“Zirə” futbol komandasının baş məşqçisi Samir Abasovun “Report”a müsahibəsi
– UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən necə yararlandınız?
– Məşqçilər korpusu olaraq burada yeniyik. Bu baxımdan, fasilə bizim üçün yaxşı oldu. “Sumqayıt”la yoxlama oyunu keçirdik və 2:1 hesabı ilə qalib gəldik. Əlimizdəki az oynayan və əvəzedici komandanın futbolçularını iş başında görmək, hansılarla hara kimi getmək olar – bunu müəyyənləşdirmək istəyirdim. Təəssüf ki, milli komandalarda olan və bəzi zədəli oyunçularımız həmin görüşdə iştirak etmədilər. Buna rəğmən, fasilə zamanı üzərimizə düşəni layiqincə etdiyimizi düşünürəm.
– “Zirə” ilk qələbəsini I dövrənin son turunda evdə “Qəbələ” üzərində qazandı – 1:0. Növbəti oyununun oktyabrın 21-də cari çempionatda 3 xal qazana bilməyən “Keşlə”yə qarşı səfərdə olacaq. Sizcə, bu komanda son pillədə qərarlaşacaq səviyyədədir?
– Bəzi komandalar yaxşı oyunçular yığıblar, bəzilərinin isə bəxti gətirmir. İndiki durumda kiminsə sonuncu, kiminsə orta pillələrdə getməyə layiq olduğunu söyləmək olmaz. “Qarabağ”ı çıxsaq, qalanları aşağı-yuxarı eyni gücdədir. Yəni, oyundan əvvəl favorit göstərlimək anlamında deyirəm. “Keşlə” axırıncı pillədə olduğu halda, “Qəbələ” ilə səfərdə heç-heçə edirsə, sonuncu yer söhbəti bizi aldatmamalıdır. Kimin nəyə qadir olduğu sonuncu dövrədə bilinəcək.
– Deməli, hazırda 19 xalla 1-ci pillədə qərarlaşan “Neftçi”ni “Qarabağ”la rəqabət aparacaq səviyyədə görmürsünüz…
– Xeyr, eyni səviyyədə görməmək söhbəti deyil. “Neftçi”nin onlarla rəqabət apara bilməyəcəyini demədim. Reallığı götürsək, oyun başlamamışdan “Qarabağ” kiminlə oynasa, çoxluq bu komandanı favorit görür. Amma məsələn, “Neftçi” “Qəbələ” ilə oynasa, burada konkret favorit yoxdur. Bax, bu baxımdan deyirəm. “Neftçi” çempionluq mübarizəsini sona qədər aparacaq. Lakin “Qarabağ”ın öz rəqibləri üzərində bir baş üstünlüyü göz önündədir.
– Çempionat davam etsə də, sonuncu pillədə qərarlaşan “Keşlə” bir neçə transfer reallaşdırıb, “Neftçi” baxışa legioner dəvət edib. Bəs sizin qış fasiləsinə qədər belə bir fikriniz var?
– “Keşlə” və ya başqası hardan tapır bilmirəm, indiki durumda baxışa nadir oyunçu gəlir. Hansısa ölkənin U-19 və ya U-21 yığmasının üzvünü çağırmaq olar. Amma əsas heyətə düşməyəcəksə, bunu edə bilmərik. Hazırkı vəziyyətdə gələcəyi, perspektivi düşünmək imkanımız yoxdur. Bizə lazımdır ki, gəlsin və əsas heyət baxımından bizi gücləndirsin.
– Mövzu futboldursa, yığmanın Millətlər Liqasındakı çıxışının üzərindən keçmək olmaz. Sizin futbolçu olduğunu dönəmdə vəziyyət fərqli idi – uduzandan sonra canlı ünsiyyətdə olduğunuz azarkeşlərin tənqidini eşidirdiniz. Amma indi sosial şəbəkələrdə komandanın çıxışı müzakirə və sərt şəkidlə tənqid olunur. Malta ilə 1:1 hesablı heç-heçəyə görə tənqidin dozasını normal sayırsınız?
