Bildiyimiz kimi ölkəmizdə 29 martdan etibarən xüsusi karantin rejimi gücləndirilib. Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam, supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət, eyni zamanda bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət dayandırılıbdır. Belə bir vəziyyətdə həm Bakıda, həm də regionda bir sıra hotellər xaricdən qayıdan vətəndaşlarımızı karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur. Bu məqsədyönlü addım ümumilikdə vətəndaşların təhlükəsiz şəraitdə sağlamlığını qoruyur.
Amma elə hotellər də var ki, insanların sağlamlığı onlar üçün önəmli deyil. Onlar yaranmış vəziyyətdən də öz ciblərini doldurmaq üçün istifadə edirlər. Hotel lisenziyası altında əslində priton kimi fəaliyyət göstərən belə obyektlərdən ən öndə gedəni “Clear” hotelidir.
Artıq çoxlarına bəllidir ki, Binəqədi rayonu ərazisində yerləşən, əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət adlı qardaşlara məxsus olan “Clear” hotelində qadın alveri tüğyan edir. Lakin buna baxmayaraq, hələ də adıçəkilən obyektin fəaliyyətinə son qoyulmayıb. Əldə etdiyimiz bilgilərə görə, buna səbəb Fəxrəddin və Fikrət adlı qardaşlarının Binəqədi Rayon Polis İdarəsinin rəisi tərəfindən himayə olunmasıdır.
“Clear” hotelinin sahiblərinin İran və Ermənistanla uran alveri etdiklərini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, əvvəllər adıçəkilən obyekt hotel kimi müştərilərinə xidmət göstərsə də, artıq çoxdandır ki, “Clear” əsl – “priton”a çevrilib: “Belə ki, gün ərzində hoteldə müxtəlif yaş qruplarından olan qadınlar bədənlərini satırlar. Qeyd edim ki, qadınlar əsasən axşam saat 8-dən sonra hotelə gəlirlər. Bu səbəbdən də axşam saatlarında “Clear” müştərilərlə dolu olur. Burada yüngül həyat tərzi keçirən qadınlarla intim münasibətdə olmaq üçün xüsusi otaqlar hazırlanıb.
Hotelə kənardan baxdıqda dəbdəbəli, normal, səviyyəli məkana bənzəsə də, əslində vəziyyət tamam başqa cürdür. Yəni Fəxrəddin və Fikrət adlı qardaşların sahib olduqları obyekt əsas gəlirini məhz qadın alverindən əldə edir. Görünür, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən “Clear”a himayədarlıq edənlər, bu tip obyekti işlədənlər, qadın alveri ilə məşğul olan, azyaşlı qızları müəyyən məbləğdə pulun qarşılığında satışa çıxaranlar, bir sözlə insan ticarətinin genişlənməsinə şərait yaradan və qadınları cinsi istismara məruz qoyanlar hələ də anlamırlar ki, bu kimi hallar mövcud qanunvericiliyə görə birbaşa cinayət əməli hesab olunur. Odur ki, həm ərazi sahə müvəkkilləri, həm də yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar bu qanunsuzluğa qarşı mübarizə aparmalıdır”.
Məlumatlı şəxs iddia edir ki, Fəxrəddin və Fikrət adlı qardaşlara məxsus olan “Clear” hotelinin tikintisi gedən zaman yaxınlıqda yaşayan sakinlərə deyiblər ki, guya burada hotel yox, idman təyinatlı hansısa müəssisə fəaliyyət göstərəcək: “Lakin tikinti işləri yekunlaşdıqdan sonra məlum olub ki, burada məhz hotel olacaq. Sakinlər ilk əvvəl buna etiraz etməyiblər. Çünki onlar elə zənn edirdilər ki, “Clear” həqiqətən də hotel kimi fəaliyyət göstərəcək. Ancaq üzərindən bir müddət keçdikdən sonra məlum olub ki, həmin obyekt hotel adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Nəhəng binası, əzəmətli görünüşü, gözətçisi və mühafizəçisi olan obyektdə təxminən, 30-40 otaq müştərilərin ixtiyarına verilib. Otaqların kirayə qiyməti isə müxtəlifdir.
Bildiyiniz kimi, bəzi ağır dəri-zöhrəvi və yoluxucu xəstəliklər, eləcə də insan həyatı üçün ciddi təhlükə hesab olunan viruslar məhz bu tip obyektlərdə yayılır. Çünki “priton”larda “xidmət” göstərən yüngül əxlaqlı qadınlar gündə 5-6, bəzən isə 10-15 nəfərlə yaxınlıq edir. Bu isə sonda həmin qadınların həm özlərinin, həm də onların “çalışdıqları” otellərin virus çəlləyinə çevrilməsinə səbəb olur. Odur ki, həmin yüngül əxlaqlı qadınlarla əlaqəyə girəndən sonra müştərilər bir sıra dəri-zöhrəvi xəstəliklərə yoluxma riskilə üz-üzə qalırlar. Bax, bu cür rəzalət “Clear” hotelində də yaşanmaqdadır. Yəni bura müraciət edən, daha doğrusu “priton”da fahişələrlə münasibətdə olan şəxslər gec-tez hansısa ağır xəstəliyə yoluxa bilərlər”.
Bu arada, Fəxrəddin və Fikrət adlı qardaşlarının nəhəng biznes şəbəkəsinə malik olduqlarını vurğulayan mənbənin sözlərinə görə, onlar əlvan metal ticarətinin böyük bir hissəsini nəzarətdə saxlayırlar: “Deyilənlərə görə, “Clear” hotelinin sahibləri əlvan metal biznesi ilə məşğul olurlar. Belə ki, onlar bu sektorunun böyük bir hissəsini inhisara alıblar. Onlara bu işdə hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərdən biri yardımçı olur. Daha doğrusu, Fəxrəddin və Fikrət adlı qardaşlar məhz həmin şəxsin himayəsinə arxalanaraq əlvan metal biznesindəki bütün rəqiblərini neytrallaşdırmağa nail olublar. Onu da qeyd edim ki, qardaşlardan Fikrət spirtli içki aludəçisidir. Dəfələrlə olub ki, onun stuldan qalxmağa belə, taqəti qalmayıb. Məhz bu səbəbdən qardaşı Fəxrəddinlə arasında bir neçə dəfə narazılıq yaranıb…”
Bütün bunlardan əlavə “Clear” hotelində qumar məclisləri də təşkil edilir. İnsanların təmasda olmasının qadağan olunduğu karantin rejimində bu hoteldə belə qanunlara və ciddi rejimə qarşı çıxmağın yəqin ki, qarşısını alan tapılacaq. Əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görməsələr həmin hoteldə koronavirusa yoluxmalar baş verə bilər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.//
Aktualxeber.az//