Axtarış...

Bank müştərinin başına elə oyun açdı ki... - "Banka ödəniş etdiyim halda, zamin duranları da məhkəməyə veriblər”

Bank müştərinin başına elə oyun açdı ki... - "Banka ödəniş etdiyim halda, zamin duranları da məhkəməyə veriblər”

“2014-cü ildə “Bank of Baku”dan 11 min dollar kredit götürmüşdüm. Banka olan borcumu hər ay ödəyirdim. Təxminən 3 min dollar borcum qalanda manatın məzənnəsi dəyişdi. Ondan sonra borcumu manatla ödəməyə başladım. Bu zaman həmin vəsait manata dəyişdirildi, ona uyğun ödəməyə davam etdim. Borcun qalan hissəsi dollardan manatla ifadəyə keçəndə məlum oldu ki, hələ 12 min manat banka ödəniş etməliyəm. Bir müddət bu cür ödəniş etdim, lakin bu il yanvardan ödənişdə müəyyən problemlər oldu və bank məni məhkəməyə verdi, məhkəmənin qərarı ilə ayda 300 manat ödəməliyəm. Lakin problem bununla bitmir. Banka ödəniş etdiyim halda mənə zamin duran şəxsləri də məhkəməyə veriblər”.

Bakı şəhər sakini İradə Salamova illərdir biznes krediti götürdüyü bankdan şikayətçidir. Yaşadığı problem Publika.az-a danışan İ.Salamova ödəniş etdiyi halda hər gün bank işçiləri tərəfindən narahat edildiyini bildirir.

“Məhkəmənin qərarı ilə ayda müvafiq məbləği ödəyirdim, lakin hər gün bank işçiləri mənə zəng edib dalaşırlar ki, ödənişlə bağlı yenidən sənədləri icra məmurundan götürüb qrafik qursunlar. Bankın baş ofisinin Emin adlı əməkdaşı hər gün əlaqə saxlayıb banka gəlməyimi tələb edir, telefonda mənə qarşı kobud ifadələr işlədir. Deyirdi ki, “məhkəmə kimdir qrafik qursun ödəniş üçün?” Bütün bu zənglər təbii ki məni narahat edirdi. Bu mübahisələrin davam etdiyi vaxtda zaminlərdən birini məhkəməyə verdiklərini öyrəndim. Mən məhkəmənin qərarına uyğun olaraq bankın borcunu ödədiyim halda necə zamini məhkəməyə verə bilərlər? Bunu özlərinə də demişəm. Üstəlik, bu vaxta qədər götürdüyüm kreditin pulunu beş dəfə məndən çıxarıblar, amma hələ də, banka borcluyam. Bank əməkdaşı icra məmuru ilə əlaqə saxlayaraq mənim evimi satdıraraq pulu ödəməyimi, işin yenidən banka göndərilməsini tələb edir. Bankın işçisi mənimlə telefonda dalaşdıqdan və ünvanıma kobud sözlər istifadə etdikdən sonra dedi ki, “pulu zaminlərdən tutacam”. Sonra da zamini məhkəməyə verdilər”, - deyə şikayətçi bildirir.

Şikayətçi iddia edir ki, kreditin ödəniş kursu manata dəyişəndən sonra 8 min manatdan çox ödəniş edib, amma hələ də banka 7214 manat borcu qalır:

“Aylardır ödəniş edirəm, amma borc məbləği dəyişmir. Üstəlik, 500 dollar depozitim var idi, o da ortada itdi”.

Bəs məhkəmənin qərarı ilə kredit götürən borcu ödədiyi halda zamin necə məhkəməyə verilə bilər? Məhkəmə qərarından sonra bank işçisi borclu ilə hansı hallarda əlaqə saxlaya bilər?

Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov Publika.az-a açıqlamasında suallara aydınlıq gətirib. Onun sözlərinə görə, bank məhkəməyə müraciət edəndə borclu şəxsdən, o cümlədən zamindən borcun tutulmasını tələb edibsə, məhkəmə iddiaya müsbət cavab veribdə, bu zaman qərar yerinə yetirilmirsə bank təkrar zamini məhkəməyə verə bilər.

“Əks halda, bank birinci dəfə məhkəməyə müraciət edəndə vəsaitin yalnız borclunun ödəməsi barədə tələb irəli sürübsə, bank təkrar zamini məhkəməyə verə bilməz. Üstəlik qanunvericiliyə görə, məhkəmə ilkin qərarda vəsaitin birdəfəlik ödənilməsi barədə qərar çıxarıb krediti götürən şəxsin yaşadığı yerin icra şöbəsinə yönləndirildikdən sonra borclunun hüququ var ki, banka pulun hissə - hissə ödənilməsi üçün təkrar məhkəməyə müraciət etsin. Məhkəmə bu cür tələbə müsbət qərar verəndən sonra bankın zamindən pulun ödənilməsini tələb etmək hüququ yoxdur. İcra məmuru pulun ödənilməsi forması barədə qərar qəbul edə bilməz. Onun işi məhkəmənin qərarlarını icra etməkdir”.

Vəkil bildirib ki, məhkəmə ödəniş barədə qərar qəbul edəndən sonra bank əməkdaşının nə icra məmurundan, nə də vətəndaşdan vəsaitin birdəfəlik ödənilməsini tələb etmək hüququ yoxdur:

“Bundan başqa, məhkəmənin qərarı qüvvəyə minibsə icra məmuru həmin tələblərə əməl etməməlidir. Çünki məhkəmə qərar qəbul edəndə sonra məsələdə məhkəmə və vətəndaş tərəf olur. Artıq bankla heç bir münasibət qalmır. Ümumiliyyətlə, bank əməkdaşı vətəndaşla təhqir və tənqid formasında danışa bilməz. Bu halla qarşılaşan şəxslər Maliyyə Bazarına Nəzarət Palatasına, habelə məhkəməyə müraciət edə bilər. Bank əməkdaşının tez-tez vətəndaşa borcu barədə xəbərdarlıq etməsi tərəflər arasında bağlanan müqavilədə əks oluna bilər. Vətəndaş kredit götürərkən bağlanan müqavilədə borcun ödənilmədiyi barədə bank əməkdaşlarının vətəndaşla əlaqə saxlamaq imkanı göstərilir. Bank əməkdaşı yalnız müqavilədə göstərildiyi formada və müqavilə müddətində müştəri ilə əlaqə saxlaya bilər. Məhkəmə qərarından sonra vətəndaşla bank arasında münasibət bitir”.

Ödənilən vəsaitin sistemdə görünməməsinə gəldikdə, vəkil bildirib ki, bəzən bankların sistemində problem olur, ona görə də ödənilən məbləğ sistemdə göstərilmir:

“Vətəndaş ödəniş qəbzlərini özündə saxlamalıdır, borcu bitəndən sonra banka müraciət edərək borcu tam ödədiyini və borcunun olub-olmaması barədə arayış ala bilər”.

Bir həftə əvvəl vətəndaşın şikayəti ilə bağlı banka sorğu göndərsək və dəfələrlə əlaqə saxlasaq da hələ ki cavab verilməyib. Əgər bundan sonra qarşı tərəfin cavabı gələrsə onu da yayımlamağa hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz