Tanınmış akademikin — Ulu Öndərin kicik qardaşı Aqil Əliyevin ölümündən sonra, onun yaratdığı və baş ofisi paytaxt Bakının ən görməli yerlərindən birində, Həsən Əliyev küçəsi ilə, Tbilisi prospektinin kəsişməsində yerləşən, fəaliyyətə başladığı gündən ölkə iqtisadiyyatının tərəqqisinə töhvələr verən “Riyad” Şirkətlər Qrupunun adıyla min oyundan çıxanlar, min cür fırıldağa əl atanlar oldu. Ölkə mətbuatı da, bu həqiqəti heç kimə sirr olaraq saxlamadı.
Bu barədə daha çox yazan isə, “Araz” Media Qrupunun tərkibindəki media vasitələri oldu. Deyilənlərin təsdiqi kimi, yalnız araz.az xəbər portalında getmiş yazılara baxmaq bəs edər. Həmin yazılarda qəti şəkildə qeyd edilib ki, mərhum akademikin rəhbərliyi dövründə bu geniş biznes şəbəkəsinin adını eşitməyən tapılmadığı üçün, burada hansısa qanunsuz, özbaşına və hegemonçuluq xarakterli əməllər törədilməsinə yol verilməyib. Onun bazasında birləşən «Riyad Renta», «Riyad Farm», «Azər Rabitə İnşaat», “Riyad Mühafizə”, «Azinteroil», “Klassik”, «Vicdan — 1»… adlı özəl müəssisələrin yarandıqları gündən, gördükləri hamıya məlum seçilən işləri nümunə olaraq göstərilib.
Deyilənlərə baxmayaraq, qurucusu rəhmətə gedəndən sonra, qazanılan yüksək nüfuzdan sui-istifadə edənlər “Riyad” adı altında müxtəlif səpkili cinayət əməlləri törətməkdən çəkinməyib, istədiklərini qorxmadan ediblər. Onlardan birinin də, bir zamanlar Aqil Əliyevin özünün rəğbət bəsləmədiyi, lakin yanında özünə birtəhər sığınacaq tapan, ölümündən sonra isə, qurduğu iyrənc planları müqabilində “Riyad” adlı nüfuz sahibinin rəhbəri vəzifəsini belə ələ keçirməyi bacaran fitnəkar İlham Məmmədovun olduğu heç kəsə sirr deyil. Bu işin diqqət çəkən tərəflərindən biri isə budur ki, o, bu vəzifəni ələ keçirən gündən Əliyevlərə məxsus bütün əmlakları ələ keçirməkdə çox israrlıdır. Hər yerdə də, bütün bunları, guya, öz şəxsi investisiyası hesabına yaratdığını açıq şəkildə, nümayişkaranə tərzdə deməkdən çəkinmir.
Onun “cinayət dosyesində” isə, əzab-əziyyətli adam oğurluğu, hədə-qorxu yoluyla külli miqdarda pul tələb etmə, əmlak müsadirəsi… ilə bağlı ən qatı cinayətlərə belə rast gəlinir. Əlimizdə deyilənlərin sübutu olan faktlar çox olduğundan, bu barədə çox yazmışıq. Yazdıqlarımız, hətta onun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən sensasiyalı həbsi ilə öz təsdiqini tapıb. Aylar sonra azadlığa çıxsa da, barəsində davam etdirilən bilərəkdən yalan xəbərçilik etmə ittihamı ilə bağlı başlanan istintaq işi indiyədək açıq qalıb və çoxlarının narazılığına səbəb olub. Elə, buna görə də, mütəşəkkil dəstə təşkilatçısı və başçısı olaraq, onun bu və kimi xeyli sayda digər bağışlanmaz cinayətləri barədə əlimizdə hazır olan dərin araşdırma yazılarını yaxın vaxtlarda araz.az-da dərc etməyi planlaşdırırıq.
Bu yazımızda isə, İlham Məmmədovun törətdiyi digər bir cinayətlə bağlı əldə etdiyimiz Bakı Şəhər Prokurorluğundakı Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri Asif Şıxəliyev tərəfindən bu ilin may ayının 25-ində Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevin, surəti isə Bakı şəhəri, 6-ci mikrorayon, A. Manafov küçəsi, 16 unvanında yaşayan Həsən Şərifovun adlarına ünvanlanan rəsmi göndəriş məktubunu dəyərli oxucularımizin diqqətinə çatdırmaq istəyirik:
“Hörmətli Həsən müəllim!
Vəkil Məmmədov Surət Məşi oğlunun hüquqlarını müdafiə etdiyi Şərifov Həsən Tərlan oğlundan İlham Məmmədov tərəfindən hədə-qorxu yolu ilə pul tələb edilmasi xüsusatı üzrə, Nəsimi RPİ-də qevri-obyektiv araşdırma aparılmasına dair müraciətə baxılması üçün aidiyyatı üzrə Sizə göndərilir. Müraciətdə göstərilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılaraq, müvafiq tədbirlər görülməsini, nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsini, tərtib edilmiş ətraflı arayışın 10.06.2024-cü il tarixədək Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna göndərilməsini təmin etməyinizi xahiş edirəm!”, — deyə, həmin məktubda iddia olunur.
Bu da, İlham Məmmədovun qatı cinayətkar olduğunu sübut edən daha bir fakt. Onun şok yaradan digər cinayətləri barəsində ətraflı yazılarımızı isə, yaxın vaxtlarda oxuya biləcəksiniz.
araz.az