Bakının işğalçını taqətdən salma taktikası - atəşkəs sonsuzadək uzanmayacaq

Bakının işğalçını taqətdən salma taktikası - atəşkəs sonsuzadək uzanmayacaqİşğalçı Ermənistanın Rusiyadan gözləntisi doğrulmadı. Rəsmi İrəvan ümid edirdi ki, Azərbaycanla sərhəddə öz təxribatı üzündən verdiyi son itkilərə görə həm Moskva, həm də işğalçı ölkənin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Bakını sərt formada qınayan bəyanatlar gələcək, Ermənistanın müdafiəsinə yönələk xəbərdarlıqlar ediləcək. Bunların heç biri olmadı. Yalnız Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinqdə ümumi, 1-2 cümləlik bəyanat verdi ki, bunu da İrəvanın mövqeyinə dəstək saymaq mümkünsüzdür.

“Rusiya Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasına qarşıdır, tərəfləri güc tətbiq etməməyə çağırır”, - deyə Zaxarova bildirib. Rusiya XİN rəsmisi Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasının yolverilməz olduğu qənaətində olduqlarını söyləyib. “Biz Ermənistanla Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq. Bu gərginlik atəşkəs rejiminin davamına dair bu yaxınlardakı razılaşmalara, siyasi çözüm əldə etmək niyyətilə bağlı verilən açıqlamalara ziddir. Biz qarşıdurma tərəflərini təmkinli olmağa, güc tətbiq etməməyə, vəziyyəti sabitləşdirmək istiqamətində addımlar atmağa çağırırıq”, - deyə XİN təmsilçisi əlavə edib.

*****

Göründüyü kimi, hətta erməni sevdalısı kimi tanınan Mariya Zaxarovanın açıqlamasında da Azərbaycanın ünvanına heç bir qınaq yoxdur. Yəni balanslı bir mövqe ortaya qoyulub. Bu da məntiqlidir. Çünki sərhəddə nə baş verdiyini Rusiya da yaxşı bilir. Moskva bu reallığı da bilməmiş deyil ki, sərhəddə erməni hərbçilərinin öldürülməsi səbəb yox, nəticədir. On illərdir davam edən Dağlıq Qarabağ konfliktinin, bitməyən Qarabağ savaşının nəticəsidir. İrəvanda da, Moskvada da artıq anlamalıdırlar ki, bu müharibə yekunlaşmayınca, atəşkəs rejimi böyük sülh anlaşmasına gətirməyincə, “sürünən müharibə” də davam edəcək. Çünki Azərbaycan heç vaxt öz qanuni torpaqlarının işğalı ilə barışmayacaq.

Bu fonda Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın “Marşal Fondu”na verdiyi son müsahibədə Ermənistanı bölgədə “sabitlik adası” adlandırması və sülhə töhfə verdiyini iddia eləməsi , yumşaq desək, absurd görünür. Mnatsakanyan hansı “sabitlik” adasından və “sülhə töhfə”dən danışır ki, onun ölkəsi qonşu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-ni işğal edib və o səbəbə Azərbaycanla müharibə və blokada şəraitindədir, əhalisi ac-yalavac durumda, üsyan-inqilab ovqatındadır, ölkədən kütləvi köç davam edir. Rusiyanın forpostu olan bir ölkə sabitlik adası ola bilərmi? Ermənistan on illərdir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsini qulaqardı edir və bununla beynəlxalq hüquqa hansı münasibətdə olduğunu göstərir. Belə bir təcavüzkar ölkənin XİN başçısının sülhə töhfədən danışması misli görünməmiş erməni riyakarlığıdır.

