Bakıda oyuncaq tapança və maska ilə yanacaq doldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Həsən Mansurov və 2002-ci il təvəllüdlü Bəxtiyar Camalovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində h akim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Həsən Mansurovun 9 il, Bəxtiyar Camalovun isə 12 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Proses gələn həftə davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il aprelin 16-da, gecə saat 3 radələrində Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində baş verib.
İki maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.
Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar. Əməliyyat zamanı onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.