Axtarış...

6 rayonda vəzifəli şəxslər işdən çıxarıldı, cinayət işi açıldı



Daha 6 rayonda xüsusi karantin rejiminin qaydalarını pozan icra nümayəndələri barəsində cinayət işləri başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Lənkəran, Yevlax şəhər, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olan müraciətlərə baxılıb. Araşdırmalarla Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafail Alışovun vəzifə səlahiyyətlərindən sui istifadə edərək Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilən ərzaq yardımlarının paylanması zamanı neqativ hallara yol verib ərzaq paylarını özünün yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyənləşib.
Yevlax şəhər İcra hakimiyyəti başçısının Qaraməmmdəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mikayıl Əsədovun da eyni xarakterli qanun pozuntusuna yol verərək qulluq mövqeyindən sui-istifadə edib imkansız ailələrə göndərilən ərzaq yardım qutularını açaraq müxtəlif sayda və növdə məhsulları götürüb ərzaq yardımlarını natamam paylamasına şübhələr üçün əsaslar müəyyənləşib. Bundan başqa, Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsir Qədirov, Salyan rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirov və Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hətəm Əzizovun vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar vermələrinə əsaslı şübhələr müəyyənləşib. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Navahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Baxşıyev və Qarasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən İlknur Hüseynov tərəfindən də eyni xarakterli qanun pozuntusuna yol verilməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

Həmin şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilib. Toplanan materiallar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 - vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü - vəzifə saxtakarlığı maddələri ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz