Axtarış...

Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti: qatarların “dalınca baxa-baxa” qalmışıq...


Məşhur mahnıda deyildiyi kimi: “O qatarın dalınca baxma...”. Günümüzün reallığında bu mümkün deyil, çünki “Azərbaycan Dəmir Yolları” QSC-nin, hətta birbaşa Rövşən Rüstəmovun “möhtəşəm fəaliyyəti” sərnişinləri qatarların arxasınca “baxmağa” məcbur etməkdən ibarətdir. Elə bir həftə, yaxud ay olmasın ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatarların xarab olduğu, ya relsdən çıxdığı, ya yolda qaldığı, yaxud gecikdiyi və ya vaxtından tez çıxdığı xəbərləri yayılmasın.

Yəni sözün gerçək mənasında qatarların “dalınca baxa-baxa” qalmışıq.

- Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı yolda qaldı.

- Ağstafadan Bakıya gələn qatar 2 saat gecikdi.

- Bakı-Pirşağı qatarı xarab oldu.

- Rusiyadan Azərbaycana inşaat materialları daşıyan qatar Siyəzən rayonunun Zarat stansiyasında relsdən çıxdı.

- Bakı-Gəncə qatarı xarab oldu, insanlar piyada gəlir.

Belə xəbərlər mediada saysız-hesabsızdır və demək olar ki, hər həftə, ən yaxşı halda hər ay belə məlumatlar yayılır. Halbuki, cəmi iki il öncəyə qədər belə xəbərlərə nadir hallarda rast gəlmək olardı, çünki qatarların fəaliyyətində nasazlıq nadir hallarda baş verirdi. Məhz 2022-ci ildən – Rövşən Rüstəmovun “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik etməyə başlamasından sonra neqativlər hər keçən gün daha da artmağa başladı. Rövşən Rüstəmov QSC-yə 2022-ci ilin oktyabrında rəhbər təyin olunub, 2023-cü ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC haqqında yayılan xəbərlərin əksəriyyəti ya qatarların xarab olması, ya relsdən çıxması, ya gecikməsi, yaxud müxtəlif maxinasiyaların baş verməsi barədədir.

Sual yaranır: niyə belə acınacaqlı vəziyyət yaranıb?

Bu sualın yeganə cavabı məhz Rövşən Rüstəmovun yarıtmaz fəaliyyətidir. Halbuki, Azərbaycanın dəmir yolu infrastrukturu Cənubi Qafqazda yüksək keyfiyyəti və əlverişliliyi ilə seçilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yenidən qurulan dəmir yolu infrastrukturumuz Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.
Təsadüfi deyil ki, Azərbaycan qlobal nəqliyyat şəbəkələrinin açar ölkəsidir və bu məsələdə dəmir yolu infrastrukturumuzun böyük rolu olub. Axı dəyişən heç nə yoxdur. Yol həmin yoldur, dövlətin “Azərbaycan Dəmir Yolları” QSC-yə dəstəyi, ümumiyyətlə, dərmir yolu daşımalarına diqqəti azalmayıb, əksinə daha da artıb. Yeganə dəyişən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir. Rövşən Rüstəmovun gəlişindən sonra Azərbaycanın dəmir yolları sahəsi ciddi geriləmə yaşayır, həm sərnişin, həm yük daşımalarında acınacaqlı vəziyyət davam edir.
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-yə olan inam da, etibar da sıfırlanır. Gecikən, yolda qalan, yaxud xarab olan qatarlardan bezən vətəndaşlar baha olsa belə avtomobil və təyyarə nəqliyyatına üstünlük verirlər. Yükdaşma sahəsində də analoji vəziyyət hökm sürür. Təsadüfi deyil ki, dəmir yolları ilə yükdaşınmanın payı hər il aşağı düşür.
Problem nə ölkənin dəmir yolu infrastrukturunda, nə qatarlarda, nə da bu sahənin peşəkar kadrlarındadır. Problem birbaşa Rövşən Rüstəmovdadır. Bu sahəyə yad olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri faktiki olaraq məsul olduğu sahəni idarə edə bilmir, zərəri də vətəndaşlarımız və dövlətimiz çəkir.(demokrat.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz