Axtarış...

“İsrail–Azərbaycan” Beynəlxalq Assosiasiyasının rəsmisi Tərcümə Mərkəzində olub

“İsrail–Azərbaycan” Beynəlxalq Assosiasiyasının rəsmisi Tərcümə Mərkəzində olub
Beynəlxalq əlaqələr üzrə ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının rəhbəri Arye Qut Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə İsrail arasında daim mövcud olmuş dostluq və qardaşlıq münasibətlərindən, hər iki xalqı bir-birinə doğmalaşdıran əbədi mənəvi dəyərlərdən söz açılıb. Tarixboyu ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktları, Xocalı faciəsi, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi digər cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi qeyd edilib.

Qonaq Xocalı qətliamından bəhs edən, müəllifi olduğu “Ağrı” əsərini tərcümə olunması üçün mərkəzin sədri Afaq Məsuda təqdim edib.

Afaq Məsud deyib: “Bu mövzu nə qədər ağrılı olsa da, daim diqqətimizdədir. Bu dəhşətli hadisələr barədə həqiqətləri mərkəz mütəmadi olaraq, 9 dildə yayımlanan saytları vasitəsilə beynəlxalq aləmə çatdırır. Bu il Xocalı faciəsiylə bağlı sənədli xronika, fotolar və şahid ifadələri ilə hazırladığımız “Xocalı – şahidlərin gözü ilə” sənədli-tarixi kitabını ingilis və rus dilinə tərcümə edib nəşrə hazırlamışıq. Kitabın müəllifi – Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Bu kitabların dünyanın bir çox ölkələrində, beynəlxalq kitab sərgilərində təqdimatlarını təşkil etməyi, mərkəzin sıx əməkdaşlıq əlaqələrində olduğu müvafiq qurumlar vasitəsilə xarici universitetlərə, kitabxanalara, eləcə də kütləvi informasiya vasitələrinə çatdırılmasını nəzərdə tuturuq. Qələmə aldığınız “Ağrı” əsərinə görə isə sizə dərin minnətdarlığımı bildirirəm. Bu kitabı təmənnasız olaraq, Azərbaycana duyduğunuz sevginizlə ərsəyə gətirməyiniz düşünürəm, bütün insanlığa örnək olacaq nümunə, bir mesajdır”.

Sonda qonağa mərkəzin son nəşrlərindən olan – tanınmış yəhudi yazıçısı Şolom Aleyxemin “Seçilmiş əsərləri” kitabı və “Tövrat”ın Azərbaycan dilinə tərcüməsinin yer aldığı “Xəzər” dünya ədəbiyyatı jurnalı hədiyyə edilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz