Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qədər "Barselona"dan ayrılacaq.
Fanat.az xəbər verir ki, bu barədə Argentina mediası məlumat yayıb.
Argentinalı ulduz bundan əvvəlki açıqlamalarında dəfələrlə bildirib ki, karyerasını bitirmədən bir müddət uşaqlıq arzusu olan "Newell's Old Boys" klubunun formasını geyinmək istəyir. Onun "Barselona" ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Lakin futbolçu 2020-ci ildə anlaşmanı birtərəfli qaydada pozmaq hüququna sahibdi.
Argentina mediası iddia edir ki, "Qətər-2022"yə qədər "Newell's Old Boys"da oynayacaq və mundialdan sonra karyerasını başa vuracaq. Futbolçu Argentina təmsilçisində ən azı 6 ay oynamağı planlaşdırır. Klub rəhbərliyi isə bu müddəti uzatmaq istəyir.
Artıq Messi Argentinaya qayıdış planlarını reallaşdırmağa başlayıb. Onun Rosarioda 300 kvadrat metrlik ərazidə villa tikdirməsinin də buna hesablandığı bildirilir.
İddia olunur ki, "Barselona"nın prezidenti Josep Maria Bartomeu indidən Messidən sonrakı dönəmin hazırlıqlarına başlayıb. Düzdü, klub rəhbəri argentinalı ulduzun müqaviləsini uzadacağına inanır. Amma digər varianta hazır olmaq üçün planlar cızır.
"Barselona" rəhbəri bir müddət əvvəl bununla bağlı açıqlamasında "Messinin yerinə başqa bir Messi yetişdirmək və ya başqa bir klubdan Messi almaq mümkün deyil" deyərək ondan sonrakı dönəmin çətin keçəcəyini etiraf etmişdi.
Qeyd edək ki, Messi 1994-2000-ci illərdə "Newell's Old Boys"da futbolun sirrlərini öyrənib. O, 13 yaşında "Barselona"nın akademiyasına üz tutub.