– Malta ilə görüşdə bəxtimizin gətirmədiyi göz önündə idi. Məndən olsa, qınanılası Farer adaları ilə oyunumuzdur. Rəqibi 3:0 hesabı ilə udmağımıza rəğmən, səhvlər çox idi. Orada əlimizə düşən fürsətlərdən yararlandıq, Bakıda isə xeyli sayda qol epizodu boşa getdi. Hamımız bir şeyi başa düşməliyik: indiyi vəziyyət futbolumuzun reallığıdır. Aşağı yaş qrupları üzrə komandalarımıza baxın, məşqçilər nə qədər əziyyət çəkirlər. Nəsil kəsilmək üzrədir. Uda da bilərik, uduza da. Amma dediyim reallıq dəyişmir. Deyirlər ki, Maltanı da udmuruqsa… Siz mənə söyləyin, Azərbaycanı hansı rəqiblə oyunda üstün görürsünüz? Axı biz favorit deyilik. Bu komandaları tək ayaqla udub-dağıdarıq deyə, reallıq yoxdur.
– Amma razılaşın ki, futbol ölkəsi sayılmayan, 316 kvadrat kilometr ərazisi, 475 min əhalisi olan Maltanın yığmasına qalib gəlməliyik…
– Əhali sayına qalsa, Çin hamını udmalıdır. Belə götürsək, onda gərək, Çin və ya Hindistan hər dəfə 1-ci yeri tutsun. Bizimlə rəqiblər arasında ciddi fərq yoxdur. Reallığı qəbul etmək lazımdır. Heç bir komandaya rahatlıqla 4-5 qol vura bilmərik. Uda da bilərik, uduza da.
– “İki oyunda Maltanı uda bilməyən komandanın AVRO-2020-də nə işi var?” fikri ilə razısınız?
– Malta ilə matçda uşaqların bəxti gətirmədi. Mənim Farer adalarını udduğumuz oyun daha çox ürəyimcə olmadı, nəinki Malta ilə qarşılaşma.
– Azarkeşlər bəzi futbolçulara daha çox “yüklənir”. Məsələn, əvəzlənən zaman Mahir Mədətovu fitə basdılar. Buna münasibətiniz necədir?
– Azarkeşin fikrinin, hərəkətinin doğru və ya səhv olması müzakirə olunmur. Orada bir yox, minlərlə adam Mahiri fitə basdı. Kimisi yanındakına baxdı, kimisi anlayşı olmadan, kimisi də həqiqətən narazı qaldığı üçün fit çaldı. Cavan yaşında səni fitə basırlarsa, camaatın rəğbətin qazanmalısan. Çünki karyeran hələ qabaqdadır. Bunlarla barışıb, qabağa baxmalısan. Futbolçu narazılıq doğuran məqamlar üzərində işləməlidir. Samir Abasov desə ki, camaat düz etmədi, növbəti oyunda sakit dayancaqlar? Burada iş futbolçunun üzərinə düşür – özünü sevdirməlidir. Bu potensial onda var.
– Bəzi futbolçuları davamlı oynatdığı üçün Qurban Qurbanov da tənqid olunur. Sizcə, o, alternativ olmadığı üçün məsələn, Mədətova şans verir?
– Millidə alternativ var. Eyni mövqedə Mahir də oynayar, Araz Abdullayev də, başqası da. Baş məşqçi komandanın içindədir və onun seçdiyi heyət doğrudur. Ən yaxşısını o bilər. Baş məşqçi ən düzgününü edir. Heç kim istəməz ki, Mahiri səhvən heyətə qoyub, Malta ilə heç-heçə etsin. Deyirlər ki, filankəslər oynaya bilərdi. Qara Qarayevlə Riçard Almeyda neçə illərdir bir yerdə çıxış edirlər. Onların oynaması yaxşıdır, nəinki başqalarının.
– Tənqidlər çox olsa da, hələ heç nə itirilməyib. Lider Kosovonun 8, Azərbaycanın isə 6 xalə var. Qrupun qalibi olmaq baxımından şansları necə dəyərləndirirsiniz?
– Son matçlar göstərdi ki, biz yaxşı oynayıb uduza da bilərik, pis oynayıb uda da. Şansımız var, necə olacağını zaman göstərəcək.