Axtarış...

Samuxda sakinlərin TORPAQ QALMAQALI - NARAZILIQ VAR...

Samuxda sakinlərin TORPAQ QALMAQALI - NARAZILIQ VAR...

Samuxun Sərkar kənd sakinləri Meydan TV-yə danışırlar ki, bir neçə il əvvəl bələdiyyə sədri onları torpaq alqı-satqısında aldadıb.

İddialarına görə, bu yaxınlarda üzə çıxıb ki, vaxtilə aldıqları 20 sot torpaq sahəsinin 8 sotu çıxarışla başqasına məxsus imiş.

“Torpaq alqı-satqısında saxtakarlığa yol verilib”

Bu barədə torpaq sahəsinin ilk alıcısı olduğunu iddia edən kənd sakini Asim Quliyev danışır:

“10 il əvvəl bələdiyyə sədri Şəmistan Yusifov məni aldadıb, satdığı torpağa elə sənəd verib ki, torpağın bir hissəsi gedib başqasının ünvanına çıxır. Mən o torpağı bələdiyyə sənədi ilə elə o vaxtlar başqasına, başqası da bir başqasına satıb. Torpağı alan sonuncu şəxs indi onu öz adına keçirmək istəyir, məlum olur ki, vaxtilə torpaq alqı-satqısında bələdiyyə saxtakatlığa yol verib. İndi də əməlini boynuna almaq istəmir. Gah deyir ki, mən sənə torpaq satmamışam, gah da deyir ki, mən sənə 12 sot torpaq satmışam. Halbuki sənəd üzərində 20 sot torpaq göstərilib, məndən də 20 sot torpağın pulu alınıb”.

“Bələdiyyə sənədi ilə alıb, başqasına satmışam”

Asim Quliyevdən torpaq sahəsini alan İsa Rəhimov olub. Onun sözlərinə görə, həmkəndlisindən aldığı torpaq sahəsindən istifadə etməyib. Ona görə də sənəd üzərindəki torpaq sahəsinin bir hissəsinin başqa əraziyə düşməsindən də xəbəri olmayıb:

“2015-ci ildən Asim Quliyevdən torpağı bələdiyyə sənədi ilə almışam. Bu yaxınlarda həmkəndlim Əli Abbasova satmışam. İndi Əli Abbasov deyir ki, torpaq sənəddə 20 sot göstərilsə də, realda 12 sotdur. Öz adına keçirib sənəd almaq istəyir. Gəlib ölçürlər, deyirlər ki, 8 sot əskik gəlir. Sənədlə torpağın qalan hissəsi Əməkdar adlı kişinin sahəsinə düşür, gedib baxmışıq, kişinin dədə-baba torpağıdır, Çıxarışı da var”.

Bələdiyyə deyir ki, problemin həlli məhkəmədədir

Torpaq sahəsinin sonuncu alıcısı Əli Abbasov da Meydan TV-yə deyib ki, problemdən çıxarış almaq istəyəndə xəbər tutub:

“Sənəddə 20 sot yazılsa da, realda 12 sotdur. Bələdiyyədən bildirdilər ki, torpağın qalan hissəsi kəndin başqa hissəsində yerləşir. Həmin hissəyə baxış keçiriləndə də məlum oldu ki, ora başqasının sənədli yeridir, adam torpağın üzərində 8 otaqlı ev tikib, həyətyanı sahəsində təsərrüfat yaradıb”.

Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifovsa iddiaları qəbul etmir. Deyir ki, bələdiyyə torpaq satmır və bu məsələlərin ona aidiyyəti yoxdur:

“Onun aldığı torpaq sahəsinin 8 sotu başqa ərazidə yerləşir. O torpağın alqı-satqsında bələdiyyə iştirak etməyib, iştirak etsə də bələdiyyənin alqı-satqı etməyə qanunla səlahiyyəti yoxdur. Onlara verilən şəhadətnamə, hansı ki, saxta olduğunu iddia edirlər, həmin şəhadətnamə Dövlət Torpaq Komitəsi tərəfindən verilib”.

Bələdiyyə sədri problemin həllini məhkəmədə görür.

2007-ci ilin oktyabrında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Qanuna dəyişiklik edilib, bununla da bələdiyyələr sərəncamlarındakı torpaqları satmaq hüququndan məhrum olunub.

Ancaq son 17 il ərzində onlarla bələdiyyə sədri alqı-satqı tarixini saxtalaşdırmaqla (alqı-satqı tarixini qanundakı dəyişiklikdən əvvəlki vaxta qeyd etməklə) torpaq alqı-satqısı etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub, həbs edilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz