Azərbaycanda tibbə məlum olmayan hadisə: qızın göz bəbəkləri yoxdu - FOTO (VIDEO)
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Sərbəst gəzir, rəqs edir, mahnı oxuyur, evin pilləkənlərini köməksiz düşüb-çıxır, hətta yoldaşları ilə "gizlənqaç" da oynayır. Hərəkətlərindən tam sağlam uşağı andırsa da, əslində dünya işığından məhrumdur. Görmə qabiliyyəti olmayan qızcığazı sanki gözləri deyil, hissiyyatı idarə edir. O, evə nə vaxt qonaq gələcəyini, hətta qonağın nə alıb gətirəcəyini belə təxmin edə bilir.
Şabran rayon sakini Fatimə Elçin qızı Qafarova dünyaya anadangəlmə fiziki qüsurlu gəlib. Xəstəxanada körpənin sağlamlığında hər hansı problemin olduğu bilinməyib. Yalnız evə gətirdikdən sonra valideynləri uşağın göz yerlərinin olduğunu, lakin göz bəbəklərinin olmadığının fərqinə varıblar.
Bundan sonra qısa zamanda ailənin müraciətinə baxılıb və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicəsi təşkil edilib. Təxminən dörd-beş ay müalicə olunub. Həkimlər bildiriblər ki, bir gözü müəyyən faiz görə bilər.
Aygün Qafarovanın sözlərinə görə, həkimlərdən bu xəbəri eşitmək ailəyə təsəvvürəgəlməz sevinc hissi bəxş edib. Lakin ailənin xoşbəxtliyi çox çəkməyib. 3 ay əvvəl Fatimə yenidən həkimə aparılıb, analizləri verilib. Amma ödənişi verə bilmədikləri üçün müayinənin cavablarını ala bilməyiblər.
"Ödənişi tam ödəməyəcəyimiz təqdirdə, müayinənin cavabları haqda bizə heç bir məlumat verilməyəcəyi bildirildi", — deyən dərdli nənə Fatimənin gözlərinin açılması ümidi ilə yaşadığını, lakin həkimlərin sözlərinə görə, müalicəsi davam etməzsə, ümidlərinin heçə enəcəyini bildirir.
Həyat yoldaşı Qarabağ müharibəsində birinci qrup əlil, oğlu isə işsiz, ailəsinin maddi imkanları həddən artıq aşağı olan Aygün Qafarova imkanlı şəxslərdən Fatiməyə köməklik göstərmələrini xahiş edir.