2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək.
Qeyd edək ki, "İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir. Bakıda bir mənzilin sığortalanması üçün illik 50 manat, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manat tələb olunacaq.
Məlumdur ki, ölkəmizdə sığorta sahəsinə inamsızlıq mövcuddur. Vətəndaşlar istər daşınmaz, istərsə də daşınan əmlaklarının sığortalanmasında maraqlı deyillər. Daşınmaz əmlakın icbari sığortası necə həyata keçiriləcək, vətəndaşlar buna necə yanaşacaq, hansı problemlərin üzə çıxması mümkündür.
“Cümhuriyət” qəzetinin suallarını “Kasko.az” online sığorta platformasının təsisçisi Nizami Mənsimova ünvanladıq.
- Əslində, gələn ildən nəzarət gücləndirəcək. Bu bizim qanunvericiliyimizdə var və çoxdan tətbiq olunur. Sadəcə olaraq, buna loyal yanaşılırdı və icbari sığorta etməyənləri cərimələnmirdi. Artıq hər bir vətəndaş sığortanın vacibliyini anlamalıdırlar. Nəzərə alınmalıdır ki, bu çox kiçik məbləğdir. Bakı şəhərinin sakini mənzilin yerləşdiyi yerdən, otaq sayından asılı olmayaraq 50 manat ödəyəcək. Bunun müqavilində 25 min manatlıq təminat almış olur. Vətəndaşlar sığortanı cərimələnməmək üçün deyil. Baş verə biləcək təbii fəlakət, yanğın və digər hadisələr zamanı təminatlı olmaq üçün etməlidirlər. Düşünürəm ki, vətəndaşlar bundan məmnun qalacaqlar. Biz mütəxəssis olaraq, hər zaman öz ətrafımızda bunu təbliğ etmişik. Dövlət tərəfindən maarifləndirmənin, nəzarətin gücləndirilməsi müsbət haldır. Xatırladım ki, Kür daşqınları zamanı dövlət dəyən ziyanı qarşıladı. Bu gözəl və humanist bir addım idi, amma bu dövlət üçün əlavə xərc demək idi. Sığorta olanzamanı isə artıq vətəndaşlar dövlətdən kömək ummayacaqlar.
- Bilirsiniz ki, Azərbaycanda, ümumiyyətlə, sığorta sahəsinə inamsızlıq var ki, bunun əsasında da bəzi neqativ hallar, süründürməçilik dayanır. Bu baxımdan daşınmaz əmlakın icbari sığortası ümidləri doğruldacaqmı?
- Hesab edirəm ki, bu avtomobil sığortası kimi böyük bir bazardır və burda da zərərlilik çox azdır. Bəzən, ümumiyyətlə, icbari sığorta edən şirkətlər mənfəət götürmür. Bazarı müşahidə edən mütəxəssis kimi deyə bilərəm ki, artıq müasir tələblərə cavab verməyə başlayıblar. Daha əvvəllər müştəriyə zülm edən, süründürməçiliyə yol verən şirkətlərdə anlayırlar ki, bazarda xidmətlə yer ala bilərlər. Hazırda vətəndaşlar reklama deyil, yaxşı xidmətə inanırlar. Avtomobil sığortasında daha yaxşı şirkətlər önə çıxdığı kimi daşınmaz əmlak sığortası da bu cür formalaşacaq. Hər bir prosesin başlanğıcda üstün cəhətləri və çatışmazlıqları olur. Sadəcə olaraq, rəqabətdə uduzmamaq üçün hər bir şirkət müştərilərinə daha yaxşı xidmət göstərməyə çalışacaq.
- Bəzi sahələr sığorta şirkətləri tərəfindən monopoliyada olduğu məlumdur. Daşınmaz əmlakın icbari sığortasının rəqabət prinsipinə əsaslanması mümkündürmü?
- Ola bilər ki, hansısa şirkət sığorta bazarının böyük bir hissəsini əlində cəmləyib. Amma buna o zaman monopoliya demək olar ki, həmin şirkətin xidmətləri aşağı olsun. Yüksək xidmət göstərən şirkət bazarın 75 faizini tutsa belə, bunu monopoliya adlandırmaq olmaz. Bu vaxtadək hər hansı bir vətəndaşın qapısının döyülərək, mütləq konkret şirkətə müraciət etməsinə təşfiq edilməsi ilə rastlaşmamışam Haradasa müəyyən təsirlərin olması mümkündür, amma zamanla bunlar da aradan qalxacaq.
- Daşınmaz əmlakın icbari sığortasının tətbiqi ümumiyyətlə, sığorta bazarına necə təsir edəcək?
- Sözsüz ki, bunun bazara təsiri olacaq. Amma hesab edirəm ki, daha çox sərt nəzarətə deyil, maarifləndirməyə üstünlük verilməlidir. Daşınmaz əmlakın icbari sığortası haqqında məlumatı olmayan vətəndaşlar düşünə bilərlər ki, bu məbləği niyə ödəsinlər. Düşünürəm ki, mütəxəssislər, kütləvi informasiya vaistələri, sığorta şirkətləri böyük maarifləndirmə işləri aparmalıdırlar. Vətəndaş bilməlidir ki, həmin 30-50 manatın məbləğində ona verilən təminat çox böyükdür.
Cebhe.info