Axtarış...

TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi


46 nəfərdən dəyərindən qat-qat aşağı qiymətə aviabilet təşkil etmək adı ilə xüsusi külli miqdarda pul alan qadının məhkəmə prosesinin istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Mələk Zeynalovanın məhkəməsində zərərçəkən Ağazadə Natəvan İnqilab qızı ifadə verərək bildirib ki, Mələkdən ilk dəfə Dubaya getmək üçün çox ucuz qiymətə bilet aldım, hardasa 1000 manata. Özünü bizə AZAL-ın mühasibi kimi təqdim etmişdi. AZAL-da Nuranə xanım Şəfiyeva vasitəsilə ucuz bilet götürürdü. Biz pulu Nuranə xanımın kartına göndərirdik. Sonra dedi ki, mənə pul verin 2-3 günə qaytaracam, ucuz bilet alıb baha qiymətə satacam. 116 min ümumilikdə pul alıb biznes adı ilə. Üstündə bizə də hörmət edirdi. Anam Sevda ilə mənə hardasa 20 minə yaxın pul qaytarmalıdır".

Qeyd edək ki, Mələk Zeynalovaya faizə pul verdiyini etiraf edən Natəvan Ağazadə TƏBİB-in Koordinasiya Şurasının sədri Mübariz Ağayevin gəlinidir.

Mübariz Ağayev uzun illər Lerik Mərkəzi Rayon Xəstəxanasının baş həkimi işləyib sonra isə TƏBİB-ə yüksək vəzifəyə təyin olunub.

Təqsirləndirilən şəxs Mələk Zeynalova isə Natəvanın Dubaya getmək üçün ona 2500 manat pul verdiyini etiraf etdi: "Sonra da Baliyə yoldaşı ilə birgə getmək üçün tur paket verdim. Natəvan mənə faizə pul verib və kifayət qədər qazancda götürüb. Mənim Natəvan və anasına heç bir verəcəyim yoxdur".

Məhkəmənin növbəti gedişində təqsirləndirilən Mələk Zeynalovanın səs yazılarına qulaq asıldı.

Mələk Zeynalova Şəhla Mustafayeva adlı şəxsin məhkəmədə dindirilməsini istədi: "O da mənə 35 min manat faizə pul verib. Mən 120 min manata təqsirliyəm, cəzamıda çəkəcəm. Şəfiyeva Nuranə Elşad qızı, Şəhla Mustafayeva və Natəvan Ağazadə mənə faizə pul veriblər".

Hakim Aytən Əliyeva məhkəmə istintaqının yekunlaşdığını bildirərək çıxış üçün dövlət ittihamçısı Ergin Qafarova söz verdi. Dövlət ittihamçısı Mələk Zeynalovanın 11 il 6 ay azadlıqdan məhrum edilməsini istədi.

Zərərçəkən Natəvan Ağazadə dövlət ittihamçısı ilə razı olduğunu bildirdi.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün bir ay vaxt istəsə də hakim prosesi 23 dekabr tarixinə kimi təxirə saldı.

Cinayət işinin materiallarına görə, DİN-ə naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib. Dələduzluqda şübhəli bilinən həmin şəxsin yeri DİN-in əməkdaşları tərəfindən müəyyən edilib və o, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 500 min manatdan məbləğində maddi ziyan vurub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz