İctimai mənəviyyat əleyhinə olan fahişəliyə cəlb etmə əməli ilə məşğul olan şəxslərə qarşı nə qədər tədbir görülsə də, paytaxtda və bölgələrdə əxlaqsızlıq yuvalarının aşkarlanması məqsədilə hüquq- mühafizə orqanları tərəfindən reydlər keçirilsə də, yenə də yüngül əxlaqlı qadınların cinsi istismarından mənfəət güdən obyektlərin fəaliyyətinə rast gəlinir. Belələri qanunun sərt üzündən yayınmaq üçün ən müxtəlif yollara əl atır, buqələmun kimi şəraitə uyğun surətdə "rənglərini" dəyişirlər. Müşahidə olunur ki, "priton"lar onların barəsində narazılıqlar, rəsmi orqanlara şikayətlər artdıqca, bürokratiyanı aldatmaq üçün gah təşkilati-hüquqi formalarını, gah da adlarını dəyişdirirlər. Amma necə deyərlər, forma dəyişsə də, mahiyyət olduğu kimi qalır.
Bildiyimiz kimi, ərəb və fars turistlər ölkəmizə ayaq açandan bu yana yayılan informasiyalar bizim otellərin gerçək üzünü ortaya çıxarıb. Məsələn, olub ki, üç yerli fahişənin əhatəsində ürək tutmasından keçinən ərəbin pulunu da götürüb qaçıblar. Turizm sektorunun dövlət səviyyəsində perspektivli sayılmasının fonunda otelçilik işinin büdcəyə vəd etdiyi gəlirlər nəzərə alınaraq, otellərin fəaliyyətindəki neqativ hallara bəzən səthi yanaşılması otel sahiblərini də müəyyən mənada arxayın salıb. Məhz belə özündənrazılıq tendensiyasının mənfi nəticəsidir ki, bir neçə gün öncə Bakıdakı"Ambassador” otelin sahibinin oğlunun azyaşlı qız uşağını zorlaması barədə xəbər yayıldı. Gec-tez hansısa ailənin və ya ailələrin dağılmasına səbəb olacaq bu kimi bəd xəbərlərin çıxa biləcəyi ehtimal olunan üzdəniraq otellərin birini də biz aşkarlamışıq.
Paytaxtda, Tbilisi prospekti - 68 ünvanda, kənardan diqqəti o qədər də çəkməyən bir məkanda "Qala Otel" fəaliyyət göstərir. Əvvəllər bu obyektin adı "Qala" masaj salonu olub və əxlaqsızlıq yuvası kimi tanınıb. Lakin sonradan sadəcə adı dəyişdirilsə də, əsas profili saxlanılıb: Yəni, yenə müştərilərə masaj və "digər"xidmətlər göstərir. Yəqin, müşahidəli oxucu altını çızdığımız "digər xidmətlər" sözünün mahiyyətini başa düşdü - nəinki "zavseqdatay" (daimi), hətta "Qala Otel"ə ilk dəfə qonaq olan, sırf masaj üçün gələn müştəriyə də çəkinmədən intim xidmət təklif olunur. Pulu olan müştəri də çox vaxt belə təklifdən imtina etmir. Təxmin etmək elə də çətin deyil ki, qanunun məqbul hesab etdiyi birinci (masaj) və qeyri-məqbul saydığı ikinci (intim) xidmət arasında sərhəd çox zərifdir.
"Qala Otel"in fəaliyyətinin üzdəniraq astarının məhz ictimai mənəviyyat əleyhinə olduğu qənaətini qüvvətə yüksəldən bir mühüm amil də sözügedən əxlaqsızlıq yuvasının "Hədəf" Sistem Liseyi, Bakı Autizm İdman və Yaşam Klubu kimi mühüm sosial təyinatlı obyektlərin yaxınlığında yerləşməsidir. Təsəvvür edin, "Qala Otel"də baş verən iyrəncliklər barədə söz-söhbətlər ilk növbədə qonşuluqdakı liseyə və kluba cəlb olunan gənclərin, yeniyetmələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların qulağına çatır. Gəlin razılaşaq ki, nə qədər yasaq olsa da, adı çəkilən "priton"un divarları arxasında yaşanan işdəycələrin, çıxarılan hoqqaların bəzi gənclərə cazibədar görünməsi də istisna deyildir.
