Axtarış...

"Xəstəxananın direktoru dedi ki, siz müxalifətsiniz, bura başqa şeyə görə gəlmisiniz" – BƏRDƏ SAKİNİNƏ TİBBİ YARDIM GÖSTƏRİLMƏYİB


"21.08.2024 -cü il tarixində qəfil halım pisləşdi, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yaxınlaşıb qeydiyyatdan keçib, növbə aldım. Birinci növbə mənim idi, 40 dəqiqə cərrah Elnurə Əliyevanı gözlədim. TƏBİB-in “qaynar xətti”nə zəng edib şikayəti bildirdikdən sonra Elnurə Əliyeva gəlib məni yoxladı və dedi ki,Otorinolarinqoloqa müraciət edin. Otorinolarinqoloqun isə limiti bitmişdi, mənim ağrılarım isə çox idi...".

Hurriyyet.az xəbər verir ki, bunu Bərdə sakini Vüsal Hümbətzadə saytımıza bildirib.

O, daha sonra yazır: "Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət etdim. Amma təcili təxirəsalınmaz tibbi yardım stansiyasından mənə lazımı xidmət göstərilmədi. TƏBİB-in “qaynar xətti”nə zəng edib bu barədə şikayətimi bildirəndə həmin xəstəxananın mühafizəçisi mənə qulaq asırmış. O, yaxınlaşıb mənə dedi ki, direktor indi gəldi, maşından düşəcək, istəyirsinizsə şikayətinizi direktora bildirin. Mən də yaxınlaşıb direktor Vüsal müəllimə dedim ki, boğulma, boğazda və başda ciddi ağrılarım var... Mənə cavab olaraq dedi ki, beyninizə qan sızma olsa acildən həkimlər müdaxilə edəcək. Mən də qayıdıb dedim ki, gərək beynimə qan sızsın, sonra müdaxilə edəsiniz? Qayıdıb mənə bildirdi ki, biz ancaq təcili təxirəsalınmaz tibbi yardım stansiyasında növbəsiz olaraq qazilərə xidmət edirik. Siz başqa şeyə görə bura gəlmisiniz, müxalifətsiniz.

Mənim ağrılarım çox idi, mən əsəbi ola bilərdim, amma bir Azərbaycan Respublikası vətəndaşına hansısa xəstəxananın direktorunun "siz başqa şeyə görə bura gəlmisiniz, müxalifətsiniz" deməsi düzgün deyil. Mən Yeni Azərbaycan partiyasının üzvüyəm. Cənab Prezident son zamanlar bir-birinin ardınca etdiyi müxtəlif çıxışlarda əsas diqqəti əhalinin incidilməməsinin üzərinə çəkib. Amma görünən odur ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasını direktoru Vüsal Məmmədov bir vətəndaşın incidilməsinə səbəb oldu.

TƏBƏB isə məsələni ört-basdır edib, mənə başqa cavab göndərdi. Vüsal Məmmədov kimin adamıdır ki, İlham Hüseynov onu müdafiə edir?! Vüsal Məmmədov Bərdə Rayon Mərkəzi Xəstəxanasını “özəlləşdirib”, özünü də oranın xanı elan edib. Vüsal Məmmədovun arxasında kim dayanır, onu bilmirəm, yəqin onlara güvənərək belə qoçuluq edir”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz