Cənab Prezident!
Siz mətbuatda çıxışlarınızda dəfələrlə bəyan etmisiniz ki, məmurları vəzifəyə təyin edərkən onlara tapşırırsınız ki, biz hamımız xalqın xidmətçiləriyik, gedin xalqa xidmət göstərin, yerlərdə insanların problemlərini həll edin.
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun hərəkətlərindən belə təsəvvür yaranır ki, o, Sizin tapşırıq və göstərişlərinizi düzgün başa düşməyib. Belə ki, o, vəzifəyə təyin edildikdən sonra insanlara xidmət göstərmək əvəzinə, onların başında "ağalıq” edərək hüquqlarını pozur, ayrı seçkiliyə yol verir, işçilərin problemlərini həll etmək əvəzinə onlara problemlər yaradaraq işdən çıxarır və bu da təbii ki, hakimiyyət orqanlarına ərizə, şikayətlərlə nəticələnir.
Mən, işdən çıxarılmağımla əlaqədar 02 oktyabr 2018-ci il tarixdə Zaur Hüseynovun qəbuluna yazılmaq üçün onun köməkçisi Samirə xanıma müraciət etdikdə mənə dedi ki, sədr işçiləri qəbul etmir və onun qəbul günləri yoxdur. Beləliklə sədr məni qəbul edib, problemi həll etmədi və mən də indi məcburam dərdimi hakimiyyət orqanlarına bildirim və haqq-ədaləti oralarda axtaram.
Xahiş edirəm tapşırıq verəsiniz araşdırsınlar: Zaur Hüseynov vəzifəyə təyin olunduqdan indiki vaxta qədər neçə işçini qəbul edib və neçə işçinin problemini həll edib? Sədrin vətəndaşların qəbul kitabı varmı?
Çox təəccüblü haldır: "Bakı Metropoliteni” QSC səhmləri tamamilə dövlətə məxsus olan bir qurumdur, yoxsa bu idarəni Zaur Hüseynovun valideynləri onun şəxsi mülkiyyətinə veriblər ki, o, burada nə istəsə etsin?
Mən, bu yaxınlaradək Metropolitenin Tikinti Departamentinin İstehsalat Texniki Şöbəsində aparıcı texnoloq vəzifəsində çalışırdım. Yeni Azərbaycan Partiyasının üzvüyəm, YAP-ın Bakı Metropoliteni İlk Partiya Təşkilatının İdarə Heyətinin üzvüyəm. Ümummilli Liderimiz Heydər Əliyevin Respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə gənclərə yaratdığı şəraitdən istifadə edərək Rusiya Federasiyasının Krasnodar Politexnik İnstitutunu mühəndis-iqtisadçı ixtisası üzrə bitirmişəm, sonra Azərbaycan Respublika Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını idarəetmə İnstitutunu "Müasir idarəetmə üsulları, istehsalatın təşkili və planlaşdırılması” ixtisası üzrə bitirmişəm (diplomun surəti əlavə olunur).
Bu gün ümummilli liderimiz Heydər Əliyevə minnətdaram ki, mənim respublikamızdan kənarda ali təhsil almağıma şərait yaradıb və bu gün mən Heydər Əliyevin layiqli davamçısı, dövlətimizi yeni-yeni uğurlara aparan ölkəmizin Prezidenti cənab İlham Əliyevə minnətdaram ki, mənim Bakı Metropolitenində uzunmüddətli (qırx il) və səmərəli xidmətlərimi nəzərə alaraq 07 noyabr 2014-cü il tarixli 834 №-li Sərəncamı ilə məni "Tərəqqi” medalı ilə təltif edib.
H.Əliyev xalqın təkidi ilə yenidən ölkəmizə rəhbərliyə qayıtdıqdan sonra respublikadan kənarda ali təhsil almış mütəxəssislərlə toplantı keçirmişdi və məndə həmin tədbirdə iştirak etmişdim. Ümummilli Liderimiz Heydər Əliyev həmin toplantıda bizə müraciət edərək demişdir: "İş ondadır ki, Sizin hər biriniz cəmiyyətdə öz yerinizi tutmusunuz, alimlik dərəcəsi almışınız, böyük mütəxəssis olmusunuz...
Siz bu gün müstəqil Azərbaycana lazımsınız, gərəklisiniz. Demək o illər biz müstəqil Azərbaycanın bu günü üçün işlər görmüşük və buda öz nəticəsini veribdir.
