Azərbaycan xalqı tarix boyu zaman-zaman faciələr yaşayıb, soyqırımla üz-üzə qalıb. Bütün bu yaşananlar bizim qan yaddaşımıza çevrilib. Üzərində var olduğumuz, müstəqillik əldə etdiyimiz vətənin keçmişini, tarixini qətiyyən unutmamalıyıq. Övladlarımıza, gələcək nəsillərə bu tarixi gerçəkliklər barədə müfəssəl məlumat verməliyik.
Məlumdur ki, yaşadığımız bu faciələrin, soyqırımların ildönümlərində ölkənin bütün bağçalarında və məktəblərində ilk dərs məhz buna həsr olunur və uşaqlara məlumat verilir. Təbii ki, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz tarixini, millətinin keçdiyi ağrılı-acılı günləri bilməlidir. Amma necə? Azyaşlı uşaqlara bu cür hadisələr hansı yolla başa salınmalıdır ki, onlarda hər hansı bir psixoloji travmaya səbəb olmasın? Axı hələ dünyanın yalnız yaxşı üzü ilə tanış olan bu körpə balaların psixologiyası, ananın qarnında doğranmış, başı kəsilmiş körpələri görməyə, haqqında eşitməyə dözə bilməz. Ümumiyyətlə, uşaqlara ölümü necə və hansı yaş dövründə izah etmək lazımdır?
Mövzu ilə bağlı Ailem.az-a danışan “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova bildirir ki, sağlam gələcək naminə uşaqlarımıza vətənpərvərlik duyğusunu uşaqlıq dönəmindən aşılamalıyıq: “Vətən hər zaman “Ana Vətən” kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri, xüsusən, anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətənlə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaq. Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramlar uşaqlara ailə və ətrafı daha rahat anlamağa kömək olur. Ağır, acılı günlərimizi necə?! Bax, burda hər kəs tərəddüd yaşayır. Necə edək ki, uşağımıza vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin foto görüntüləri göstərilsinmi?”.
Uşaqlar 7 yaşa qədər ölümü anlamırlar
N. Rüstəmova deyir ki, uşaqlar ölümü 7 yaşa qədər anlamırlar. Onlar bu yaşa qədər ölümü sonlanmış proses kimi yox, gedib sonradan gələcək bir hal kimi anlayırlar: “Ona görə də mütəxəssislər bağça dönəmlərini yaşayan uşaqlara soyqırımı, faciəvi günləri anladarkən hadisələri detallı şəkildə foto görüntülərlə anlatmamalıdır. Baş vermiş şiddəti sözlü şəkildə qismən izah etməli, daha çox vətəni sevmək, onu qorumaq, ağır günündə yanında olmaq və s. kimi gözəl, güvənverici duyğulara fokuslanmalıdırlar. Bu əlamətdar gündə uşaqların himni bilməsi, onlara vətənlə bağlı şeirlər öyrədilməsi, səhnələşdirməsi məqsədəuyğundur”.
Müəllim-pedaqoq diqqətli olmalıdır
Psixoloq izah edir ki, məktəb dönəmindəki uşaqlar isə artıq ölümü dərk edə bilən yaşda olurlar. Ancaq yenə də diqqətli olmaq mütləqdir: “Burda mütləq müəllim-pedaqoq diqqətli olmalı, məktəb psixoloqunun iştirakı və ya nəzarəti altında məlumat verilməlidir. Emosional sferası davamsız olan uşaqlar hələ də ölümü anlamamış ola bilər. Bu uşaqlar xüsusi seçilməli, izahatda onlar da nəzərə alınmalıdır. Cinsi yetişkənlik yaşına (9 yaş sonrası) kimi uşağın işgəncə video və fotoşəkilləri izləməsi məqsədəuyğun deyil. Bu, uşaqlarda artıq bu acı günə, bu günün niyə qeyd olunduğuna deyil, görüntüdəki işgəncələrin təsiri ilə hadisələri öz üzərinə köçürüb yaxınlarını itirmə və ya məktəb qorxusuna çevirə bilər. Bunun nəticəsində onlarda yuxuda sayıqlamalar, yuxuya gedərsə, hadisələrdən xəbərsiz olacaq və pis bir şey baş verəcək düşüncəsinə qapılaraq yuxu pozuntusu, səbəbsiz hərarət, qarın ağrısı və s. fobik əlamətlər baş verə bilər. Bəzən pedaqoq elə düşünür ki, uşağa şəkilləri göstərərsə, bu hadisəni daha dərindən anlayacaq. Əslində, özlərini bir az əziyyətə salıb hadisələri nağıl edərək danışsalar, heç bir uşaq qorxunu nifrət şəklində yaşamadan hadisələri gözləri önündə canlandıracaq. Təsirlənəcək, qəzəblənəcək, məsuliyyət hissinin verdiyi qeyrət onda hər zaman vətəni qorumaq instinktini oyaq saxlayacaq. Kimisi seçdiyi idmanla, kimisi yaxşı bildiyi fənlə önə gedib vətənimizin adını uca zirvələrdə daşımaq istəyəcək. Nəinki məktəbdən qorxacaq, səhəri gün ağlayaraq məktəbə getmək istədiyini dilə gətirəcək”.
Soyqırımı övladlarımızda ruh düşkünlüyü yox, daha mübariz olmağı formalaşdırmalıdır
“Şəhidlərimizə verilmiş işgəncələri hər uşaq öz təxəyyülünə uyğun olaraq canlandıracaq. Onları necə qaz balonunda kilidli saxlandığı, soyuq qarlı havada əliyalın meşədə qalmaları, bütün bu hadisələrin hər biri müəllimin dilindən incəliklə, böyük həssaslıqla izah edilməlidir. Soyqırımı mütləq sükutla yad edilməlidir. Hər bir kiçik yaşlı uşaq artıq 9 yaşından sonra bu görüntüləri gizlətsəniz belə, axtarıb tapacaq, bütün sənədli filmləri izləyəcəkdir. Əks təqdirdə uşağa erkən yaşda bunu doğru formada izah etməsək, əsl şəxsiyyət kimi formalaşmağa başlayan, yəni yeniyetməlik dönəmində bu proseslərdən qaçacaqdır. Soyqırımı övladlarımızda ruh düşkünlüyü yox, daha mətin, daha mübariz olmağı formalaşdırmalıdır”, – deyə N. Rüstəmova qeyd edib.