Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssisləri maraqlı və mürəkkəb bir əməliyyata imza atıblar.
Milli.Az xəbər verir ki, 14 yaşlı qız tam formalı "testikulyar feminizasiya" diaqnozu ilə Klinikaya müraciət edib. Yəni, xaricdən qadın olan bu pasiyentin daxili orqanları kişi cinsinə aid olub.
Klinikanın baş həkimi Ramiz Poluxov bildirir ki, uşaq 2 yaşında ikən ikitərəfli yırtıq əməliyyatı keçirib. Uşaqda ilk narahatlıq 3 yaşında süd vəzilərinin böyüməsi ilə başlayıb: "Ultrasəs müayinəsi zamanı bəlli olub ki, körpənin bətnində yumurtalıq və uşaqlıq yoxdur. Müayinə nəticəsində ona "testikulyar feminizasiya" diaqnozu qoyulub. 2018-ci ildə isə xəstənin çanaq boşluğunun maqnit rezonans tomoqrafiyası zamanı intraabdominal (qarın boşluğunda) maliqn transformasiyalı xayaların olduğu müəyyən edilib".
Xəstə müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasına göndərilib. Cərrah R.Poluxovun sözlərinə görə, müayinə zamanı xəstənin fenotip olduğu təsdiqlənib. Yəni, xarici görünüşünə görə tam qız olan bu pasiyentdə inkişaf etmiş süd vəziləri və xarici cinsiyyət üzvləri olub. Lakin daxildə uşaqlıq və yumurtalığı yoxdur, yalnız 3-4 sm-lik infantil uşaqlıq yolu olduğu müəyyənləşib. Lakin genotip olaraq xəstə 46XY geninə aid tam oğlandır.
Bu xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb. Onun qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb. Xaric olunmuş xayalar histoloji müayinəyə göndərilib və in situ qonadoblastoma aşkar edilib.
Həkim qeyd edir ki, belə xəstələrə vaxtında və düzgün yanaşılmalıdır. Bəzən belə xəstələri "tüksüz qız" da adlandırırlar. Çünki onlarda ikincili cinsi əlamətlər - yəni, qasıq və qoltuqaltı tüklənmə ya olmur, ya da tüklər həddən artıq zərif olur. Əgər qız uşaqlarında iki tərəfli qasıq yırtığı qeyd olunursa, mütləq əməliyyatdan öncə abdominal ultrasəs müayinəsi aparılmalıdır ki, qeyd olunan patologiyaların olub-olmadığı müəyyən edilsin.