“Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlərin bir neçəsinin vəkili Aslan İsmayılov vəsatətlə çıxış edib.
Vəkil Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin dindirilməsini istəyib. Vəkilin sözlərinə görə, işdəki sənəd-sübutlar və səsyazıları da göstərir ki, Səttar Möhbalıyev dövlətin malını - stadionları öz mülkü kimi satıb: "Çox təəssüf edirəm ki, prokurorluq bu sübutlara göz yumdu, onu çağırıb dindirmədi. Bir ildir burada da eyni məsələni qaldırırıq, araşdırılmasını istəyirik".
Deputatın adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir. Stadionun ərazisini satmaq adıyla dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov iki ilə yaxındır həbsdədir.
İddia olunur ki, onlar bina tikintisiylə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi, 900 min manat pul alınıb.
Nadir Əliyev özünü təqsirli bilmir. O, iddia edir ki, sahibkarları Alik Həsənov aldadıb, onun isə yaşananlardan xəbəri olmayıb.
Alik Həsənov isə əksinə, bu işdə özünün sadəcə, icraçı, vasitəçi olduğunu bildirir. Onun sözlərinə görə, stadionun direktoru olsa da, rəhbər kimi, Nadir Əliyevdən asılı idi, onun göstərişlərini yerinə yetirirdi.
Zərərçəkmiş sahibkarlar da məhkəmədə bildiriblər ki, onlar AlikHəsənovla yanaşı, Nadir Əliyevlə də danışıqlar aparıblar. Yəni onun baş verənlərdən xəbərsiz olması haqda iddiaları doğru deyil.
Məhkəmədə Nadir Əliyevə məxsus olduğu iddia edilən səs yazısı da dinlənilib. Orada danışan şəxs baş verənlərə görə deputatı ittiham edir.
Nadir Əliyev həmin səsyazısının ona məxsus olduğunu təsdiqləsə də, səslənən fikirləri qəbul eləmir.
Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Aslan İsmayılov deyib ki, Nadir Əliyev məhkəmədə fərqli taktika seçib, bu üzdən deputatın adını çəkmir: “Görünür, söz veriblər ki, “ad çəkmə, səni çıxaracağıq”. Ona görə də Nadir Əliyev əvvəlki ifadəsindən də, dediklərindən də imtina edir. Nadir Əliyev necə davranırsa davransın, həqiqəti ortaya çıxarmaq məhkəmənin borcudur. Gəncədəki, Göygöldəki stadionlar dədə malı kimi necə satılıb?”.
Zərərçəkmişlər də, təqsirləndirilən şəxslərdən Alik Həsənov da deputat Səttar Möhbalıyevin çağrılıb dindirilməsi barədə vəsatətin təmin olunmasını istəyib. Amma Nadir Əliyev bunun əleyhinə olub.
Hakimlər deputatla bağlı vəsatəti təmin etməyiblər. Onun adı çəkilən səsyazısına gəlincə, məhkəmə onu qəbul edib və iş materiallarına əlavə olunub. Lakin onun sübut kimi dəyərləndirilməsi məsələsinə sonda hökm çıxarılanda qərar veriləcəyi bildirilib.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.
Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.
İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.