Ölkəmizin təhsil müəssisələrində polis əməkdaşlarının iştirak ilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti tədbir paytaxtdakı 12 saylı tam orta məktəbdə Nizami RPİ-nin təşkilatçılğı ilə “Gənclər narkomaniyaya yox deyir” adı altında baş tutub.
DİA.AZ-a DİN-dən verilən məlumatda deyilir ki, Nizami RPİ-nin rəisi, polis polkovniki Ədalət Abbasov davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırıb. Ə.Abbasov qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.
25-ci PŞ-nin rəis müavini, polis baş leytenantı Mətin Qulubəyli narkomaniyaya qarşı mübarizədə təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin birgə fəaliyyətinə böyük ehtiyac olduğunu vurğulayıb, gənclərə bu yolda sağlam düşüncəyə malik olmalarını, çoxlu mütaliə etmələrini tövsiyyə edib.
Daha sonra çıxış edən Nizami RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova bildirib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Fərid Tağıyev, Nizami RPİ Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin inspektoru, polis baş leytenantı Mehdi Seyidov, 40 saylı tam orta məktəbin psixoloqu Əsmər Talıbova və başqaları çıxış ediblər.
Gənclərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzi keçirmələrinin əhəmiyyəti onlara hərtərəfli izah edilib