Bu riyakarlığın bir tərkib hissəsi də guya Qarabağ münaqişəsinin sırf yerli erməni icması ilə Bakı arasında olduğunu iddia eləmək, Ermənistanın konfliktdə iştirakçı olmadığına dünya ictimaiyyətini inandırmağa çalışmaqdır. Ancaq hamı bilir ki, işğal edilmiş ərazilərində dislokasiya olunan məhz Ermənistana məxsus silahlı qüvvələrdir və orada hərbi xidmət keçən, vaxtaşırı gülləyə tuş gəlib ölənlər də yenə müstəsna olaraq, Ermənistanın vətəndaşlarıdır - son olaraq, 2016-cı ildəki “4 günlük” aprel müharibəsi bunu bir daha təsdiqlədi. O sırada hazırda baş nazir Nikol Paşinyanın öz oğlu, Ermənistan vətəndaşı Akop Paşinyan da qanunsuz şəkildə Azərbaycan ərazisində hərbi xidmətini davam etdirir.

Söz düşmüşkən, bu arada Ermənistan parlamenti 2016-cı ildəki aprel hərbi uğursuzluğunun səbəbini araşdırmaq üçün komissiya yaradıb. Komissiya öz işinə sentyabrdan başlayacaq. Bu barədə Paşinyan hökumətinin əsas təbliğat ruporu olan “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, məsələni araşdırmaq üçün komissiya üzvlərinin təcrübə və bilikləri yetərincə deyil. Ona görə də araşdırmalara peşəkar hərbçilər cəlb olunacaqlar (Report). Qəzet yazıb ki, 1992-1995-ci illərdə Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi və müdafiə nazirinin müavini vəzifələrində çalışmış 83 yaşlı Norat Ter-Qriqoryans da dəvətlilər arasındadır. Ancaq o, komissiyanın işində iştirak etmək üçün şərt irəli sürüb: “Komissiya səhv edənləri həbs etmək və ya həbsxanaya atmaq üçün yaradılıbsa, mən bu işə qatılmayacağam. Yoxsa, adamlar savaşa getməz, deyər ki, özünüz gedin. Ancaq araşdırmada məmnuniyyətlə iştirak edərəm”.

Xatırladaq ki, 2016-cı il martın ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən çoxu isə yaralanıb.

*****

Onu da diqqətə çatdıraq ki, Ermənistan parlamentin aprel hərbi uğursuzluğu ilə bağlı yaratdığı komissiyanın qərarı hüquqi qüvvəyə malik olacaq. Ancaq ən önəmlisi odur ki, komissiya faktının özü də Azərbaycan torpaqlarının məhz Ermənistana məxsus silahlı qüvvələr tərəfindən işğal edildiyinə şübhə saxlamır. Məntiqlə konflikt Bakı ilə Xankəndi arasındadırsa, nədən belə bir komissiya separatçı qurumun özündə yaradılmırdı? Sual ritorikdir. Azərbaycanın balaca bir rayonunun əhalisi qədər olan Qarabağ erməniləri uşaqdan böyüyə silahlansa belə, 10 milyonluq əhaliyə və Güney Qafqazda ən güclü orduya malik Azərbaycana qarşı duruş gətirə, ərazimizin 1/5-ni illərdir işğal altında saxlaya bilməz. Bunu dünya da bilir və erməni yalanlarına inanmır.

Odur ki, Ermənistan “daşı ətəyindən töküb” sülhə gəlməyincə, onun həm Qarabağ münaqişəsi zonasında, həm də Azərbaycanla sərhəddə canlı itkiləri davam edəcək. Eyni zamanda, Bakı işğalçını taqətdən salma taktikasını davam etdirəcək - blokada rejimini daha da sərtləşdirməklə, Ermənistanın iqtisadi təcridini gücləndirməklə.

Paralel surətdə, fürsət düşdükcə təbii ki, “sürünən müharibə” taktikası davam edəcək. 2016-cı ilin aprelindəki kimi və ondan da geniş miqyasda. Demək, işğalçı qüvvələr ərazimizdən çıxmayınca İrəvanda hərbi uğursuzluqlarla bağlı yeni-yeni araşdırma komissiyaları da yarna bilər... //musavat.com//
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət