Bilirik ki, pəhriz saxlayanlar, arıqlamaq istəyənlər un məmulatlarından uzaq durmalıdırlar. Əlbəttə, ləziz un məmulatlarını görüb yeməmək olduqca çətindir. Lakin həm yeyib, həm də az kalori almaq də mümkündür. Milli.Az ailem.az-a istinadən kəsmikli pəhriz bulkasının reseptini təqdim edir. Sağlam qidalanmağa çalışanlar üçün ideal reseptdir, kalorisi də azdır.
Lazım olan ərzaqlar:
- 3 stəkan tam buğda, ya da çovdar unu (Çovdar unu ilə bişirsəniz, xəmirin qatı olmaması üçün un 3 stəkandan az olsun)
- 1 stəkan qatıq
- 2 yumurta
- 1/2 su stəkanı zeytun yağı
- 1 paket qabartma tozu
- Bir çimdik duz
- Bir az doğranmış şüyüd
İçlik üçün:
- kəsmik
- Bir az doğranmış şüyüd
Hazırlanma qaydası:
Yumurtanın birinin sarısını ayrı kasaya qoyun (sonra bulkanın üzərinə çəkiləcək). Bir yumurta, yumurtanın ağı, qatıq və zeytun yağını çırpın. Ayrı bir qabda 1 stəkanı un, duz və qabartma tozunu qarışdırın. Yumurta və zeytun yağı qarışımını unun üstünə tökün və yoğurmağa başlayın. Qalan 2 stəkan unu da az-az tökün və ələ yapışmayacaq xəmir olana qədər yoğurmağa davam edin. Axırda doğranmış şüyüdü də əlavə edin və təkrar yoğurun. Xəmiri 18-20 kündəyə ayırıb yumrulayın.
Başqa qabın içində kəsmiklə şüyüdü də qarışdırın. Kündələri əlinizlə açıb ortasına bir çay qaşığı içlik qoyun və yaxşıca bağlayın. Yağlı kağız sərilmiş qaba düzün, üstünə yumurta sarısını sürtün. İstəsəniz, çörəkotu da səpə bilərsiniz. Əvvəldən isidilmiş sobada 180 dərəcədə üstü qızarana qədər bişirin.
Nuş olsun!