Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbiylə Azərbaycanda toyların keçirilməsi qadağandır. Buna görə də, gəlir yeri yalnız konsertlər, toylar olan musiqiçilər üç aydır işsiz qalıb.
Hazırda toy sahibləri toy edə bilməməkdən, müğənnilər toysuz qaldıqlarından, şadlıq saryının işçiləri isə düşdükləri mövcud vəziyyətdən şikayətlənirlər.
Millət vəkili Fazil Mustafa isə toyların iki saat ərzində keçirilməsini təklif edir:
“Toylar iki saat olsun. Adamlar 4 aydır toyunu təxirə salıb. 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar”.
Cebhe.info məsələ ilə bağlı müğənnilər və şadlıq sarayları arasında sorğu keçirib.
Müğənni Cavad Rəcəbov bildirir ki, biz 2 saatlıq toyu İranda görüb:
“Azərbaycanda 50 nəfərlə 2 saatlıq toy necə ola bilər? Heç bunun xərci çıxmır ki. Toy sahibi toylara gedir, pul yazdırır, bəs indi necə etsin? Neçə dəfə toy etsin ki, həmin pulu yığa bilsin? Biz də dayanmışıq, qərarları gözləyirik. Məhərrəmlik ayınadək bütün toylarımız qalıb. 30-a yaxın toy sifarişim var. Dövlətimiz nə qərara gələcək, Allah bilir”.
Müğənni Elvin Mirzəzadə isə qeyd edir ki, toy Azərbaycanın vacib adət-ənənələrindəndir:
“Mən belə başa düşürəm ki, Azərbaycanın biznesinin 40-50 faizini toy biznesi təşkil edir. Toy bizim adət-ənənəmizdir. Azərbaycan toyları ilə gündəmdə qalan ölkələrdən biridir. Biz xarici səfərlərə gedəndə hər dəfə bizdən soruşurlar və danışırlar ki, eşitmişik sizdə gözəl toylar keçirilir. Hazırda karantinlə əlaqədar toyların olmaması normal bir şeydir. Toyların olmaması hansısa bir sənətçinin “acından ölməsi” demək deyil. Müvəqqəti bir çətinlikdir. Amma toyda musiqiçinin az olması, 50 nəfər qonağın olması mənə elə gəlir ki, düzgün bir şey deyil. Çünki toy sahibi istəyir ki, bütün qohum-tanış iştirak etsin. Lakin insanlar buna necə münasibət göstərər, onu deyə bilmərəm”.
“Neptun” şadlıq sarayından verilən açıqlamaya görə, bu, qeyri-mümkündür:
“Toylar qeyd-şərtsiz, kim nə qədər say ilə keçirtmək istəyirsə, elə də keçirilməlidir. Çünki biz nə rus, nə digər qeyri-millətik ki, 10-20, 50 nəfərlə toy keçirək. Bizim mentalitetdə bir insan həyatını övladına həsr edir. İngilislər, yaxud ruslar elə deyil axı. Uşağı 17 yaşından özbaşına buraxırlar. Lakin biz valideyn olaraq ömrümüzü uşaqlarımıza həsr edirik və arzumuz övladlarımızın xoş günlərini görməkdir. İstəyərik ki, bütün dost-tanış, qohum-əqrəba, qonşu bu günə şahid olsun. Bundan əlavə maddi məsələ də var axı. Ömür boyu adam toya gedir, pul yazdırır, indi həmin pulu yığmalıdır, ya yox?!
Bir də məsələyə sahibkarlıq tərəfindən baxaq. Obyekt 50 nəfərə görə bu boyda zalını məşğul etməz. Çünki işıq pulu böyük məbləğlərə gəlib çıxır, ansambla külli miqdarda pul verirsən, işçilərə də onun kimi. 50 nəfərlə bizə necə sərf edər? bu, qeyri-mümkündür”.
“Şuşa” şadlıq sarayından bildirilib ki, bu, tək onların fikirləri ilə olan bir şey deyil:
“Bizim üçün birinci toy sahiblərinin fikirləri önəmlidir və heç kəs buna razı deyil. Çünki camaat illərlə toya gedib, 20-30 il gözləyib ki, övladının toyunu görsün. Belə baxanda, yaxın qohumlar 100-dən az olmur. Oğlan tərəfindən azı 100-150 nəfər olur. Bunların 50-si iş yoldaşıdır, 50-si qonşusudur və s.
Belə bir məsələ də var ki, qız-oğlan toyları çox vaxt bir yerdə keçirilir. Ayrı-ayrı olanda, yəni 100, 150 nəfərlə keçirsək, həm menyuların qiymətində artım olacaq, həm də ansmbla verilən pullar üst-üstə gəlir və istər-istəməz ümumi xərclər çoxalır. Digər tərəfdən toy sahibləri ikiqat ziyana düşür, gəlinin 2 dəfə bəzənməsi, 2 dəfə paltar dəyişməsi, 2 dəfə bəy-gəlin maşını sifariş vermək və s.”.