“İKTA və Antiinhisar-ın diqqətinə! Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir”.
Dia-az.İnfo xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib:
“Aztelekom tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur.
Həmçinin, bu vətəndaşlara bildirilir ki, aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar.
Normalda isə, modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır .
Xatırladıram ki, Aztelekom dövlət şirkəti son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra, Huawei şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim etməklə, minimal 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıblar.
İndi isə, 15 avqust tarixdən başlayaraq Aztelekom minimal tarifləri 25 manata (100Mbit/s) qaldırıb.
Bundan sonra, bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla "şərikli internet" seçimi etmələri haqqında sosial mediada məlumatlar açıqlanıb.
Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti Aztelekom təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb”.