Millitv.Az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:
Dünya KİV-i Amerika rəhbərliyinin noyabrın əvvəllərində işləyib hazırladığı iki qərarın adi hadisə olmadığını vurğulayır. Ekspertlər bunların, əslində, bir-biri ilə bağlantısı olan, lakin fərqli sferaları əhatə edən hadisələr olduğunu ayrıca qeyd edirlər. Biz İrana qarşı sanksiyaların tam həcmdə noyabrın 5-də qüvvəyə minməsi ilə PKK-nın üç liderinin məhv edilməsinə və ya onların yeri barədə verilən informasiyaya görə ABŞ-ın toplam 15 milyon dollar mükafat təyin etməsini nəzərdə tuturuq. Yaxın Şərqdə və ona yaxın geosiyasi məkanlarda cərəyan edən hadisələrə eyni bucaq altında baxsaq, bu iki olayın son dərəcə təhlükəli ssenaridən qaynaqlana biləcəyi haqqında qənaət əldə edə bilərik. Belə ki, İrana qarşı sanksiyalar geniş məkanda xalqların faciəsinə, yoxsulluğuna və qarışıqlığa yol açırsa, PKK-nı səhnədən silmək fonunda yaradılan yeni terror təşkilatı həmin fürsətdən istifadə edib, yeni-yeni fəlakətlərə təkan verə bilər. ABŞ rəsmi səviyyədə başqa terror təşkilatını hüquqi reabilitasiya etməyə çalışmaqla məhz bu məqsədini ortaya qoymuş olur. Bu bağlılıqda meydana gələ biləcək mənzərənin təhlili üzərində dayanmaq istərdik.
Gizli ssenari: Vaşinqtonun iki istiqamətdən həmləsi
ABŞ administrasiyasının noyabrın əvvəllərində qəbul etdiyi iki qərar ekspertləri xeyli dərəcədə maraqlandırıb. Onlardan birində Amerika İrana qarşı sanksiyaları tam bərpa etdiyini təsdiqləyib, digərində isə PKK-nın üç liderinin başına mükafat qoyub (ümumilikdə 15 milyon ABŞ dolları)! İlk baxışdan bu iki hadisə arasında əlaqə görünmür. Lakin müasir dövrdə geosiyasi proseslər bir qədər fərqli mənzərəni ortaya qoyur. Belə ki, siyasət sistemli və bütün sahələri əhatə edən fəaliyyət sahəsinə çevrilib. Atılan hər bir addımın digər sferalarla birbaşa və ya dolayısı ilə bağlantısı olur.
Bu çərçivədə vurğulanan iki qərara nəzər salsaq, əslində, Vaşinqtonun hiyləgər bir gediş etdiyini görərik. Öncə, İrana qarşı tətbiq edilən sanksiyalara nəzər salaq. Bu addımın beynəlxalq hüquqa uyğun olmadığı barədə siyasilərin fikirləri vardır. Türkiyədə iqtidar partiyası sədrinin müavini Numan Kurtulmuş həmin məsələ ilə bağlı deyib: "Bu embarqo qərarının beynəlxalq hüquqa uyğun bir embarqo qərarı olmadığını bilirik. Bu embarqolarla yalnız siyasi olaraq rəqib gördükləri bəzi ölkələrə qarşı mövqe tutmurlar, təəssüf ki, həm də sadə xalqın mənfi təsirlərə məruz qalmasına səbəb olurlar" (bax: Kurtulmuş'tan ABD'nin PKK elebaşları kararı yorumu: Anlaşılır bir şey değil / "Habertürk", 8 noyabr 2018).
Sanksiyaların əsassızlığını Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda apardığı araşdırmadan sonra bu ölkədə nüvə silahının hazırlanmadığı haqqında gəldiyi qənaət təsdiq edir. Vaşinqton məhz bu məsələni səbəb kimi göstərərək, sanksiyaları bərpa etdiyini bildirib. Maraqlıdır ki, bu zaman bir sıra KİV orqanları İsrail kəşfiyyatına əsaslanan və İranın gizli nüvə silahı hazırladığı əks olunan informasiyalar yayıblar. Ekspertlər buradan belə bir sual çıxarırlar ki, Vaşinqton başqa dövlətin kəşfiyyatının hazırladığı məlumatlar əsasında ciddi beynəlxalq nəticələri ola biləcək qərarlar alır? Həmin bucaq altında ABŞ Konqresində demokratların Donald Trampın xarici siyasətini təftiş etmək barədə qərara gəlmələri heç də təsadüfi görünmür.