Bu gün uzaqgörən siyasətçi Heydər Əliyevdən fərqli olaraq Z.Hüseynov kimi rəhbərlər hesab edirlər ki, biz artıq dövlətimizə lazım deyilik və bizi işdən qovub, küçələrə atmaq olar.
Zaur Hüseynov! Biz küçələrə atılmalı kadrlar deyilik. Əgər, Siz Ulu öndər Heydər Əliyevin tapşırıqlarının ziddinə olaraq, belə edirsinizsə, Sizin H.Əliyevin kursu ilə gedən dövlət komandasında işləmək hüququnuz yoxdur. Sivil ölkələrdə olduğu kimi, niyə vəzifənizdən istefa verib, getmirsiniz?
Mən, ömrümün sonunadək ümummilli liderimizin tapşırıqlarını yerinə yetirərək, dövlətimizə, xalqımıza xidmət etmək istəyirəm. Siz, niyə məni bu hüquqdan məhrum etməyə cəhd edirsiniz?
İndi sual olunur: Kim ixtiyar verib Zaur Hüseynov kimi rəhbərlərə ki, Heydər Əliyevin böyük zəhməti bahasına yetişdirilmiş və dövlət başçısı cənab İlham Əliyev tərəfindən təltif olunmuş bir kadrı çalışmanın yaş həddinə çatması bəhanəsi ilə işdən azad etsin???
Zaur Hüseynov 31 oktyabr 2018-ci il tarixli X-384№-li əmri ilə məni Əmək Məcəlləsinin 70-ci Maddəsinin "e” bəndinə əsasən işdən azad edib.
Əmək Məcəlləsinin 71.3-cü bəndində göstərilib ki, işəgötürən Məcəllənin 70-ci maddəsi ilə əmək müqaviləsini ləğv edərkən, bunun zəruriliyini əsaslandırmalıdır. Mənimlə Əmək müqaviləsi ləğv edilərkən, bunun zəruriliyi heçnə ilə əsaslandırılmayıb.
Mən hesab edirəm ki, bu əmri imzalayan Zaur Hüseynov mənə qarşı qərəzli mövqe tutub. Çünki Məcəllənin 10-1.3 bəndi, işdə çalışmanı 5 il müddətinədək uzatmağa imkan verirdi, yəni, qanun buna yol verirdi.
Əlavə olaraq bildirmək istərdim ki, işəgötürənin sözləri ilə əməlləri bir-birinə uyğun gəlmir. Belə ki, mənə sədrin adından deyiblər ki, biz yaşlı işçiləri işdən çıxarırıq ki, cavan kadrlara şərait yaradaq.
Əgər belədirsə, niyə mənim cavan oğlum Namiq Cəfərova şərait yaradılmadı? Dörd nəfər ailə üzvü ilə (iki azyaşlı uşağı ilə) o qədər uzunmüddətli ödənişsiz məzuniyyətə göndərdilər ki, məcbur oldu öz ərizəsi ilə işdən çıxsın. İndi də onun atasını, yəni məni də işdən çıxartdılar.
Zaur Hüseynovdan kim soruşacaq ki, Cəfərovlar ailəsi Sizə nə pislik edib ki, iki ailə başçısını metropolitendə işləməkdən məhrum etmisiniz? Rəhbər vəzifədə işləyən məmurun insafı olmamalıdırmı? Bu ailənin günahı nədir?
Cənab Prezident!
Mən və ailəm Prezident seçkiləri zamanı Sizə səs vermişik. Siz demisiniz ki, hər bir vətəndaşın Prezidentisiniz.
Hazırda bizim hüquqlarımızı kim qoruyacaq? Zaur Hüseynov kimi rəhbərlərə insanların hüquqlarını "pozma”, "dayan” , "dur” deyən tapılacaqmı?
İndi biz çox maraqlı bir sitnasiya ilə üzləşmişik. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Zaur Hüseynova etimad göstərərək onu vəzifəyə təyin edib. O, isə ona verilən səlahiyyətlərdən YAP üzvlərini işdən çıxarmaq üçün istifadə edir.
Kim səlahiyyət verib Zaur Hüseynova ki, ümummilli liderimizin yaratdığı partiyanın üzvlərini işdən çıxartsın. Mənə və işdən çıxarılmış digər YAP üzvlərinə kim iş verməlidir? Müxalifətmi?
Başqa bir məsələ: 2014-cü ildə "Bakı Metropoliteni” QSC yaradılanda, metro inşaatçıları Tikinti Departamenti adı ilə həmin qurumun tərkibinə daxil oldu və həmin vaxtı departamentdə 1500 nəfər çalışırdı.
