kənara qoyub, İsmayıllını regional mədəniyyət mərkəzi elan etmək hansı məntiqə sığır? Şamaxı mərkəz olmaqla, İsmayıllı, Qobustan, Ağsu və Qəbələnin bir araya gəlməsi ən doğru addım olardı. Nazirlik ömründə ilk dəfə olaraq regional bölgü məsələsində Şəkini mədəni mərkəz kimi elan etməkdə haqlı addım atıbdır. Şəki mərkəz olmaqla Oğuz, Qax, Zaqatala və Balakən regional mədəni sisteminin formalaşdırılması ən dorğu addımdır. Nazirliyin faciəvi addımlarından biri Kürdəmir mərkəz olmaqla İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarını aranda birləşdirmək siyasətidir. Halbuki, bu addımı atmaqla Qarabağ regional mədəni sistemini tapdalayıb. Aran bölgəsində mədəni mərkəz hesab olunan Göyçay daxil olmaqla Kürdəmir, Ucar, Hacıqabul ortaq düzənlə formalaşma ənənəsinə malikdir. Füzuli rayonu regional mədəni mərkəz kimi Cəbrayıl, Zəngilan və Xocavənd rayonları ilə daha asanlıqla uzlaşa bilər. Həm də Füzuli rayonunun Horadiz şəhərində mədəniyyətimizlə bağlı müvafiq infrastukturlar dövlət tərəfindən ən yüksək səviyyədə qurulubdur. Bütün bunları nəzərə almayan mədəniyyət nazirliyinin tək bir amacı olub: Azərbaycanın işğal olunmuş ərazilərini və özəlliklə də Qarabağı unutdurmaq. Xarici İşlər nazirlyində olduğu kimi, mədəniyyət nazirlyində də işçilərin əksəriyyəti “rusdilli” olduqları üçün, onların qafasında milli düşüncə anlamına yer olmayıbdır. Ona görə də mədəniyyət nazirliyi digər sahələrdə olduğu kimi, dövlətimizin ərazi bütövlüyü məsələsində ciddi aşınmalara dayanıqlı olan hədəfləri sərgiləyibdir. Bəzən nazirlik tərəfindən qısametrajlı sənədli filmlərin çəkilişi, kitabların yazılması kimi addımlar atılıbsa, bu korrupsiya məqsədilə həyata keçirilibdir.

Milli maddi-mədəniyyət abidələrimizi dünyaya tanıtmağın düsturu

Azərbaycan bir dövlət olaraq, indiki Ermənistan torpaqlarının bizim tarixi ərazilərimiz olması ilə bağlı beynəlxalq birliyə dəfələrlə səslənmişdir. Bu məsələdə tarixi faktlar nə qədər ortaya atılsa da, maddi-mədəni abidələrimizin irsini gündəmə gətirən addım atılmayıbdır. Bizim fikrimizcə, bu istiqamətdə iki yöndə fundamental elmi konsepsiya əsasında bəşəri mənada işlər görmək hələ də gec deyil:
1. İndiki Ermənistan ərazisinin toponomiyası, maddi-mədəni irsi, elmi-ədəbi mirası,
2. Qarabağ və işğal olunmuş ətraf bölgələrin tarixi, hüquqi, elmi-nəzəri və digər sahələrdə sənədlərin gündəmə gətirilməsi.
Bunun üçün ilk addım olaraq, həmin sahələri mükəmməl şəkildə bilən alimlərin, elmi-konseptual hazırlığı olan sənədlərin bir araya gətirilməsi olduqca mühüm addım ola bilər. Bu iki bölgə ilə bağlı hazırlanmış sənədli filmlər həm də elmi konseptual xarakter daşımalıdır. Çünki, Qafqazda prototürk və protoxristian, katoqomba, kurqan mədəniyyətinin izlərini inersiya ilə deyil, peşəkar etnoqraflar və etnokulturoloji sistemi mükkəməl bilən mütəxəssislər cəlb olunmalıdır. Özəlliklə arxeologiya, arxeoqrafiya, arxivşünaslıq, arxontologiya, veksillologiya, genetik genealogiya, etnodemoqrafiya, bonistika, heraldika, tarixi coğrafiya, demoqrafiya, informatika, metrologiya, mənbəşünaslıq, numizmatika, onomastika, paleoqrafiya, sfragistik, diyarşünaslıq, papirologiya, tarixi gender, xronologiya, epiqrafika, etnologiya, kulturologiya və digər sahələrdə sübut və dəlilləri ortaya qoymaqla irimiqyaslı addımlar atıla bilər.
Min dəfələrlə təəssüflər olsun ki, mədəniyyət nazirliyi uzun illərdir bu sahədə hansısa addımları atmayıb. Biz öncəki yazılarımızda da qeyd etmişdik ki, nazirliyin nəzdində Azərbaycan kimliyi və mədəniyyətinin coğrafi sərhədlərinin tarixi, çağdaş düzəni ilə bağlı ayrıca araşdırma mərkəzi olmalıdır. Bu yöndə atılacaq addımların layihələri önə çıxarılmalıdır. Çağdaş dünya siyasətinin ayrılmaz parçası olan kulturoloji sistemlərin əsil mahiyyəti bundan ibarətdir. Mədəniyyət Nazirliyində bu sahə üzrə bir nəfər belə olsun mütəxəssis yoxdur. Beləliklə də çağdaş Azərbaycan mədəniyyətinin dinamikliyi yoxdur. Cəmiyyətin mədəni inkişaf düzəni erroziyaya uğrayıb. Əbülfəs Qarayev kimi savadsızların ucbatından Rafiq Bayramovlar, Zakir Sultanovlar, regional mədəniyyət idarələrinin müdirləri, nazirlikdəki idarə rəisləri tərəfindən Azərbaycan mədəniyyəti böyrü üstə yıxılıb və reanimasiya həddinə çatdırılıb. Həbs olunan iriçəkili məmurlarla yanaşı, nazirlikdəki neqativ halların sorumlusu olan bütün idarə müdirləri və rəisləri də fikrimizcə tutduqları görəvlərdən uzaqlaşdırılmalıdır. Çünki, onların suçu üzündən çağdaş milli mədəniyyət doktrinamız məhv edilib.
Mədəniyyət nazirliyinin anti Qarabağ strategiyasının bütün gizlinləri də yarıtmaz kadr siyasətinin sayəsində ortaya atılmışdır. Bunun sonucu olaraq Qarabağ məsələsinin unutdurulması dərin uzantılar da ifşa olunubdur. Sadəcə korrupsiya və rüşvətxorluq halları deyil, həm də Qarabağa ögey münasibətin sirlərinin faş olması çoxlarında bir ümid işığına səbəb olub. Xarici işlər və Mədəniyyət nazirliklərindəki neqativ halların qısa fasilə ilə olsa da, ifşa edilməsi ilə yanaşı həm də antimilli “Beşinci Kolon”nun iflasının təməli deməkdir.
Ənvər BÖRÜSOY, sənətşünas //hurriyyet.org//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz