Axtarış...

"Azpulmat"dan pul götürənlərin NƏZƏRİNƏ: - Onları məhkəməyə verə bilərsiniz


Son dövrlərdə “Manato” və “Azpulmat” kimi onlayn borc verən platformalar yaranıb. Lakin bu platformaların bank sistemi ilə fərqləri çoxdur. Sözügedən tətbiqlərdən borc götürərkən onlayn müqavilə imzalanır və həmçinin şəxsin telefonunda olan bütün kontaktlara səlahiyyət qazanılır.
Neyron ADS
Banklardan kredit götürərkən onlar yalnız ailə üzvləri və ya qohumlara zəng edir. Amma bu tip platformalar şəxsin kontaktında kim varsa, hamısına yığırlar. Zəng edilən şəxsin sizin müəlliminiz, iş yoldaşınız, qonşunuz və s. Olmasının heç bir fərqi yoxdur. Əgər həmin insan sizin kontaktınızda varsa, ona zəng gedə bilər. Əlaqə nömrələri təsadüfən seçilir. Bu proses təbii ki, insanları xeyli narahat edir.

Bəs, bu tip platformaların buna səlahiyyəti varmı? Proses hüquqi yolla necə tənzimlənməlidir?

Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, bu platformalar onlayn qaydada işləyir:

“Bir çox hallarda vətəndaşlarımız son dərəcə tələskənlikdən dolayı, eyni zamanda, pulu tez əldə etmək istəyi olduğuna görə, müqaviləni oxumadan bir başa şərtləri qəbul edir. Beləliklə, müqavilə imzalanır. Mülki Məcəllənin tələblərinə uyğun olaraq, müqavilə tərəflərin iradə sərbəstliyidir. Nəticə etibarilə, bu iradə sərbəstliyi əsasında imzalanmış bütün müqavilələr razılıq əsasında imzalanmış sayılır. Kontaktdakı insanlara zəng etmək məsələsinə gəldikdə isə, bu qanun pozuntusudur, hüquqlara qarşı hörmətsizlikdir. Belə ki, istər həmin müqavilə üzrə tərəflərin bir-birinin qarşısında götürdüyü konfidensiallıq öhdəliyi olsun, istərsə də Mülki Məcəllənin tələblərinə uyğun şəkildə tərəflərin bir-birinin sirrinə hörmət hüququ olsun, bu addım düzgün deyil”.

R. Süleymanov həmçinin bildirib ki, “Manato”, “Azpulmat” və bu qəbildə olan təşkilatların fəaliyyətində bank sirri müddəaları qüvvəyə minmiş sayılır və onlar da həmin sirri qorumaq öhdəliyi daşıyır:

“Tərəflərin arasında bağlanmış müqavilə öhdəliklərində borclu şəxs hardan necə pul götürməsi ilə bağlı məlumatların konfidensiallığını tələb edir, qanunvericiliklə də edə bilər. Həmçinin müqavilə münasibətlərində bu, öhdəlik kimi həmin təşkilatların üzərinə qoyulmuş bir vəzifədir. Çox rahat şəkildə həmin təşkilatları maliyyə sirrinin pozulmasını əsas gətirməklə məhkəməyə vermək mümkündür. Vətəndaşlar həmin platformalardan vurulmuş maddi və mənəvi zərəri tələb edə bilər. Hesab edirəm ki, bu sahədə kütləvi şikayətlər və məhkəməyə verilmə halları artsa, nəticədə sözügedən təşkilatlar da qanunsuz əməllərdən çəkinəcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz