Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Samirə Quliyeva ifadə verib.
O bildirib ki, bağçaya dayə kimi işə düzəlmək məqsədilə təqsirləndirilən şəxslərə 1200 manat məbləğində pul verib.
S.Quliyeva həmin şəxslərdən hələ də pulunu ala bilmədiyini deyib. O, dəymiş ziyanın ödənilməsini tələb edib.
Daha sonra digər zərərçəkmiş Şəhla Heydərova dindirilib. Onun sözlərinə görə, işə düzəlmək üçün təqsirləndirilən T.Bağırovaya 4 min manat pul verib, lakin hələ də ona dəyən ziyan ödənilməyib.
Təqsirləndirilən A.Əliyeva zərərçəkmişə sual vermək istəyərkən digər təqsirləndirilən Tərlan Bağırova ona mane olub.
T.Bağırova söyləyib ki, zərərçəkmiş Ş.Heydərova pulu A.Əliyevaya verib. A.Əliyeva isə onun dediklərini təkzib edib və zərərçəkmişdən pul almadığını bildirib.
Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Hakim tərəfləri sakitləşdirib, onları iltizama dəvət edib.
Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.
İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.