Reallıq isə ondan ibarətdir ki, artıq noyabrın 5-dən İrana qarşı sanksiyalar qüvvəyə minib və onun hansı nəticələr verə biləcəyinin analizi gündəmə gəlib. O cümlədən İranla qonşu dövlətlər arasında münasibətlərin hansı istiqamətdə davam edəcəyi maraqla izlənir. Türkiyə rəhbərliyi İranla əlaqələri kəsməyəcəyini bəyan edib. Hətta ABŞ da Türkiyənin İran neftini almasına sanksiyanın tətbiq edilməyəcəyini bəyan edib. N.Kurtulmuşun yuxarıda təqdim etdiyimiz fikri də təsdiq edir ki, Ankara Vaşinqtonun deyil, Türkiyənin maraqlarını müdafiə etməkdə qərarlıdır.
Azərbaycan müstəqil xarici siyasət yeridən region dövləti kimi, obyektiv mövqedə qalmaqdadır. Bunu öncədən ekspertlər də proqnozlaşdırmışdılar. Onlar rəsmi Bakının heç bir təxribata uymayaraq milli maraqlara cavab verən xətti davam etdirəcəyini ifadə edirdilər. Bu proqnozlar özünü tamamilə doğruldur. Azərbaycan İranla münasibətlərini hər hansı kənar sifariş olmadan davam etdirməkdədir.
Rusiyanın mövqeyi aydındır. Moskva İranı müdafiə edir və sanksiyalara qoşulmur. Kreml hətta açıq surətdə Vaşinqtonu İrana qarşı tutduğu mövqeyinə görə kəskin tənqid edir. Bu onu göstərir ki, Moskva İranla münasibətləri daha da inkişaf etdirmək və ona beynəlxalq aləmdə dəstək olmaq kursunu dəyişməyib.
Gürcüstan Qərblə sıx bağlı olduğundan, təbii ki, İranla yaxınlaşmağa çalışmır. Lakin onun da regiondakı mövqeyini və dövlət olaraq zəifliyini nəzərə alaraq amerikalılar Gürcüstanı "alova atmaq istəmirlər". Buna baxmayaraq, prinsipial məsələlərdə Tbilisinin Vaşinqtona boyun əyəcəyinə şübhə yoxdur.
Ermənistana gəldikdə isə, onun vəziyyəti çox dolaşığa düşüb. N.Paşinyan bir qədər əvvəl bəyan etmişdi ki, Ermənistanın təcridi dərinləşə bilər. Çünki Azərbaycan və Türkiyə ilə onsuz da əlaqələr yoxdur. Buna İran və Gürcüstan da əlavə oluna bilər. Amerikanın təzyiqi artanda Ermənistanın İranla sərhədi bağlana bilər. Eyni addım Gürcüstan tərəfindən atıla bilər. Proseslərin bu yöndə gedə bilməsi ehtimalı Con Boltonun İrəvanda ifadə etdiyi fikirlərin pərdəarxası məqamlarından da hiss edilir.
PKK-ya "get", PYD-yə "gəl" əmri: "əlcəklər" dəyişirmi?
Deməli, İrana qarşı sanksiyalar yalnız İranla məhdudlaşmır. Bu, böyük bir geosiyasi məkanda vəziyyətə ciddi təsir edə bilər. Konkret desək, Cənubi Qafqaz da daxil olmaqla müəyyən ərazidə geosiyasi, iqtisadi və hərbi gərginlik arta bilər. Müəyyən mənada bu gedişat Yaxın Şərqdə olan və uzun illərdir ki, dünyanı gərginlikdə saxlayan geosiyasi dinamikanın Şərqə tərəf genişlənməsi anlamına gəlir. Vaşinqtonun bunu inadla həyata keçirməsi son dərəcə düşündürücüdür. Çünki burada açıqca beynəlxalq hüquq normaları pozulur. Sanksiyaların birtərəfli qaydada tətbiqi də həmin normaların ruhuna uyğun deyil (bax: əvvəlki mənbəyə).
