Yay transferi zamanı futbol həvəskarlarını daha çox bu sual düşündürürdü: Kriştiano Ronaldo Real-dan ayrıldıqdan sonra niyə “Old Trafford”a qayıtmadı, İtaliyanı seçdi? Suala cavab vermək üçün 2017-ci ilə nəzər salmaq lazımdır. Ronaldo “kral klubu”ndan ayrılmaqda israrlı idi. Həmin vaxt Manchester United onu ələ keçirməyi düşünürdü. Rəhbərlik baş məşqçi Joze Mourinyonun fikrini öyrəndi. Məlum oldu ki, Joze bu transferin əleyhinədir. Bundan sonra klubda Ronaldonun adı çəkilmədi. Əslində isə, Mourinyo-Ronaldo konfliktinin 10 illik tarixi var.
“Bu uşağın ağlı çatmır”
Portuqaliyalı futbolçu Manchester United-də oynadığı vaxtlar da Mourinyo ilə yola getmirdi. Hər ikisi tanınmış agent Jorje Mendeşlə işləyirdi. Yolları ildə bir neçə dəfə kəsişirdi: Chelsea-Manchester United matçında. London klubunu 6 xal fərqi ilə qabaqlayaraq İngiltərə çempionu olanda Ronaldo demişdi: “Mourinyo səhvi necə etiraf etməyi bilmir”. Joze əsəbləşmişdi: “Bu uşağın ağlı çatmır. Hörmət etməyi də bacarmır. Adətən, kiçik yaşlarında kasıb yaşayan və ya ailə tərbiyəsi görməyənlər bu cür olur”.
“Qardaşımın qardaşısan”
Əsas problem hər ikisinin Real-da olduğu vaxt başladı. Ronaldo baş məşqçinin üstünlük verdiyi müdafiə taktikasına etiraz edirdi. Joze dil tapmaq istəsə də, alınmırdı. Hətta bəzən “dil tapmaq" məsələsində gülməli vəziyyət yaranırdı. 2012-ci ilin fevralında da belə oldu. Real Madrid evdə Levante-ni qəbul edirdi. Ronaldo və Rui Fariya ( Mourinyonun köməkçisi) baş məşqçini ələ salmaq üçün qeyri-adi bir üsul düşündülər: Ronaldo bu oyunda het-trik edərsə, bütün stadion boyu qaçaraq köməkçinin yanına gələcək və bayram edəcək. Düşündükləri plan baş tutdu. Futbolçu vurduğu 3-cü qoldan sonra stadionda dövrə vuraraq ehtiyat oyunçular skamyasına tərəf qaçdı. Fariya hücumçunu qucaqlamaq üçün ayağa qalxdı. Mourinyo elə bildi ki, Kriştiano ona tərəf qaçır. Baş məşqçi hücumçunu qucaqladı. Həmin an nə baş verdiyini çoxları başa düşmədi. Çünki bu hiylənin ssenarisini komandaya yaxın olan bir neçə adam bilirdi. Amma konflikti gizlətmək mümkün olmadı. 2010/11 mövsümünün Çempionlar Liqasının yarımfinalında Mourinyonun komandası Barcelona-ya uduzdu. Bundan sonra Ronaldo açıq şəkildə baş məşqçinin müdafiə taktikasına qarşı çıxdı. Nəticədə, aparıcı futbolçu komandasının Saragosa ilə ev oyununda heyətə salınmadı. Real həmin matçda məğlub oldu-2:3. Baş məşqçi və futbolçu daha çox assisent vasitəsi ilə ünsiyyət qururdu. Hər ikisinin agenti olan Mendeş gərginliyi azaltmaq üçün dəridən-qabıqdan çıxır, onları barışdırmaq istəyirdi. Nadir hallarda baş tutan qısa görüşlərdə Mourinyo yetirməsinə deyirdi: “Sənin qeydinə qalmalıyam. Çünki sən qardaşımın qardaşısan. Qardaşının qardaşı isə həm də sənin qardaşındır”.
“Səsini kəs, qaç!”
2013-cü ilin yanvar ayı Mourinyo üçün çətin keçdi. Kasilyasla yaşanan qalmaqal, komandanın “Bernabeu” da fitə basılması baş məşqçini hiddətləndirmişdi. Mendeş xahiş etdi ki, Ronaldo mətbuat vasitəsilə Mourinyonu dəstəkləsin. Portuqaliyalı hücumçu etiraz etmədi. Sonradan peşman oldu. Yanvarın 15-də Real ölkə kubokunun ¼ finalında Valencia ilə oynayırdı. Deyilənlərə görə, Mourinyo oyun ərzində Ronaldonun üstünə qışqıraraq “səsini kəs, qaç”,- deyirmiş. Maraqlıdır ki, baş məşqçi barmağı ilə öz komandasının qapısını işarə edirmiş. Soyunub-geyinmə otağında oyunun detallarını incələyən məşqçi hücumçuya demişdi: “Aut atanda tələsdin. Topu Məsud Özil ələ keçirdi. Valencia-nın hücumu belə başladı. Hücum xəttindən geri qayımaq istəmirsən. Komandanı qoldan xilas etmək təkcə müdafiəçilərin işi deyil. Hücumcular da səy göstərməyə borcludur. Sən isə qabaqda yatıb qalırsan”.
Paltardəyişmə otağında mübahisə
Baş məşqçinin bu sözü Ronaldonu özündən çıxarmışdı: “Sən kimsən ki, mənimlə belə danışırsan? Səs tonunu aşağı sal. Sənin üçün etdiklərimə peşimanam ( futbolçu Mendeşin xahişi ilə Mourinyonu dəstəkləməsini xatırlatmışdı). Bir daha belə münasibət görmək istəmirəm”. Mübahisə bununla bitmədi. Mourinyo sakitliyin yaranmasını gözləyərək kənara çəkildi. Konfliktə birdəfəlik son qoymaq lazım idi. Ronaldonu kənara çəkmək və təklikdə danışmaq istəyirdi. Lakin futbolçu ona qulaq asmaq niyyətində deyildi. Baş məşqçi yenidən qızışdı: “Sən hücumdan sonra mütləq geri dönməlisən. Komanda yoldaşların da belə düşünür. Sadəcə, bunu sənə deməyə cəsarətləri çatmır”. Mübahisənin əlbəyaxa davaya çevrilməsinin qarşısını digər məşqçilər və futbolçular aldı. Qalmaqal səngimək əvəzinə daha da böyüdü. Ronaldo “kral klubu”ndan ayrılandan sonra Joze etiraf eti ki, həqiqətən, soyunub-geyinmə otağında onu vurmaq istəyib: “Aramızda problem var idi və hər gün böyüyürdü. Birdəfəlik həll etmək istəyirdim. Məşqçi futbolçunu danlaya bilər. Ronaldo bunu qəbul etmək istəmirdi. Elə düşünür ki, hər şeyi bilir. Məşqçinin məsləhətlərinə ehtiyac yoxdur. O qədər hirslənmişdim ki, Ronaldonu vurmaq istəyirdim. Araya girənlər olmasaydı...”
Real-dan sonra Mourinyo və Ronaldo nadir hallarda, özü də bir neçə kəlmə ilə söhbət edir. Baş verənlərə baxmayaraq, baş məşqçi futbolçu ilə əlaqələrinin bərpasına can atır. Lakin Ronaldonu yola gətirmək mümkün deyil. 10 il bundan əvvəl alovlanan münaqişə ocağı hələ də sönməyib. Zəifləsə də, yanmaqda davam edir.