Bu günlər isə həmin Departamentdə təxminən 530 nəfər, yəni 35,3% işçi işə çıxır. Metro inşaatı ilə məşğul olan 1000 nəfər işçi və ya işçilərin 64,7 %-i necə olub?
Zaur Hüseynovdan bu sualın cavabı soruşulacaqmı?
Möhtərəm Prezident!
Sizin Sərəncamınızla təsdiq olunmuş Konseptual İnkişaf Sxeminə uyğun olaraq Bakı Metropolitenin stansiyaların sayı 76-ya çatdırılmalı, yeraltı xətlərin (tunellərin) uzunluğu 119 kilometrə çatdırılmalıdır.
Bu isə o deməkdir ki, 51 yeni metro stansiyası, 6 elektrik deposu inşa edilməli və 84 km yeraltı xətlər çəkilməlidir.
Bu sahədə Dövlət proqramının icrası sual altındadır. Bu yaxınlarda Hesablama Palatasının apardığı yoxlama müəyyən edib ki, metropolitenin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19-u üzrə işlə r başa çatdırılmayıb. Statistik dildə desək, həmin tədbirlərin 79.2%-nin icrası təmin edilməyib, yalnız -20,8% yerinə yetirilib.
Başqa bir fakt: Metropolitendə demək olar ki, bir-birini əvəz edən iki qurum fəaliyyət göstərir: biri, "Yol xidməti” , digəri isə "Dəmir yollarının Tikintisi və Əsaslı təmiri üzrə dəstə”. Bir təşkilatda eyni işlə məşğul olan iki quruma nə ehtiyac var? Yəni büdcə vəsaitimiz o qədər çoxdur? Hesablama Palatası da bu məsələdən yan keçib. Gərək onlara müraciət edək ki, bu məsələyə aydınlıq gətirsinlər.
Əlavə olaraq bildirirəm ki, Sizin metropolitenin inkişafı barədə tapşırığınız var: "Hər il bir stansiya və ya hər iki ildən bir iki stansiya istismara buraxmaq”. İndi real vəziyyətə nəzər salaq: 2017-ci ildə istismara stansiya verilməyib. İndi 2018-ci ilin axırıdır və bu il də istismara stansiya verilməyəcək. Metropoliten rəsmisi mətbuata açıqlamasında bildirdi ki, şərti adı "B03” olan stansiya, ya 2019-cu ilin sonunda, ya da ki, 2020-ci ilin əvvəllərində istismara veriləcək.
Yuxarıda göstərilənləri əsas götürsək məlum olar ki, Zaur Hüseynovun rəhbərlik etdiyi qurum hər 3-4 ildə bir stansiya tikib istismara buraxa bilir. Əgər, qurum bu templə işə davam edərsə, yaxşı halda bu 51 stansiyanı 153 ilə (51x3 il), başqa halda isə 204 ilə (51 x 4il) tikib istismara verə bilər. Təsdiq olunmuş Proqram isə bu işlərin 20 ilə icrasını tələb edir.
Göstərilənlərdən əlavə olaraq bildirmək istərdim ki, mənimlə "İşəgötürən” arasında bağlanmış 18 iyul 2014-cü il tarixli Əmək müqaviləsində (surəti əlavə olunur) -4.2, 4.30 və 4.6 bəndləri mütəmadi olaraq "İşəgötürən” tərərfindən pozulur və yerinə yetirilmir.
Tikinti Departamentinin işçiləri büdcədən maliyyələşmir, qurum adından da göründüyü kimi tikinti-quraşdırma işləri yerinə yetirir və yerinə yetirilmiş işlərə görə 2№-li formalar tərtib edir (2№-li formanın nümunəsi əlavə olunur) və həmin formada əmək haqqı fondu formalaşır və biz həmin vəsaitdən əmək haqqı alarıq. Qanunla təsərrüfat hesablı qurumlarda çalışmanın yaş həddi müəyyən olunmamışdır və mənim bu maddə ilə işdən azad edilməyim mövcud qanunvericiliyə ziddir. Metropolitenin istismar sahələrinin işçiləri isə birbaşa dövlət büdcəsindən maliyyələşirlər.
Başqa bi fakt: mənim 14.04.2013/14.04.2014 və 14.04.2014/14.04.2015-ci illər üçün əmək məzuniyyətim olduğu halda mövcud qanunvericiliyə zidd olaraq məni 2014-cü ilin dekabrında işdən çıxarmaq hədə-qorxusu ilə altı aylıq və daha sonra hər dəfə bir ay olmaq şərti ilə dəfələrlə ödənişsiz məzuniyyətə göndərdilər. Eyni zamanda, kütləvi və qrup halında digər işçiləri də ödənişsiz məzuniyyətə göndərdilər.
