Hüquqi məntiq Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Böyük Britaniyada müsadirə olunan milyonlarla sərvətinin Azərbaycan dövlətinə qaytarılmasını deyir.
Bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev bildirib.
Q.Həsənquliyev deyib ki, bu istiqamətdə məhkəmə işi davam edir: “Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları da Britaniya tərəfinə müraciət etməli, həmin maliyyə vəsaitinin dövlət bankından mənimsənilməsi ilə bağlı dəlillər varsa, Britaniya məhkəməsinə təqdim etməlidir”.
Deputat vurğulayıb ki, məhkəmə işi başa çatdıqdan sonra Azərbaycan dövləti həmin vəsaitin geri qaytarılması üçün müraciət etməlidir.
Qeyd edək ki, Böyük Britaniya hökuməti antikorrupsiya haqqında yenin qanun qəbul edib. Qanuna əsasən, Britaniya ərazisində yüksək məbləğli daşınan və daşınmaz əmlak sahibləri əldə etdikləri əmlaklara xərclədikləri vəsaitin bəyannaməsini təqdim etməlidirlər.
Z.Hacıyevadan İngiltərədə dəyəri 20 milyon funt-sterlinqdən artıq olan villası ilə bağlı bəyannamə tələb olunsa da, o bu barədə məlumat verə bilməyib. Nəticədə məhkəmə qərarı ilə həmin əmlak müsadirə edilib. Z.Hacıyeva qərardan apelyasiya şikayəti versə də, təmin edilməyib. Hazırda iş Britaniya Ali Məhkəməsindədir.