Əməkdaşımız qeyd olunan ünvanda olmuş və özünü müştəri kimi təqdim edərək, obyektin Elman adlı işçisi ilə söhbət etmişdir. Elman ona bildirmişdir ki, "otel otaqları"ndan istifadə haqqının saatı 30 manatdır. Masaj otaqlarında göstərilən masaj, üstəgəl, intim xidməti isə 50 (əlli) manat təşkil edir . Əməkdaşımızın obyektdə rastlaşdığı dolu bədənli qadın isə demişdir ki, seçim müştərinin öz ixtiyarındadır - partnyoru obyektdə işləyən qadınlar arasından da seçə bilər, özü ilə kənardan da gətirə bilər. Qadın ona tövsiyə etmişdir ki, əgər daha gözəl və cavan partnyorla yaxınlıq etmək istəyirsə, günün ikinci yarısı, yuxarı saatlarda gəlməsi məqsədəuyğundur.
Bundan sonra əməkdaşımız Autizm İdman və Yaşam Klubunun sədri Elnur Məmmədli ilə görüşüb həmsöhbət olmuşdur. Elnur müəllim də "Qala Otel"in fəaliyyətindəki xoşagəlməz hallardan narazı olduğunu bildirmişdir: "Gözləri önündə baş verən, şahid olduqları bütün bu eybəcərliklər yetişməkdə olan nəslin tərbiyəsinə mənfi təsir edir".
"Hədəf" Sistem Liseyinin direktoru Şəmil Sadıqov da işçimizlə söhbətdə "otel" adı altında əxlaqsız masaj salonu işlədən şəxslərin pozucu fəaliyyətini pisləmişdir: "Bu problem xeyli vaxtdır ki, bizi narahat edir. Artıq valideynlərin də narahatçılığı çoxalıb. Deyərdim ki, otelin nalayiq işi liseydə verilən tədrisin keyfiyyətinə də pis təsir edir. Burada təhsil alan, ali məktəbə hazırlaşan gənclərin ata-anaları bizim özümüzdən xahiş edirlər ki, ünvanımızı dəyişək. Biz bu neqativ halın aradan qaldırılmasına yönəlik ciddi addımlar atılmasını tələb edirik. Sizdən və sizin şəxsinizdə bütün tərəqqipərvər kütləvi informasiya vasitələrindən xahiş edirik ki, bu məsələni ictimailəşdirib əlaqədar qurumların rəhbər vəzifəlilərinin diqqətinə çatdırasınız. Dövlətimiz iş adamlarına "yaşıl işıq" yandırıb. Amma bəziləri bundan sui-istifadə edib xalqın, millətin çırağını söndürür, ailə dəyərlərinə zərbə vururlar. Belə sahibkarlıq olmaz".
Söz yox ki, əsas profildən kənar çirkin xidmətlərdən mənfəət əldə edən obyektin sahibkarı əsla vicdanlı vergi ödəyicisi ola bilməz və gəlirlərinin uçotunu şəffaf aparmaz, sosial sığorta üzrə öhdəliklərini lazımınca yerinə yetirməz. Təbii, "Qala Otel"də cinsi istismara məruz qalan yüngül əxlaqlı qadınların səhhət durumu da onlarla yaxınlıq edən, ünsiyyətdə olan partnyorlar üçün müxtəlif cinsi və daha ciddi xəstəliklərə yoluxma təhlükəsi daşıyır ki, bu da ailələrin sağlamlığını təhdid edir.
"Qala Otel"lə bağlı qeyd etdiyimiz və hələlik dəqiqləşdirmə mərhələsində olan sadalamadığımız digər məlumatları araşdırılması məqsədilə otelçilik biznesi ilə məşğul olan sahibkarlara lisenziya verən Mədəniyyət Nazirliyi və Turizm Agentliyi ilə, habelə Vergilər, Daxili İşlər, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə bölüşməyə qərar vermişik. Ümid edirik ki, aidiyyati qurumlar "Qala Otel"də baş verən biabırçılıqlara son qoyacaq və təqsirkar şəxslərin əməllərinə hüquqi qiymət verərək barələrində lazımi ölçü götürəcəklər.
Mövzuya qayıdacağıq.
mənbə: adalet.az