Xüsusi ilə qeyd etməliyəm ki, bu barədə özümüz ərizə yazmamışıq, "İşəgötürən” tərəfindən bizə verilmiş hazır ərizə blankını imzalamışıq (əmrlərdən ikisi və ərizə blankı əlavə olunur).
Görəsən məni və qrup şəklində digər işçilərin ödənişsiz məzuniyyətlərə göndərilməsi barədə əmrləri imzalayarkən Zaur Hüseynov həmin işçiləri maaşdan, dolanışıq vəsaitindən məhrum edərkən, onların ailələri qarşısında vicdan əzabı çəkibmi?
Axı, Əmək Məcəlləsinin 146.2-ci maddəsi "İşəgötürən”-nin təqsiri üzündən işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətlərə göndərilməsini yolverilməz hesab edir. Zaur Hüseynov bu qanunlara nə qədər sayğısızlıq edə bilər?
Dövlətimizin yoxsulluqla mübarizə apardığı bir dövrdə, Prezidentimiz İ.Əliyevin insanların layiqli həyat səviyyəsində yaşamaları üçün hər il minimum əmək haqlarını, pensiyaları və digər sosial ödənişlərin artırılması barədə qərarlar verdiyi halda, Z.Hüsenyov bizi ödənişisz məzuniyyətlərə göndərərək, bizi ümumiyyətlə maaşsız qoyur və yoxsulluğun ən aşağı həddinə endirir. Dövlətin apardığı siyasətin əleyhinə gedən belə «başa bəla» məmurlar kimə lazımdır?
Görəsən Zaur Hüseynov hansı məmurlara arxalanır? Görəsən kimdir ona havadarlıq edən ki, o, qanunlara əməl etmir?
Möhtərəm Prezidentimiz bu məsələyə 09 oktyabr 2018-ci tarixdə Nazirlər Kabinetində keçirdiyi iclasda aydınlıq gətirdi: "Əgər hansısa dövlət məmuru iş adamlarına xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq.
Bu işlərdə mənə qaranlıq qalan digər məqamlar da var: metropolitendə çalışmanın yaş həddinə çatmış neçə işçi var? Və nə üçün ayrıseçkilik edilərək, Konstitusiyanın 35(VI) bəndinə zidd olaraq yalnız mən işdən çıxarılıram?
Görəsən, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov bilirmi ki, 46 il Həmkarlar İttifaqının üzvünü işdən çıxarıblar və mənim hüquqlarımı müdafiə etmək üçün hansı tədbirlər həyata keçirib? Görəsən, YAP Bakı Metropoliteni İlk Partiya Təşkilatının sədri Hidayət Məmmədova məlumdurmu ki, YAP-ın üzvünü işdən çıxarıblar və mənim hüquqlarımı qorumaq üçün nə edib?
Xahiş edirəm araşdırma aparılsın: Nəyə görə Zaur Hüseynov metropolitenə rəhbər təyin olunduğundan sonra on illərlə metropolitendə çalışmış təcrübəli işçilər işdən çıxmağa başladılar? Nəyə görə yüzlərlə işçi çətin dövrlərdə əmək haqlarından imtina edib, ödənişsiz məzuniyyətə getməyə üstünlük veriblər?
Araşdırılsın: Zaur Hüseynov bu quruma rəhbər gələndən sonra neçə işçi öz ərizəsi ilə işdən çıxıb? Sorğu aparılsın: həmin işçilərdən neçəsi həqiqətən öz xahiışləri ilə işdən çıxıb və neçəsi buna məcbur edilib?
İşdən çıxarılanlardan neçəsi YAP üzvü olub?
Görəsən Zaur Hüseynov səriştəli işçiləri işdən çıxarıb, onların yerinə yeraltı metropolitendən məlumatları olmayan insanları işə götürərkən nə məqsəd güdür?
Zaur Hüseynov kadrları işə götürmək sahəsində yeni metod kəşf edib. Əgər sən Sement Zavodunda, Bentonit Zavodunda, uzun illər muzeydə və metroya aid olmayan digər sahələrdə işləmisənsə, deməli yeraltı şəraitdə metropolitendə məsul işlərdə tam işləyə bilərsən. Əgər 27 fevral 2014-cü ildən indiyə qədər işə götürülmüş işçilərin kadr-anket məlumatları və əmək kitabçaları ilə ətraflı tanış olsaq, kimlərin işə götürüldüyü barədə daha maraqlı faktlarla üzləşə bilərik.
