Axtarış...

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib



Stokholmda "İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, "Scandic Continental” otelində reallaşan tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub.

Qonaqları salamlayan tədbirin təşəbbüskarı, biznesin inkişafı üzrə mütəxəssis Ulrika Nazimson öz fəaliyyəti və bu tədbirin keçirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərdən söz açıb.

"Bu gün biz Azərbaycanı İsveçdə daha da yaxşı tanıtmaq istəyirik və bunun üçün biznes sahəsinin verdiyi imkanlarından istifadə etməyə çalışacağam. Gələcəkdə, bu tədbirin davamı kimi mən iki ölkədən olan iş adamlarının birgə görüşünü də keçirmək istəyirəm”, - deyə Ulrika Nazimson bildirib.

Sonra çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, bu tədbirin baş tutması təşəbbüsünün irəli sürdüyünə və keçirilməsi üçün fəaliyyətinə görə Ulrika Nazimsona təşəkkür edib. Diplomat bildirib ki, bu gün Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi və gözəl təbiəti haqqında daha çox məlumat verməklə və ölkəmizi daha da yaxşı tanıtdırmaqla yanaşı, bura, eyni zamanda, İsveç iş adamlarına Azərbaycan ticarət və investisiya imkanlarını nümayiş etdirmək üçün yaxşı şansdır.

Vaqif Seyidbəyob deyib: "Bu layihə İsveç və Azərbaycan arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək və bir daha Azərbaycan hökumətinin iki ölkə arasında əlaqələrin və tərəfdaşlığın inkişaf etdirməyə marağını nümayiş etdirəcək”.

O bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyi 2008-ci ildə fəaliyyətə başlayıb və ötən 10 ildən çox müddətdə səfırlik ikitərəfli münasibətləri inkişafına töhfə verərək yaxşı dost əlaqələrinin qurulması üçün əlindən gələni edib.

"Bu gün biz bir daha əməkdaşlıq etməyə və birlikdə işləməyə hazır olduğumuzu göstərmək üçün buradayıq. Onu da əlavə etmək istərdim ki, bu tədbirin keçirilməsi üçün Diasporlarla İş üzrə Dövlət Komitəsi yanında Azərbaycan Diasporuna Dəstək Fondu, tərəfindən yaradılan təşkilat xaricdə yaşayan azərbaycanlıları da dəstəkləyir”, - deyə diplomat qeyd edib.

İsveçin Rusiya və MDB ölkələri üzrə Ticarət Palatasının rəhbəri və idarə heyətinin üzvü Hainz Syoqren, keçiriləcək təqdimatın əhəmiyyətini vurğulayaq bildirib ki, Azərbaycanla İsveç arasında olan münasibətlər iki ölkənin potensialını əks etdirmir: "150 il əvvəl ölkələrimiz arasında çox sıx münasibətlər mövcud olmuşdur, hətta Nobel qardaşları öz var-dövlətlərinin böyük hissəsini Azərbaycanda qazanıb. Onların Bakıdakı neft sahəsində işləri o qədər uğurlu olub ki, 1880-cı illərdə onlara çalışanların sayı 15 min nəfərdən çox olub”.

Hainz Syoqren bildirib ki, həmin illərdə Nobel qardaşları İsveçə xas yanaşmanı Bakıda da nümayiş etdirib, çünki onlarla çalışan işçilərin sosial rifahı üçün bir sıra məsələlər həll olunub.

"Təəssüflər olsun ki, biz bir vaxtlar mövcud olmuş bu əlaqələri yaddan çıxartmışıq, ona görə bu kimi tədbirlərin keçirilməsi və davamlı olması çox vacibdir”, - deyə Hainz Syoqren söyləyib.

Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun aparıcı mütəxəssisi Xıdır Kazımov təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ötən il Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Fond, digər ölkələrdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər və ənənələrinin qoruyub saxlanılması habelə, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin güclənməsinə və diaspor sahəsində müxtəlif layihələrin reallaşdırılmasına dövlət dəstəyinin verilməsini təmin edir.

Azərbaycanla İsveç arasındakı əlaqələrə də toxunan X. Kazımov qeyd edib ki, Nobel qardaşlarının ölkəmizdə buraxdığı miras bu gün də qorunur. O bildirib ki, bu qəbildən olan fəaliyyətlər arasında Nobel təqaüdü, Bakı Nobel İrsi Fondu və Nobel qardaşları Muzeyini qeyd etmək olar.

Tədbirin əsas hissəsində biznes inkişafı üzrə mütəxəssis Ulrika Nazimson Azərbaycanla bağlı təqdimat edib. Təqdimatda ölkəmizin tarixi və mədəni aspektləri, iqtisadi inkişafın gələcək modeli haqqında ətraflı məlumat verilməsi ilə yanaşı, İsveç və Azərbaycan arasındakı işgüzar və mədəni əlaqələrin inkişaf etdirmə perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycanın turizm potensiyalı haqqında xüsusi videoların nümayiş olunmasından sonra, ölkəmizin tarixi mədəni müxtəlifliyi haqqında məlumat verilib. Azərbaycanın inkişaf modeli, neft qaz, layihələri ilə bağlı ətraflı məlumatın da yer aldığı təqdimatda respublikanın digər tərəfdaş ölkələrlə əlaqələri haqqından da bəhs olunub.

Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri haqqında da məlumat verən Ulrika Nazimson, hava nəqliyyatının inkişafı, Xəzərin ən böyük limanı olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində görülən işlərdən və İsveç iş adamlarını maraqlandıra biləcək digər layihələr haqqında da məlumat verib.

Telekomunikasiya texnologiyalarının da Azərbaycanda böyük vüsət aldığını diqqətə çatdıran biznes inkişafı üzrə mütəxəssis U. Nazimson, Azərbaycan Milli Aerokosmik Agentliyi tərəfindən müxtəlif peyklərin istifadə edildiyini və bunun Azərbaycanda kosmik sənayenin inkişafı üçün ilk addım olduğunu bildirib.

Azərbaycanda "Volvo”, ABB, "Ericsson”, "Electrolux”, "Oriflame”, "SKF”, "Husqvarna” və "Vsab” kimi İsveç şirkətlərin fəaliyyət göstərdiyini bildirən Ulrika Nazimson bu əlaqələrin daha da inkişaf edə biləcəyini qeyd edib, bəzi sahələrə daha çox diqqətin yetirilməli olduğunu vurğulayıb.

Tədbir əsnasında ingilis dilində nəşr edilmiş "Cry” (Ağı) kitabının təqdimatı da keçirilib. Burada çıxış edən şairə Leyla Bəyim, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü haqqında məlumat verərək münaqişə haqqında həqiqətlərin İsveçdə də yayılmasının vacibliyini bildirib.


Daha çox xəbər

Şərh yaz