Bu fikirlərin işığında ABŞ rəhbərliyinin PKK-nın üç liderinin məhv edilməsinə milyonlarla mükafat ayırmasının hansı məqsəd daşıdığı sualını gündəmə gətirir. İlk baxışdan belə görünür ki, Amerika terrora qarşı mübarizədə daha səmimi mövqe tutmağa başlayıb. Guya ABŞ Türkiyəni illərdir ki, narahat edən terror təşkilatının məhv edilməsi işinə girişib. Ancaq vəziyyətə başqa aspektdən yanaşanda burada çox təhlükəli tendensiyanın başladığı qənaətini almaq olar. Və məhz bu məqamda İrana qarşı sanksiyalarla PKK məsələsinin kəsişdiyini görə bilərik.
Məsələ ABŞ-ın terror təşkilatları ilə münasibətləri kontekstində özünü daha aydın büruzə verir. Amerika "Taliban" hərəkatından sovetlərə qarşı istifadə etdi, sonra ondan uzun müddət bir sıra ölkələrə qarşı yararlandı. "Taliban" vəzifəsini yerinə yetirəndən sonra siyasi səhnədən kənarlaşdırılmasına çalışıldı. "Əl-Qaidə"nin də taleyi fərqli olmadı. Müəyyən müddət fəaliyyətdən sonra Üsamə Bin Laden qətlə yetirildi və qruplaşma arxa plana keçdi. Bu hadisədən sonra meydana İŞİD çıxarıldı. İŞİD dünyada İslamın terrora rəvac verdiyi haqqında cəfəng fikirləri gücləndirdi və milyonlarla insanın fəlakətinə yol açdı. İndi isə ondan da imtina prosesi gedir - ABŞ inadla onu məhv etdiyini bildirir və hətta bu məsələdə Türkiyəni belə nəzərə almaq istəmir. Belə ki, daim vurğulayır ki, öncə İŞİD və İrana qarşı savaş aparılmalıdır, sonra isə başqa qrupların məsələsinə baxılar.
Burada "başqa qruplar" deyəndə PKK-nın Suriya qolu olan PYD/YPG-dən daha çox söhbət gedir. Türkiyə həmişə bəyan edib ki, PYD terror təşkilatıdır və PKK-dan ayrılmazdır. Vaşinqton bu ilin noyabrına qədər bu barədə dəqiq fikri bildirmirdi. Artıq rəsmi olaraq bəyan edilib ki, PYD/YPG terror təşkilatı deyil. Bu informasiyanı PKK-nın artıq siyasi-ideoloji ömrünü başa vurmuş üç lideri ilə bağlı alınan qərarla müqayisə etsək, düşündürücü mənzərə alınır: reallıqda Amerika 15 milyon dolları terroru məhv etməyə deyil, onun başqa formada fəallaşmasına və ayaqda qalmasına xərcləyir. Əsl və fəal terror təşkilatına yardım edərək onu region ölkələrinin başına bəlaya çevirir və bunun fonunda da hamı tərəfindən terror təşkilatı kimi tanınan və qulluq müddətini başa vurmuş PKK-nı səhnədən silir ki, əl-ayağa dolaşmasın! Burada onu da vurğulayaq ki, bu, nə türk, nə də kürd məsələsidir - Amerika ancaq öz maraqlarını düşünür. Bir qədər sonra eyni soyuqqanlılıqla PYD-ni də bada verəcəklər.
Ancaq itirən regionun bütün xalqlarıdır. Ərəb dövlətləri, Türkiyə, İran və sonra Cənubi Qafqaz ölkələri, daha sonra isə Mərkəzi Asiya və Uzaq Şərq dövlətləri eyni aqibəti yaşaya bilərlər. Belə çıxır ki, sanksiyalar və terror siyasi və geosiyasi meydanda haradasa bir-biri ilə kəsişirlər. Real olaraq bir tərəfdən, Yaxın Şərqə yeni terror qrupu "bəxş edən" Amerika, digər tərəfdən, İrana sanksiyaları genişləndirməklə bu terrorun digər məkanlara transformasiya etməsi üçün münbit zəmin hazırlayır. Axı, radikallıq və sonra terror başlıca olaraq həyat səviyyəsinin çox aşağı olmasından qaynaqlanır. İnsanlarda hakimiyyətin legitimliyinə qarşı mövqe formalaşdırır və sonra küçələrə çıxarırlar. Adını da istər "rəngli inqilab", istərsə də "filan bahar" qoy, nəticə eynidir: müsəlman dövlətçiliyi zəiflədilir, müsəlman cəmiyyəti dağıdılır! Bu prosesin qarşısı alınmalıdır!