Siyəzəndə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Orxan Hasilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Siyəzəndə baş verib.
Rayon sakini Orxan Hasilov eyni qəsəbədə yaşadığı İbadi Poladovu bıçaqlayıb.
İ.Poladov qəsəbədə yaşayan Rüfət adlı şəxsdən O.Hasilovun dostunun anasının nömrəsini istəyib. Bu zaman Rüfətlə İ.Poladov mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və İ.Poladov Rüfəti döyüb. Bundan xəbər tutan O.Hasilov məsələni özü həll etməyi qərarlaşdırıb. Rüfət İ.Poladova zəng edərək görüşə çağırıb. İ.Poladovla görüşə O.Hasilov sinif yoldaşları ilə gedib. O.Hasilov İ.Poladovdan etdiyi hərəkətin səbəbini soruşub. İ.Poladov isə ona hesab verməyəcəyini deyib və dava ediblər. O.Hasilov üzərində olan bıçaqla İ.Poladovun buduna 2 zərbə vurub.