Axtarış...

Azərbaycanda həkim sağlam uşağı əməliyyat etmək istədi

Azərbaycanda həkim sağlam uşağı əməliyyat etmək istədi

Sosial şəbəkə istifadəçilərindən biri Şirvanda həkimin onun qızına səhv diaqnoz qoyması barədə məlumat paylaşıb.

Oxu.Az-ın məlumatına görə, Vüqar Vəliyev adlı istifadəçi yazıb ki, Şirvan Diaqnostika Mərkəzinin Cərrahiyə Şöbəsinin müdiri Elçin Kərimov onun qızına kəskin appendisit diaqnozu qoyub:

“Hətta çox riskli, kəskin vəziyyətin olduğunu, “bir an belə gecikmək olmaz” deyib bizə şok yaşatdı. Həmçinin, bizim xəstəxanadan çıxmağımızın riskli olduğunu da qeyd etdi. Uşağı götürüb xəstəxanadan çıxdım və birbaşa Bakıya, başqa bir həkimin yanına gətirdim. Həkim uşağı müayinə edərək nəinki əməliyyat, hətta appendisit göstəricisinin olmadığını bildirdi”.

V.Vəliyev valideynləri belə həkimlərə inanmamağa çağırıb:

“Bu gün bu həkimə, əgər ona həkim demək olarsa, iradımı bildirdikdə isə mənə “Get, hara istəyirsən, şikayət et” dedi”.



Məsələ barədə Şirvan Diaqnostika Mərkəzinin Cərrahiyə Şöbəsinin müdiri Elçin Kərimovla əlaqə saxladıq.

Həkim valideynin yaydığı məlumatın yanlış olduğunu bildirib:

“Mən, sadəcə, uşağın valideynlərinə bildirdim ki, appendisitdən şübhələnirik. Xəstəxanada qalsın və analizlərin nəticəsi bilinsin. Çünki nəticəsi bilinməsə, diaqnoz qoymaq olmaz. Xəstəni başqa bir mütəxəssisə aparıblar. Həkim də appendisit diaqnozu qoymayıb. Bizim şöbədə uşağın vəziyyətinin ağır olması və əməliyyat olunması barədə valideynlərinə bir söz deyilməyib”.

Həkim qeyd edib ki, uşağın valideynləri xəstəxanada həkimlərin biri ilə problem yaşayıb və qisas almaq istəyirlər:

“Adi bir vəziyyəti şişirdirlər ki, həkimlərin adı belə hallansın”.

Səhiyyə Nazirliyindən bildirilib ki, həkimin səhv diaqnoz qoyması barədə ailə nazirliyə müraciət etməlidir:

“O zaman məsələ araşdırılacaq. Bu, bir günlük iş deyil. Xüsusi komissiya araşdıran zaman həkim təqsirli bilinərsə, rəy veriləcək. Rəydə təsdiqlənməlidir ki, həkim uşağa səhv diaqnoz qoyub”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz