Xəbər verdiyimiz kimi Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının həmtəsisçilərindən biri olan “FENCİNG” idman klubu ictimai birliyinə qarşı törədilmiş haqsızlıqlarla bağlı mətbuat konfransı keçirilmişdir. Konfrans zamanı adıçəkilən qurumun rəsmiləri tərəfindən səsləndirilən bir çox məqamlar diqqətimizi cəlb etdi. Hüquqi sənədlərə əsaslanaraq, haqlı olduqlarını sübuta yetirən federasiya rəsmiləri böyük maddi dayaqlara malik olan qruplaşmalarla üz-üzə qaldıqlarını və son kömək üçün mətbuata müraciət etdiklərini vurğulamışdılar. Redaksiyamıza təqdim olunan şikayət ərizəsinə və hüquqi sənədlərə baxış keçirərkən, əlillərə qarşı törədilmiş haqsızlığın miqyası tam çılpaqlığı ilə ortaya çıxır. Əvvəlki yazımızda məhkəmələrə təqdim olunan saxta sənədlərlə bağlı geniş məlumat vermişdik. Dövlət qurumlarına göndərilən sorğulara əsasən, qarşı tərəfin məhkəmələrə təqdim etdiyi bir çox sənədlərin saxta olması barədə verilən arayışlar belə məhkəmə hakimlərinin yol verdiyi nöqsanların qarşısını ala bilməyib. Məhkəmə proseslərində adı çəkilən şəxslərin arasında Yolçuyeva Fatma Məhəmməd qızının adına rast gəlməyimiz təəccüblü göründü. Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu şəxsin adı respublikada əmlak və pul qalmaqallarında dəfələrlə çəkilib. Həm də bu xanım respublikada sələmçiliklə məşğul olan ən böyük qruplaşmanın başçısı kimi xarakterizə olunur. Maraqlıdır ki, adı məhkəmə qalmaqallarında dəfələrlə hallanan Fatma Yolçuyeva hüquq mühafizə orqanlarında aparılan bütün cinayət işlərindən “qalib” kimi ayrılır. Hüquq mühafizə orqanları müəmmalı şəkildə bu qadının cəlb olunduğu cinayət işlərini onun xeyrinə yekunlaşdırır. Ali Məhkəmənin iclas zalında “siz bilmirsiniz mənim arxamda kimlər durublar, başınıza oyun açacağam” – deyərək, hamını hədələyən Fatma Yolçuyevaya bu səlahiyyətləri verən şəxslərin kimliyi barədə araşdırmalarımızı davam etdirəcəyik.
Görünən odur ki, bu xanım sələmçiliklə qazandığı qanunsuz gəlirlər hesabına Ali Məhkəmənin binasında belə hegemonluq etməkdən çəkinmir. Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Fatma Yolçuyeva məhkəmə zalında Cahangir Quluyevə 120.000(yüz iyirmi min) manat sələmə pul verdiyini və manatın məzənnəsinin dəyişməsi, aylıq faizlərin ödənilməməsi səbəbindən borcların artdığını bəyan edir. Bütün bunlar isə qanunların aliliyinə cavabdeh olan hakimlərin gözləri qarşısında baş verir. Görəsən, təqdim olunan hüquqi sənədləri kənara tullayaraq, saxta sənədlərə əsaslanıb qərarlar çıxaran hakimləri bu addımı atmağa nə vadar edir?!
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ölkə idmanına göstərdiyi diqqət və qayğıya rəğmən bir qrup işbazın əlil idmançıların əmlakına göz dikməsi, bütün vasitələrdən istifadə edərək, əlillərin əmlakına yiyələnmək cəhdi anlaşılan deyil. Məhkəmələri müxtəlif vasitələrlə ələ alaraq, saxta sənədlərlə qanunları tapdalayan bu qruplaşmanın qanunsuz hərəkətlərinə dur deyən tapılacaqmı?
Baş verənləri diqqətdə saxlayaraq, gələcəkdə hadisələrin necə cərəyan edəcəyini gözləyirik. Əlil idmançılar isə ölkə başçısına və Mehriban xanım Əliyevaya müraciət etməyi planlaşdırırlar.
Yazımız çapa gedərkən məlumat aldıq ki, 19 dekabr 2018-ci ildə hakim Elşanə Vəliyevanın sədrliyi ilə növbəti məhkəmə prosesi keçiriləcək. Ümid edirik ki, Elşanə xanım digər həmkarlarından fərqli olaraq, 9 ilə yaxındır davam edən məhkəmə proseslərində ilkə imza atacaq. Nəhayət ki, əlillərin mülkiyyət hüquqları bərpa olunacaq.
Məqalədə adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq./adekvat.az/