Görəsən son zamanlar nəqliyyatda insan tələfatı ilə nəticələnmiş qəzalardan Zaur Hüseynov nəticə çıxarırmı? Metropolitendə hələlik xırda texniki nasazlıqlarla ötüşürük. Lakin bilməliyik ki, naşı işçilərlə gündə 600 minə yaxın sərnişinə xidmət göstərmək, onların təhlükəsizliyini təmin etmək çox çətin məsələdir. Səriştəsiz işçilərin səhvləri ucbatından insan tələfatına səbəb olan qəzalarla üzləşə bilərik.
Cənab Prezident!
Etimad göstərildiyi vəzifədə öz fəaliyyətini qura bilməyən, Bakı Metropoliteninin inkişafı ilə bağlı Prezidentin 10 noyabr 2008-ci il tarixli 34№-li və 18 mart 2011-ci il tarixli 1408 №-li Sərəncamlarının və bu sahədə Dövlət Proqramının icrasını təmin edə bilməyən, çox sayda təcrübəli metropoliten işçilərini və hətta YAP üzvlərini işdən çıxaran, işçilərin hüquqlarını pozan Zaur Hüseynov kimi rəhbərlərlə vidalaşmağın vaxtı gəlib çatmayıbmı?
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq Sizdən xahiş edirəm göstətiş verəsiniz:
1. Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalarda və ölkəmizdə qüvvədə olan qanunvericilikdə təsərrüfat hesablı qurumlarda çalışmanın yaş həddi barədə müddəa olmadığı və Konstitusiyamızın 35 (VI) maddəsinə zidd olduğuna görə "Bakı Metropoliteni” QSC –nin sədri Zaur Hüseynovun 31 oktyabr 2018-ci il tarixli X-384№-li əmrinin etibarsız sayılması, mənim öz işimə bərpa olunmağım və məcburi iş buraxmağa görə orta əmək haqqının ödənilməsi;
2. 18 iyul 2014-cü il tarixli Əmək Müqaviləsinin 4.2 bəndinə əsasən mənə hər ay ödənilməli olan vəzifə maaşına 1,5 əmsallı əlavə ödəniş təmin edilsin, müqavilə bağlanan gündən indiyədək (araşdırılsın, hansı aylarda ödənilməyib, ödənilsin);
3. Həmin müqavilənin 4.30 bəndində təsbit olunmuş, işçiyə əmək məzuniyyətinə çıxarkən aylıq vəzifə maaşı məbləğində sosial-məişət müavinətinin ödənilməsi (müqavilə bağlandığı dövrdən indiyədək);
4. 14.04.2013/14.04.2014 və 14.04.2014/14.04.2015-ci illər iş dövrləri üçün əmək məzuniyyətim olduğu halda işdən çıxarmaq hədə-qorxusu ilə hüquqlarımı pozaraq 30 dekabr 2014-cü il tarixli Ş-3138 №-li əmrlə 31.12.2014-cü il tarixdən 6 ay müddətinə və sonralar dəfələrlə ödənişsiz məzuniyyətlərə göndərildiyim müddətlər uçun orta əmək haqqımın ödənilməsi (araşdırılsın neçə müddət ödənişsiz məzuniyyətdə olmuşam);
5. Ərizədə göstərilən digər nöqsanların aradan qaldırılması barədə tədbirlər görülsün;
6. Araşdırılsın Metropolitendə pensiya yaşına çatmış neçə işçi var və işdən çıxarma maddəsi nə səbəbdən yalnız mənə şamil olunub, qalanları işləyir?
7. "İşəgötürən” nəyə görə məni işdən azad edərkən Əmək Məcəlləsinin 71.3 bəndinin tələblərini pozaraq, bunun zəruriliyini əsaslandırmamışdır;
8. Əgər, mənim işdən çıxarılmağımda qərəzli mövqe yoxdursa, nəyə görə mənə Əmək Məcəlləsinin 10.1.2 bəndi tətbiq edilərək, Əmək müqaviləsi 5 ilədək uzadılmayıb? Axı, qanun buna yol verir.
Dərin hörmətlə,
Yeni Azərbaycan Partiyasının üzvü,"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun yanlış kadr siyasətinin qurbanlarından biri, Konstitusiyanın 35-ci maddəsində təsbit olunmuş işləmək hüququndan məhrum edilmiş
Cəfərov Kamal Namiq oğlu \\conflict.az\\